Məhkəmə qərarları › İş №e-2(3-6)-2671/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2671/2026

01.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2671/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın servitutla yüklü edilməsi və servitut hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “ünvan 2 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisində Cavabdeh adına dövlət qeydiyyatına alınmış 230,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ərazisində, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst istifadənin təmin edilməsi məqsədilə ümumi giriş-çıxış qaydasının müəyyən olunması və iddiaçının ümumi girişçıxışdan istifadəsini təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

2. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəminin) müvafiq giriş hissəsindən iddiaçının mülkiyyətində olan zirzəmiyə maneəsiz giriş-çıxışın, habelə həmin sahədə sərbəst istifadənin təmin edilməsi məqsədilə daimi servitut hüququnun tanınması və daşınmaz əmlakın servitutla yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı özünə məxsus olan əmlaka giriş-çıxış əldə etmək üçün 2020-ci ildə Səbail Rayon Məhkəməsində təmsil etdiyi şəxsə qarşı “ünvan 3 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisində cavabdeh Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmış 230,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ərazisində, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsindən sərbəst istifadənin təmin edilməsi məqsədilə ümumi giriş-çıxışın qaydasının müəyyən edilməsi və iddiaçının ümumi giriş-çıxışdan istifadəsini təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddiaya Səbail Rayon Məhkəməsində 2020-ci ildə baxılmış və iddiaçının iddiası rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, "İş materiallarından göründüyуü kimi, iddiaçının tələbi giriş-çıxışın ümumi olması barədədir. Bu isə yalnız cavabdehin mülkiyyətində olan əmlak üzərində iddiaçının istifadə hüququ, yəni servitut hüququ mövcud olduqda mümkün ola bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.2ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında servitutla bağlı hər hansı bir müqavilə yoxdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl mülkiyyətində olan əmlaka dair giriş-çıxışın verilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etməmiş, bununla bağlı məsələyə dövlət orqanları tərəfindən baxılmamışdır. Belə olduğu təqdirdə iddiaçının servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir. İddiaçının iddia tələbinin mahiyyəti servitutun verilməsi təşkil etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, iddiaçı servitut istəmir, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən onun sərbəst istifadə hüququnun təmin olunması üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ərazisindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-215-ci maddələrinə əsasən əmlakdan istifadə etmək, onun üzərində sərəncam vermək və ona sahiblik qaydası yalnız əmlakın birgə mülkiyyətçiləri arasında müəyyən olunur". Eyni mövqe həmin qətnamədən şikayət üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində, həm də Ali Məhkəmə (Ali Məhkəmənin qərarının 30-36-cı abzasları) tərəfindən qəbul edilmiş qərarda öz əksini tapmışdır. Göründüyü kimi məhkəmələr iddianı rədd etməklə, servitutun verilməsini qeyrimümkün hesab etmişlər. Hazırda İddiaçı tərəfindən təmsil etdiyi şəxsə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırılmışdır, iddia tələbinin mahiyyətini servitutun verilməsi təşkil edir.

5. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması ilə əlaqədar xitam verilmişdir.

6. Məhkəmə, gəldiyi nəticəni Mülki Prossessual Məcəllənin 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” ## ###### 2007-ci il tarixli və “G.İsmayılzadənin şikayəti üzrə” ## ###### 2016-cı il tarixli qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə istinadla belə əsaslandırmışdır ki, iddiaçının daha əvvəl irəli sürdüyü iddia tələbinə baxılarkən iddiaçının nümayəndəsi (vəkili) iddiaçının servitut istəmədiyini bildirməklə, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən iddiaçının sərbəst istifadə hüququnun təmin olunması üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ərazisindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmanı xahiş etmiş, məhkəmələr isə iddiaçının iddiasının mahiyyətinin servitut verilməsi təşkil etməsi qənaətinə gələrək əmlakdan istifadə qaydasının müəyyən edilməsinə dair tələbini təmin etməmişlər.

7. Həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, əvvəlki məhkəmə mübahisəi zamanı iddiaçının başqa bir yerdən, Natəvan döngəsi tərəfdən alternativ giriş imkanı olmuş, lakin həmin giriş Bakı Apellyasiya Məhkəməsinin 2008-ci il tarixli icra sənədinin icrası nəticəsində ləğv edilmişdir. Bu o deməkdir ki, iddiaçının vəziyyəti 2020-ci ildəki vəziyyətlə eyni deyildir. İndi onun əmlakına daxil olmağa heç bir yolu qalmamışdır. Bu isə işin əsasını köklü şəkildə dəyişmişdir. 2020-ci ildə hakim Mədinə Bağırova iddianı ona görə rədd etmişdi ki, tərəflər birgə mülkiyyətçi deyillər və birgə mülkiyyətçi olmadıqları üçün "istifadə qaydası" müəyyən edilə bilməzdi. Hazırki iddia tələbi isə fərqli mülkiyyətçilər arasında yaranan "Servitut" (Məhdud əşya hüququ) tələbidir. Maddi hüquq fərqli olduğu üçün bu işlər eyni sayıla bilməzdi. Məhkəmə (hakim) faktiki vəziyyətin dəyişməsini nəzərə almamışdır. Məhkəmə Natəvan döngəsindəki alternativ girişin bağlanması faktını və bunun yaratdığı çıxılmaz vəziyyəti araşdırmamışdır. Məhkəmə "İstifadə qaydası" (Uzufrukt/Müştərək mülkiyyət) ilə "Servitut" (məhdud əşya hüququ) arasındakı fərqi araşdırmadan hüquqi müəyyənlik prinsipini əsas gətirərək icraata xitam vermişdir

Apellyasiya baxışı

9. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

11. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

13. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

14. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

15. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

16. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Məhkəmə kollegiyasının mövqeyi

17. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPM-nin 261.0.2ci maddəsinin tətbiqi ilə bağlıdır.

18. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

19. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı iddia tələbi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

20. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

21. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

22. İşdən görünür ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddianın predmeti və əsasları, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları ilə tam eynilik təşkil etmir.

23. Belə ki, əvvəlki iş üzrə iddia tələbi mahiyyət etibarilə mülkiyyətçilər arasında istifadə qaydasının müəyyən edilməsi və faktiki olaraq birgə istifadə rejiminin tətbiqi ilə bağlı olmuş, hazırkı iş üzrə iddia isə cavabdehə məxsus daşınmaz əmlak üzərində servitut hüququnun tanınması və həmin əmlakın məhdud əşya hüququ ilə yüklənməsi tələbinə yönəlmişdir.

24. Mülki hüquq nəzəriyyəsinə görə, “istifadə qaydasının müəyyən edilməsi” institutu mülkiyyət hüququnun daxili münasibətlərinə aid olduğu halda, servitut hüququ başqasına məxsus əmlak üzərində müstəqil məhdud əşya hüququ yaradır. Bu institutlar həm hüquqi təbiətinə, həm də yaranma əsaslarına görə fərqlidir.

25. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia predmetinin eyni olması barədə gəldiyi nəticə formal yanaşmaya əsaslanmış və maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir.

26. Kollegiyanın qənaətinə görə, iş üzrə faktiki hallarda da dəyişikliyin olması ehtimalı mövcuddur; belə ki, əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçının əmlakına alternativ giriş imkanının mövcud olduğu müəyyən edilmişdir – hazırda isə iddiaçının iddiasına görə, sonradan həmin alternativ giriş hüququ icra sənədinin icrası nəticəsində aradan qalxmış və nəticədə onun mülkiyyətində olan əmlaka faktiki olaraq yeganə giriş imkanı da aradan qalxmışdır.

27. Servitut hüququ mülkiyyət hüququndan fərqli olaraq, zərurət və obyektiv ehtiyac nəticəsində başqasına məxsus əmlak üzərində məhdud istifadə hüququ yaradır.

28. Hazırkı işdə iddiaçı tərəfindən irəli sürülən əsas dəlil ondan ibarətdir ki, onun əmlaka alternativ giriş imkanı mövcud deyil və bu vəziyyət onun mülkiyyət hüququnun faktiki həyata keçirilməsini mümkünsüz edir.

29. Bu kimi halların qiymətləndirilməsi isə yalnız işin mahiyyəti üzrə araşdırılması yolu ilə mümkündür və icraata xitam verilməsi mərhələsində belə qiymətləndirmənin aparılması prosessual baxımdan yol verilən hesab edilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı ləğv olunsun və mülki iş, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın servitutla yüklü edilməsi və servitut hüququnun tanınması” tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Rafael Eyvazov

Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar