Məhkəmə qərarları › İş №e-2(3-6)-2779/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2779/2026

01.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2779/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İlham oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı İlham oğlunun iştirakı ilə, iddiaçı İddiaçı İlham oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarının surətinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı İlham oğlunun İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı İlham oğlu cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin Dövlət X3suz hərəkəti nəticəsində ona dəymiş zərərin, yəni cəriməni ödəmək üçün 150 manat və 90 manat dəbbə pulu olmaqla, 240 manat, dayanacaq haqqı olaraq ödənilmiş 107 manat, o cümlədən inzibati xəta ilə əlaqədar hüquqi yardım üçün 620 manat, mülki iddianın verilməsi üçün hüquqi yardım ilə əlaqədar 300 manat, dövlət rüsumunun ödənilməsi üçün 35,34 manat, avtomobilin olmaması ilə əlaqədar taksi xərcləri üçün cəmi ödənilmiş 266,90 manat, ümumilikdə isə 1.569,24 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə şikayətin edilməməsi qərara alınmışdır. Verilən apellyasiya şikayətindən sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından onun verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi qərarı ilə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin onun İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərar dərhal qüvvəyə minmişdir. Ona məxsus olan “Chevrolet Malibu” markalı **BH*** dövlət qeydiyyat nişanlı avtomobili iş məhkəmədə olduğu müddətdə - 100 gündən artıq müddətdə müvəqqəti mühafizə olunan duracaqda saxlanılmışdır. Bu da öz növbəsində onun həm maddi, həm də mənəvi zərərə düşməsinə səbəb olmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsinin müvəqqəti mühafizə olunan duracaqda saxlanmasına görə 100 günü aşan müddət ərzində duracaq xərcləri toplanmış, həmçinin avtomobilindən istifadə edə bilməməsi nəticəsində gündəlik həyat və iş fəaliyyəti və ailə tələbatlarının ödənilməsi əhəmiyyətli dərəcədə məhdudlaşmışdır. Qeyd edir ki, inzibati xəta haqqında icraata Bakı Apellyasiya Məhkəməsi tərəfindən xitam verilməsi onun hər hansı inzibati pozuntu törətmədiyini və nəqliyyat vasitəsinin saxlanılmasının əsassız olduğunu təsdiq etmişdir ki, həmin qərar halhazırda mülki iddiaya baxılması üçün preyudisial xarakter daşıyır. Avtomobilin əsassız olaraq saxlanılması nəticəsində yaranmış duracaq xərcləri, nəqliyyat vasitəsinin istifadə imkanından məhrum qalması səbəbindən çəkilən alternativ nəqliyyat xərcləri, habelə üzləşdiyi mənəvi zərər birbaşa inzibati orqanların qanunsuz hərəkətlərinin nəticəsidir. Bundan başqa, o, uzun müddət avtomobilsiz qaldıqdan sonra inzibati tənbeh olaraq yazılan cəriməni ödəmiş, duracağa usta çağırmış və yol polisi əməkdaşının tələbi ilə sport tipli yayları dəyişdirmişdir, hansı ki bu da öz növbəsində onu zərərə salmışdır. Hal-hazırda dövlət orqanın qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin, o cümlədən həmin zərərin aradan qaldırılması məqsədilə çəkilmiş xərclərin ödənilməsi zərurəti vardır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6661/2025 saylı ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 913,9 manat, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ümumilikdə 1.213,9 manat məbləğində pulun iddiaçı İddiaçı İlham oğlunun xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı İlham oğlu barəsində tətbiq edilmiş inzibati tənbeh Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu hal iddiaçının inzibati məsuliyyətə qanunsuz cəlb edildiyini təsdiq edir.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının cərimə və dəbbə pulu kimi ödədiyi 240 manat, dayanacaq xərci kimi ödədiyi 107 manat, inzibati iş üzrə hüquqi yardım üçün ödədiyi və qəzblə təsdiq olunan 300 manat, həmçinin avtomobildən istifadə imkanının məhdudlaşdırılması nəticəsində çəkilmiş və qəbzlərlə təsdiq olunan 266,90 manat məbləğində taksi xərcləri real zərər kimi qiymətləndirilməli və həmin xərclərinin əvəzi dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Bu xərclər iddiaçının hüquqlarının pozulması ilə birbaşa səbəbli əlaqədə olmaqla, onların çəkilməsi zəruri və əsaslı olmuşdur.

7. Bundan başqa, məhkəmə iddiaçının hüquqi yardım xərcləri ilə bağlı digər hissədə irəli sürdüyü tələbi əsaslı hesab etməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən vəkilə 300 manat məbləğində mükafat ödənilməsi barədə şərti özündə əks etdirən müqavilə təqdim edilmişdir. Həmin məbləğ işin nəticəsindən asılı olaraq ödənilməsi nəzərdə tutulan mükafat xarakteri daşıyır və belə ödənişin verilməsi iddiaçının şəxsi iradəsindən və seçimindən asılıdır. Bu səbəbdən, göstərilən məbləğ zəruri hüquqi yardım xərcləri kimi qiymətləndirilə bilməz və onun dövlət büdcəsi hesabına ödənilməsi üçün hüquqi əsas mövcud deyildir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 68-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1 və 1101.1-ci maddələrinə; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyiheç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsi, həmçinin məhkəmə tərəfindən həmin iddia tələbinin təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İlham oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

23. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

24. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun

25. 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

26. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

27. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

28. 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ##.##.2025-ci il tarixli Qərarının

29. 4.45-ci bəndinə əsasən bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir.

30. 4.46-cı bəndinə əsasən ilk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət).

31. 4.48-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır.

32. 4.50-ci bəndinə əsasən Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir.

33. 4.51-ci bəndinə əsasən bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1097.3 və 1101.2-ci maddələri təşkil edir. Həmin maddələrin məzmununa əsasən, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda, onun əvəzi qanunla müəyyən edilmiş əsaslarla və qaydada ödənilir. Bu növ məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin məcmu halında mövcud olması tələb olunur: zərərin mövcudluğu; zərərin təhqiqat, ibtidai istintaq və ya prokurorluq orqanlarının (vəzifəli şəxslərinin) qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində yaranması; qanunsuz hərəkət (hərəkətsizlik) ilə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu; habelə zərərvuran şəxsin təqsiri.

41. İş materiallarından da görünür ki, qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyətin yaranması üçün zəruri olan bütün şərtlərin mövcudluğu Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Belə ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iddiaçının (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsinə dair ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarını ləğv etmiş və inzibati xəta haqqında iş üzrə icraata, əməlində hər hansı inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığından xitam vermişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, təhqiqat orqanının inzibati xətaya dair iş üzrə yol verdiyi qanunsuz əməllər nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır və bu məsuliyyət təqsirdən asılı deyildir. Bu səbəbdən fiziki və ya hüquqi şəxslərə vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən ödənilir və həmin ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

44. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 9 fevrаl 2009-cu il tаrixli, ** nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən də, Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.

45. Beləliklə də, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətlərinin mövcud olub-olmamasından asılı olmayaraq, iddiaçıya vurulmuş zərərin əvəzi Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən orqan kimi bu öhdəliyin yerinə yetirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə düşür. Bu səbəbdən Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan olaraq Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.

46. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 1.213,9 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar