Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2594/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi, istifadə hüququna yaradılan manelərin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması” tələbinə dair iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi, istifadə hüququna yaradılan manelərin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. mülkiyyətində olan ünvan 1 (köhnə ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 60, ev 9D, mənzil 43, giriş 1) ünvanındakı yaşayış evindən oğlu X4 ilə birlikdə istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılması və cavabdehin mənzil yaşamalarına və mülkiyyət hüququna müdaxilə edən qanunsuz hərəkətlərin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh Cavabdeh cavabdeh İddiaçı qarşı X2 üçüncü şəxs qismində cəlb edilməklə “şərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh barəsində onun guya ailə üzvünə qarşı zor tətbiq edən, psixololi və fiziki təzyiq göstərən, həyat və sağlamlıq üçün təhlükə yaradan şəxs olmasına dair həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatların yazılı şəkildə təkzib edilməsi və bu barədə iddiaçıya yazılı məktub göndərərək ondan üzr istənilməsi öhdəliyinin cavabdeh İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə ərizə qarşıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.
4. Birinci instansiyası məhkəməsinin mövqeynilə görə qarşıqlı iddia ilə ilkin iddia arasında qarşılqlı əlaqə olmamış, həmçinin qarşılıqlı iddia qanunla müəyyən edilmiş müddət daxilində verilməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı Lyudmila Bayramova cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh onu qanunsuz olaraq yaşayış evindən kənarlaşdırması, həmin evdən istifadəsinə maneə yaratması, uzun müddət evlilikləri dövründə dəfələrlə ona aqressiv və təzyiq xarakterli davranış, habelə şiddət göstərməsini ilkin iddia ərizəsində göstərmişdir. Belə vəziyyətdə də, Cavabdeh məhz ilkin iddiaçının onun barəsində ilkin iddia ərizəsində yalan və böhtan xarakterli məlumatları qeyd etməsi ilə onun şərəf və ləyaqətini alçaltması ilə bağlı qarşılıqlı iddia təqdim etmişdir. Burada ilkin və qarşılıqlı iddia arasında aşkar qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Məhkəmə bu halı nəzərə almamışdır. Qarşılıqlı iddianın verilməsi üçün müəyyən olunmuş müddətlə bağlı məhkəmənin qeydləri də tamamilə əsassızdır. Belə ki, məhkəmə qərardadda ilkin iddia ərizəsinin cavabdehə məhz hansı tarixdə rəsmi qaydada verildiyini göstərməmişdir. Bundan başqa, iş məhkəməyə ##.##.2026-cı ilə daxil olsa da, ilk məhkəmə iclası (hazırlıq) ##.##.2026cı il tarixə təyin olunmuş, məhkəmənin vaxtı barədə SMS bildiriş cavabdehə təqdim edilsə də, ilkin iddia ərizəsi sonuncuya verilməmiş və ##.##.2026-cı il tarixdə cavabdehin vəkili tərəfindən vəkil müraciəti təqdim edilmiş və vəkil ilkin iddia ilə həmin tarixdə tanış olmuş, bundan sonra yəni ##.##.2026-cı il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə müddətlə bağlı da tamamilə əsassız qərardad qəbul etmişdir. Məhkəmə belə qərardad qəbul edərkən onu da nəzərə almamışdır ki, ilkin iddiaçı ilkin iddia ərizəsini ##.##.2026-cı il tarixə qədər 2 dəfə dəyişdirmiş və bununla bağlı ərizələri məhkəməyə təqdim etmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
8. Mülki Prosessual Məcəllə Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliklə qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün müəyyən edilmiş ilkin hal qarşılıqlı iddia tələbinin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsindən ibarətdir. Hazırki mülki iş üzrə iddiaçının tələbi mülkiyyət hüquqlarının bərpası ilə bağlı olmasına baxmayaraq, qarşılıqlı iddia tələbi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlıdır. Belə olan halda mülki prosessual qanunvericiliklə müəyyələn edilmiş qarşılıqlı iddianın icraata qəbulu şərtlərini ödəmədiyindən hazırki qarşılıqlı iddianın icraata qəbul edilməsi mümkün deyildir.
11. Cavabdeh şikayətində göstərmişdir ki, ilkin iddiaçı Lyudmila Bayramova tərəfindən verilmiş iddia ərizəsində onun yaşayış evindən qanunsuz kənarlaşdırılması, mənzildən istifadəyə maneələrin yaradılması, habelə ailə münasibətləri dövründə aqressiv davranış və zorakılıq xarakterli hərəkətlər etməsi barədə məlumatlar əks olunmuşdur. Şikayət verənin mövqeyinə görə, həmin məlumatlar həqiqətə uyğun olmadığından və onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyindən, qarşılıqlı iddia ilə irəli sürülmüş tələb ilkin iddia ilə sıx bağlıdır və hər iki tələbə eyni icraatda baxılması prosessual qənaət prinsipinə xidmət edir.
12. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, MPM-in 156.1.3-cü maddəsinin mənasına görə, qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə icraata qəbul edilməsi üçün onların arasında mübahisənin həlli üçün əhəmiyyət kəsb edən maddi-hüquqi əlaqənin mövcudluğu tələb olunur. Başqa sözlə, qarşılıqlı iddia üzrə irəli sürülən tələbin həlli ilkin iddia üzrə hüquq münasibətlərinin müəyyən edilməsinə təsir göstərməli, yaxud həmin tələbin təmin olunması ilkin iddianın tam və ya qismən təmin edilməsini istisna etməli və ya onun hüquqi nəticələrinə təsir etməlidir.
13. Hazırkı halda ilkin iddia mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsindən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və cavabdehin müdaxilə xarakterli hərəkətlərinin dayandırılması tələblərinə əsaslandığı halda, qarşılıqlı iddia şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı müstəqil hüquq münasibətindən irəli gəlir. Qarşılıqlı iddianın əsası ilkin iddia ərizəsində göstərilən məlumatların həqiqətə uyğun olmaması barədə iddiadan ibarətdir. Lakin həmin məlumatların doğru və ya yalan olmasının müəyyən edilməsi ilkin iddia üzrə mülkiyyət və istifadə hüquqlarının mövcudluğu, həcmi və müdafiəsi məsələlərinin həllinə təsir göstərmir.
14. Buna görə də tərəflər arasında eyni ailə münasibətlərindən irəli gələn faktiki zəminin mövcudluğu özlüyündə MPM-in 156.1.3-cü maddəsinin tətbiqi üçün kifayət hesab edilə bilməz və ilkin iddia ilə qarşılıqlı iddia arasında qanunun tələb etdiyi səviyyədə maddihüquqi qarşılıqlı əlaqə müəyyən edilmir.
15. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
16. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.