Məhkəmə qərarları › İş №e-2(3-6)-2572/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2572/2026

21.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2572/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 300 000 (üç yüz min) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəsini almış və ##.##.2023-cü il tarixdə icraya yönəldilmişdir.

3. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin ##.##.2023-cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış, borclu Cavabdeh icranın könüllü olaraq təmin edilməsi üçün 10 gün vaxt verilmişdir.

4. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin ##.##.2025-ci il tarixli arayışında aşağıdakılar göstərilmişdir: “Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 300 000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Bununla əlaqədar Sabunçu rayon icra şöbəsində icra sənədi üzrə ##.##.2023-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmiş, tərəflərə və məhkəməyə məlumat verilmişdir. Həmçinin, ##.##.2023-cü il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. Tələb könüllü icra və sonrakı dövrdə ödənilmədiyinə görə, eləcə də çağırışlara gəlmədiyinə görə ##.##.2023-cü il, ##.##.2024cü il, ##.##.2024-cü il tarixlərdə (055)-445-48-78 nömrəsinə çağırış barədə “sms bildiriş” göndərilmişdir. Həmçinin, ##.##.2023-cü il tarixdə borcun ödənilməsi barədə xəbərdarlığı şəxsən qəbul etmiş, ##.##.2024-cü il tarixdə isə xəbədarlıq onun qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. “Elektron icra” informasiya sistemi vasitəsi ilə borcluya məxsus tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmiş, iş yeri müəyyən edilməmiş, adına aktiv VÖEN olduğu (fəaliyyət istiqaməti ixtisaslaşdırılmış əzcaçılıq mallarının pərakəndə satışı), lakin hal-hazırda fəaliyyətini dayandırdığı məlum olmuşdur. Sabunçu Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə borclunun şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Borclu yenidən ##.##.2024-cü il tarixdə şöbəyə çağırılmış, izahatı alınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Sabunçu Rayon Məhkəməsinin 3(008)- ****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı etməkdə təqsirli bilinirək 500 manat məbləğində cərimə edilmişdir. Barəsində tətbiq edilmiş 500 manat məbləğində cərimənin ödənməsi ##.##.2024-cü il tarixdə təmin edilmişdir. İcraat zamanı borclunun pensiya alması müəyyən edilərək tələb onun gəlirinə yönəldilmiş, ##.##.2023-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, 03.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü, ##.##.2024-cü il tarixlərdə inkasso sərəncamı tətbiq edilərək tələbkarın hesabına müxtəlif məbləğdə pul köçürülmüş, ##.##.2024-cü ildə 500 manat, ##.##.2025-ci ildə 400 manat, ##.##.2025-ci ildə 200 manat, ##.##.2025-ci ildə 200 manat, ##.##.2025-ci ildə pul vəsaiti borclu tərəfindən tələbkara məxsus hesaba köçürülmüş, icraat zamanı isə ümumilikdə cəmi 3658,54 manat pul tələbkarın xeyrinə ödənilmişdir. Borclunun qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşamadığı məlum olmuş və bu səbəbdən borclunun yaşayış yerinə baxış keçirmək mümkün olmamışdır. Məhkəmə qərarını qərəzli olaraq icra etmədiyinə görə borclu cinayət məsuliyyətinə cəlb olunacağı barədə ##.##.2024-cü il tarixli xəbərdarlığı qəbul etmişdir. Borclu yenidən şöbəyə çağırılaraq izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib olnaraq məhkəməyə göndəriş, lakin Sabunçu Rayon Məhkəməsinin *(***)-****/*** saylı ##.##.2024- cü il tarixli qərarı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı həmin gün, yəni ##.##.2024-cü il tarixdə borclunun icra sənədində yaşayış yeri kimi qeyd olunan digər ünvanına baxış keçirilmiş, əmlakları siyahıya alınmış, foto şəkillər çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Həmçinin, ##.##.2024-cü il tarixdə əmlakların üzərinə həbs qoyulması barədə təqdimat baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə təqdimat geri qaytarılmışdır. Lakin icra məmurunun ##.##.2025-ci il tarixli qərarı ilə borclunun siyahıya alınmış əmlakı üzərinə həbs qoyularaq qiymətləndirilməsi üçün “xxxx" MMCə müraciət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə borclunun qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarının icrası nəzarətdə saxlanılır və icrası istiqamətində tədbirlər davam etdirilir.”

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin 300 000 ABŞ dolları məbləğində tanınmış borcuna görə, ##.##.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamənin icra olunduğu tarixdən (##.##.2022) başlayaraq borcun tam ödənildiyi günədək, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi (illik 5%) əsasında hesablanmış gecikmə faizini ödəməsi öhdəliyinin olduğunun rəsmi şəkildə tanınması və müəyyən edilmiş faiz məbləğinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin qətimənası ilə cavabdeh Cavabdeh Nərcə oğlunun ona 300.000 ABŞ dolları borc öhdəliyi təsdiq edilmişdir. Qətnamənin qanuni qüvvəyə minməsindən (##.##.2022) bu günə qədər keçən 4 illik müddətdə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən qətnamənin icrasından qaçınmaq məqsədi ilə qərəzli hərəkətlərə yol verilmiş, o cümlədən, məcburi icra vərəqinin icrasına qarşı bilərəkdən maneə yaradılmışdır. Belə ki, ödəniş qabiliyyətini gizlətmək məqsədilə əmlakın gizlədilməsi və ya başqa şəxslərə köçürülməsi kimi hərəkətlərə yol verilmişdir. Tələb olunan indeksasiya məbləği (5%illik bank uçot dərəcəsi ilə): İllik faiz: 5% Ümumi gecikmə müddəti: 4 il, İndeksasiya məbləği = 300.000 ABŞ dolları* 5% * 4 = 60 000 ABŞ dolları təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli icra vərəqəsi ilə, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi ev 12, m. ** saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bu fakt onun maddi vəsaitləri saxta yollarla əldə etmək və ya gizlətmək cəhdlərini, habelə borc öhdəliklərindən qaçmaq üçün əmlakını qeyri-qanuni şəkildə özgəninkiləşdirmə niyyətini sübut edir. Borclu Cavabdeh, borc öhdəliklərindən qaçmaq və əmlakını qorumaq məqsədilə qərəzli şəkildə nigah saxtakarlığına yol vermiş, yalançı boşanma əməliyyatları ilə mülki vəziyyətini manipulyasiya etmişdir. Bu cür hərəkətlər onun qanuni öhdəliklərdən qaçmaq üçün sistematik şəkildə saxta sənəd və prosedurlardan istifadə etdiyini, habelə məhkəmə və dövlət orqanları qarşısında qərəzli və etibarsız mövqe tutduğunu aydın şəkildə nümayiş etdirir.

7. Cavabdeh iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə ondan 300 000 (üç yüz min) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb İddiaçı Aga oğluna ödənilməsi qət edilmişdir. Qətnamədən tərəfindən apellyasıya və kassasıya şikayəti verilmiş, AR Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. ##.##.2023-cii il tarixdə icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya İdarəsinə göndərilmişdir Bundan sonra qanunun tələbinə uyğun olaraq könüllü icra müddəti verilmiş, ondan sonra isə bu vəsaiti ödəməyə maddi durumu imkan vermədiyi üçün yeganə gəliri olan pensiyaya tutma yönəldilmişdir. Tələbkarın İcra və Probasiya Şöbəsinə çoxsaylı şikayətləri və təzyiqlərindən protokol tərtib edilərək məhkəməyə verilmiş, ilk dəfə 500 manat cərimə olunmuşdur. Bundan sonra təkrarən ikinci dəfə barəsində protokol tərtib edilərək məhkəməyə verilmiş, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli qərarı ilə İXM-nın 528.1-1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərkib yaranmadığı üçün IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qətnamənin qanuni qüvvəyə minməsindən (##.##.2023-cü il) keçən müddətdə borclu kimi pensiya kapitalından 4858,54 azn məbləğində pul ödənilmişdir, iddiaçının irəli sürdüyü hallar həqiqəti əks etdirmir. O ki, qaldı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 12, mənzil 48-ə, Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(008)-600/2022 №i qətnaməsi çıxarılanadək həmin mənzil keçmiş yoldaşı X1 mülkiyyətinə keçmişdir. İddiaçı borc tələbinə dair iş məhkəmənin icraatında olarkən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 12-də yerləşən ** saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ləğv edilmiş, ərizə qismən təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 12-də yerləşən ** saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Eldarova Elnarənin mənzilin satışına qadağa qoyulmasından məlumatı olmamış, məlumat aldıqdan sonra isə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə sözügedən mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsini xahiş etmiş, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ərizəsi təmin edilmişdir. Bildiyi qədəri ilə Elnarə Eldarova da sonradan həmin mənzili satmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il taıixli qətnaməsi ilə guya iddiaçıya borclu olduğu məbləği ona ödəmiş olmağına baxmayaraq (Eldarova Elnarənin anası mənzilinin satıb həmin borcun ödənilməsi üçün vermişdir) bunu sübut edə bilməməyi nəticəsində ailəsində də söz söhbət düşmüş, nəticədə X1 ilə ayrılmış və nikahı rəsmi qaydada pozulmuşdur. İddiaçının iddia etdiyi kimi hər hansı saxta boşanma məsələsi yoxdur, nikahın pozulması da rəsmi qaydada qeydiyyatdan keçmişdir. O ki qaldı, “qətnamənin icra olunduğu - ##.##.2022-ci il tarixdən başlayaraq borcun tam ödənildiyi günədək gecikmə faizinin hesablanması” tələbi ilə razılaşmır. Çünki qətnamə qanunun tələblərinə uyğun olaraq ##.##.2023cü il tarixdə icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya İdarəsinə göndərilmişdir. Həmin vaxtdan etibarən pensiyaya tutulma yönəldilmişdir. Qanunvericiliyn tələbinə əsasən, yəni ki, iddiaçının pul vəsaitinin qanunsuz olaraq özündə saxlamağı kimi hesab edilə bilməz.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, bu vaxtadək cavabdeh tərəfindən ona olan borcundan cəmi 5200 manat məbləğində ödəniş olunmuşdur.

9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş Bakı Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsi Səbirə Məmmədova izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli icra vərəqəsi onun icraatında olmuş, icra vərəqəsi tam şəkildə icra edilməmiş, hazırki dövrədək borclu tərəfindən 5200 manat ödəniş həyata keçirilmişdir, hər ay borclunun pensiyasından icra vərəqəsi üzrə 200 manat tutulur.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir.

11. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin icrasının gecikdirilməsi ilə bağlı ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək illik 5 faiz olan 31 250 (otuz bir min iki yüz əlli) ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

İcra vərəqəsi üzrə tələb edilən məbləğ borclu tərəfindən bugünədək tam şəkildə icra edilməmişdir. Sözügedən halı cavabdeh öz etiraz ərizəsində də etiraf etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək sözügedən qətnamənin icra olunduğu tarixdən başlayaraq tam şəkildə icra olunanadək əsas borca illik 5 faizin ödənlməsini məhkəmədən xahiş edir.

İddiaçı sözügedən qətnamənin qanuni qüvvəyə minərək icra olunduğu tarixdən başlanmaqla 5 faiz pulun hesablanmasını xahiş etsə də, məhkəməyə təqdim edilən icra işinin matrallarından görünür ki, sözügedən qətnamə ##.##.2023-cü il tarixdə icraya yönəlsə də, tələbin könüllü icrasına dair bildiriş borcluya ##.##.2023-cü il tarixdə göndərilmişdir. Beləliklə könüllü icra müddəti 2023-cü ilin noyabr ayının 9-dan sonra bitmiş hesab edilməli və məhz bu tarixdən sonra cavabdehə qətnamə ilə tutulan pulun ödənməməsinə görə illik 5 faiz hesablanmalıdır. Bundan sonra iddiaçı iddia tələbində qətnamənin icrasının gecikməsi ilə bağlı borcluya hesablanmalı olan illik 5 faiz pulun qətnamənin tam icra olunduğu tarixədək hesablanmasını xahiş etsə də, sözügedən tarix qeyri-müəyyən xarakter daşıdığından hazırda cavabdehdən yalnız hazırki iddia ərizəsi verildiyi tarixədək illik beş faiz pulun tutulması müəyyən edilməlidir. Lakin məhkəmə onu da iddiaçının diqqətini çatdırmağı zəruri hesab edir ki, hazırkı qətnamə gələcəkdə borclunun qətnamənin icrasını yenidən gecikdirmiş olduğu halda iddiaçının gecikdirilmiş yeni dövür üçün yenidən 5 faiz pul tutulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

İddia tələbi qismən təmin edilməli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin icrası ilə bağlı ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək illik 5 faiz məbləğində pul tutulmalıdır.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 445.7-ci, 448.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cu il tarixli Qərarına istinad etmişdir.

14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

28. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

29. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdeh isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, iddiaçının iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi (§ 25) nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

47. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı 300 000 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəməlidir; bununla bağlı müvafiq qətnamə qanunu qüvvəsini alaraq icraya yönəldilmiş, icra şöbəsinin ##.##.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanılmış, ##.##.2023-cü il tarixdə isə borcluya tələbin könüllü icrası haqqında bilidiriş göndərilmişdir.

48. İdiaçı məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli həmin qətnaməsinin icra edilməli olduğu tarixdən başlayaraq tam şəkildə icra olunanadək əsas borca illik 5 faizlə hesablanan vəsaitin xeyrinə tutulmasını istəmiş, məhkəmə isə tələbin könüllü icrasına dair bildirişin borcluya ##.##.2023-cü il tarixdə göndərildiyini və könüllü icra müddətinin 10 gün təşkil etdiyini vurğulayaraq, müvafiq hesablamanı 2023-cü ilin noyabr ayının 9-dan iddia ərizəsinin məhkəməyə verildiyi ##.##.2025-ci il tarixədək keçən dövr intervalını əsas götürməklə həyata keçirmişdir.

49. Kollegiya, məhkəmənin “könüllü icra müddəti 2023-cü ilin noyabr ayının 9-dan sonra bitmiş hesab edilməli və məhz bu tarixdən sonra cavabdehə qətnamə ilə tutulan pulun ödənməməsinə görə illik 5 faiz hesablanmalıdır” və “iddiaçı iddia tələbində qətnamənin icrasının gecikməsi ilə bağlı borcluya hesablanmalı olan illik 5 faiz pulun qətnamənin tam icra olunduğu tarixədək hesablanmasını xahiş etsə də, sözügedən tarix qeyri-müəyyən xarakter daşıdığından hazırda cavabdehdən yalnız hazırki iddia ərizəsi verildiyi tarixədək illik beş faiz pulun tutulması müəyyən edilməlidir” qənaətini əsaslı hesab etməsə də, apellyasiya baxışının həddini nəzərə alaraq həmin məsələlərə münasibət bildirmir; bununla belə, məhkəmənin sözügedən dövr (interval) üçün faiz məbləğini hesablayarkən səhvə yol verdiyini vurğulayır.

50. Belə ki, iş materiallarında olan icra məmurunun ##.##.2025-ci il tarixli arayışına görə, borclu tərəfindən icra sənədinin icrası zamanı ## ###### 2024-cü il tarixdə 500 manat, ## ###### 2025-ci il tarixdə 400 manat, ## #### 2025-ci il tarixdə 200 manat, ## ##### 2025-ci il tarixdə 200 manat və ## ### 2025-ci il tarixdə ödənişlər həyata keçirilmiş, ödənişlərin cəmi ümumilikdə 3658,54 manat təşkil etmişdir.

51. Birinci instansiya məhkəməsi isə faiz məbləğini hesablayarkən həmin ödənişləri nəzərə almamış, faiz məbləğini bütün hesablama dövrü ərzində dəyişməz 300 000 ABŞ dolları borc məbləğini əsas götürməklə müəyyən etmişdir.

52. Halbuki pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz hasabatı zamanı yalnız faktiki ödənilməmiş borc məbləği əsas götürülməli, borclu tərəfindən borcun qismən ödənildiyi hər bir tarixdən sonra faiz artıq əvvəlki əsas borca deyil, ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan əsas borca hesablanmalıdır.

53. Cavabdeh tərəfindən ## ###### 2024-cü il tarixdə ödənilmiş 500 manat 294,12 ABŞ dollarına, ## ###### 2025-ci il tarixdə ödənilmiş 400 manat 235,29 ABŞ dollarına, ## #### 2025ci il tarixdə ödənilmiş 200 manat 117,65 ABŞ dollarına, ## ##### 2025-ci il tarixdə ödənilmiş 200 manat 117,65 ABŞ dollarına, ## ### 2025-ci il tarixdə ödənilmiş 2358,54 manat (bu tarixdə ödənilmiş vəsaitin məbləği arayışda göstərilməsə də, ümumi ödəniş nəzərə alındığında ödənişin göstərilən məbləğdə olduğu adi riyazi hesablama ilə müəyyən olunur) isə 1387,38 ABŞ dollarına bərabər olmuş (1 ABŞ dolları = 1,70 manat məzənnəsi ilə), nəticədə əsas borc müvafiq olaraq 299 705,88 ABŞ dollarına, 299 470,59 ABŞ dollarına, 299 352,94 ABŞ dollarına, 299 235,29 ABŞ dollarına və 297 847,91 ABŞ dollarına qədər azalmışdır.

54. Başqa sözlə, faiz ##.##.2023–##.##.2024-cü il tarixləri üzrə 300 000 ABŞ dolları məbləğinə (15 780,82 ABŞ dolları), ##.##.2024–##.##.2025-ci il tarixləri üzrə 299 705,88 ABŞ dolları məbləğinə (3120,23 ABŞ dolları), ##.##.2025–##.##.2025-ci il tarixləri üzrə 299 470,59 ABŞ dolları məbləğinə (1066,61 ABŞ dolları), ##.##.2025–##.##.2025-ci il tarixləri üzrə 299 352,94 ABŞ dolları məbləğinə (1271,22 ABŞ dolları), ##.##.2025–##.##.2025-ci il tarixləri üzrə 299 235,29 ABŞ dolları məbləğinə (1229,73 ABŞ dolları), ##.##.2025–##.##.2025-ci il tarixləri üzrə isə 297 847,91 ABŞ dolları məbləğinə (8527,43 ABŞ dolları) hesablanmalıdır və belə olan halda müvafiq dövr üçün cavabdehdən tutulmalı faiz məbləği cəmi 30 996,04 (otuz min doqquz yüz doxsan altı ABŞ dolları dörd sent) ABŞ dolları təşkil edəcəkdir.

55. Kollegiya onu da qeyd edir ki, qətnamə çıxarılan gün verdiyi izahatında iddiaçı cavabdehin ona ümumilikdə 4800 manat ödədiyini, icra məmuru isə 5200 manat ödənildiyini bildirsələr də, birinci instansiya məhkəməsi hesablamanı iddia ərizəsinin məhkəməyə verildiyi ##.##.2025-ci il tarixədək apardığından, hazırkı hesablama zamanı məhz ## ### 2025-ci il tarixədək həyata keçirilmiş ödənişlər əsas götürülmüşdür.

56. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qismən icra olunmuş əsas borcu nəzərə almadan faiz hesabladığından qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan faiz məbləği 30 996,04 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

57. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026cı il tarixli qətnaməsi “Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin icrasının gecikdirilməsi ilə bağlı ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək illik 5 faiz olan 31 250 (otuz bir min iki yüz əlli) ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinin icrasının gecikdirilməsi ilə bağlı ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək illik 5 faiz olan 30 996,04 (otuz min doqquz yüz doxsan altı dollar 4 sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulsun. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar