Məhkəmə qərarları › İş №e-2(3-6)-2882/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2882/2026

13.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2882/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Nərimanov Fillialına ödənilmiş 1.540 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o ”xxxx” ASC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək tərəfindən “banka ödənilmiş pul məbləğinin cavabdeh tərəfindən qaytarılmasına dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmənin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı ilə iddia tələbi mümkünsüz sayılmış və iş üzrə icraata xitam verilmişdir. İşin halları aşağıdakılardan ibarətdir: o, ##.##.2023-cü il tarixdə öz işləri ilə əlaqədar Asan Xidmət mərkəzinə getmişdir. Ona orada “BİRBANK” kartı vermişlər. O, həmin kartı faiz tutulmalarına görə götürmək istəmirdi. Həm də o, heç bir yerdə işləmir. Lakin ona bildirdilər ki, əgər puldan istifadə etməsə faiz tutulmayacaq. O, bir müddət sonra pul lazım olduğu üçün həmin pulu kartdan çıxartmış, kartda 1.470 manat pul var idi. Bundan sonra ona 70 manat faiz gəlmişdir. O, Cavabdeh ASC-nin Nərimanov filialına getmiş və bankın işçisinə yaxınlaşaraq kartı bağlamaq istədiyini bildirmişdir. Bankın işçisi ona 1.470 manat pulu aparata ödəməyi, qəbzi isə ona verməyi tapşırmışdır. O, bankın işçisinin tapşırığı ilə faizlə birlikdə 1.540 manatı bankda aparata ödəyib qəbzi isə həmin işçiyə vermişdir. Bankın işçisi kartı qayçı ilə doğrayaraq zibil qabına atmış və demişdir ki, bu kart bir daha işləməyəcək. Bu barədə bankda video görüntülər də vardır. O, işçidən sənəd istəmiş, işçi isə “sabah gəlib götürərsən” demişdir. Sonra onun yadından çıxdığı üçün gedib kartın ləğv edilməsi barədə sənədi götürməmişdir. 2025-ci ilin fevral ayının axırlarında ona məlumat gəlmişdir ki, Cavabdeh ASC ona qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ondan 1.490,53 manat əsas, 248,50 manat faiz, cəmi 1.838,95 manat pul vəsaitinin və 37,39 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli, e*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Lakin həmin məhkəmə araşdırmasından xəbəri olmamış, məhkəmə tərəfindən ona bildiriş də göndərilməmişdir. Lakin həmin qətnamədən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Halbuki, o, xxxx ASC-nin Nərimanov filialında müdirlə də görüşmüş və pulu ödədiyini, işçinin də kartı doğradığını ona bildirmişdir. Həmin şəxs də işçilərdən birini çağırıb onun dediklərini kompüterdə araşdırmağı tapşırmış və kompüter məlumatlarında onun banka daxil olmağı, bankın işçisinə müraciət etməyi, aparata pul ödəməyi, qəbzləri işçiyə təqdim etməyi və işçinin onun kartını qayçı ilə doğrayaraq zibil qabına atması ekranda görünmüşdür. Müdir həmin işçini çağıraraq nömrəni niyə kompüter məlumatlarından silmədiyi üçün ona əsəbiləşmişdir. Eyni zamanda, ona narahat olmamağı, məsələni yoluna qoyacağını söyləmişdir. Lakin məsələ yoluna qoyulmamışdır. O, Apelyasiya Məhkəməsində araşdırma aparılarkən vəsatətlər verərək, xxxx ASC-nin Nərimanov filialının müdirini və kartı doğrayan işçinin məhkəməyə çağrılaraq dindirilməsini, xxxx ASC-nin Nərimanov filiallndan onun banka daxil olmağını, bankın işçisinə müraciət etməyini, həmin Birbank kartında olan pulu aparata ödəməyini və qəbzləri bankın işçisinə təqdim etməyini və işçinin onun kartını qayçı ilə doğrayaraq zibil qabına atmaqla həmin kartı ləğv etdiyini təsdiq edən bütün məlumatları, audio və video görüntüləri məhkəməyə təqdim edilməsi barədə sorğunun verilməsini xahiş etmişdir. Lakin bankın nümayəndəsi heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Nərimanov rayon icra şöbəsinin icra məmuru Babək Qarayev də maşınının üzərinə həbs qoymaqla onu hədələyir. Onun 58 yaşı var. Həyat yoldaşı ağır xəstədir. Kiçik oğlu xəstədir, qeyd olunan ünvanda kirayədə yaşayır. Özü işsizdir. Həmin qətnamədən Ali Məhkəməyə şikayət etmək hüququ da yoxdur. Bir daha qeyd edir ki, o “Birbank” tətbiqi qaydasında ona verilmiş həmin pulu banka qaytarmışdır. O, yenidən Cavabdeh ASC-nin Nərimanov filialına getmişdir. Onun əvvəl müraciət etdiyi müdir işdən çıxıb. Əvəzinə başqa müdir filiala təyin edilib. O, yeni müdirlə görüşüb vəziyyəti ona danışıb, kamera görüntüləri açmağı və pulun ödənilməsinə dair ona arayış verilməsini xahiş etmişdir. Müdir də işçilərdən birini çağıraraq, nə məsələ olduğunu soruşmüşdür. Həmin işçi “həmin məsələnin həll olunduğunu, pulun ödənildiyini” bildirmişdir. Müdir kamera görüntüləri açmaqdan və pulun ödənilməsinə dair ona arayış verməkdən imtina etmişdir. Belə olan halda, cavabdeh onun banka ödədiyi 1.540 manat pulu qaytarmalıdır. O, isə Bakı Apelyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qanunsuz və əsassz qətnaməsi ilə onun üzərinə borc kimi qoyulmuş pul məbləğini banka qaytarmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı ilə Cavabdeh ASC arasında ##.##.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi səbəbindən Cavabdeh ASC İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı 1.490,53 manat əsas, 248,42 manat faiz, cəmi 1.738,95 manat məbləğində borc və 37,39 manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-nin xeyrinə tutulmuşdur. Onun tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə qismən təmin edilmiş və qətnamə ondan tutulan məbləğ hissəsində dəyişdirilərək, əsas borc 1.470 manat, faiz borcu 227,46 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “kreditin və faizlərin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə həmin iş üzrə icraata xitam verilmişdir. İddiaçın bu qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə təmin edilməmişdir. Hazırda iddiaçı aralarında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası qaydasında 1.540 manat məbləğində ödəniş etdiyini, lakin həmin ödənişin nəzərə alınmamasını iddia edir və bu məbləğin cavabdehdən tutularaq, ona qaytarılmasını tələb edir. Lakin artıq müəyyən edildiyi kimi, həmin müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və bu mübahisənin nəticəsi olaraq, iddiaçının bu müqavilə üzrə borcunun olduğu öz təsdiqini tapdığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə ondan 1.490,53 manat əsas, 248,42 manat faiz, cəmi 1.738,95 manat məbləğində borc Cavabdeh ASC-nin xeyrinə tutulmuşdur. Həmin qətnamədən iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçıdan tutulan məbləğ dəyişdirilmişdir. İddiaçının hazırki iddia üzrə irəli sürdüyü dəlilləri də qeyd edilən apellyasiya şikayətində göstərilmiş dəlillərlə eynilik təşkil edir. Başqa sözlə, iddiaçı apellyasiya şikayətində artıq həmin kredit müqaviləsi üzrə borcun ödənildiyi və borcunun olmadığı mövqeyindən çıxış etmiş, lakin nəticə etibarı ilə öz mövqeyini sübuta yetirə bilməmişdir. İşə baxan məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir. Əks halda, iddiaçıdan qeyd edilən məbləğdə əsas və faiz borcu tutulmazdır. Bundan sonra cavabdeh Cavabdeh ASC-yə qarşı irəli sürdüyü iddiada iddiaçı həmin müqavilə üzrə rəsmiləşdirilmiş kreditin və ödənilmiş faizlərin (kredit müqaviləsinin) ləğv edilməsini tələb etmiş və bu iddia üzrə də hüquqi nəticə etibarı ilə eyni mövqedən çıxış edərək, kredit borcunu ödədiyini və borcunun olmadığını iddia etmişdir. Lakin məhkəmələr ləğv edilməsi tələb edilən müqavilənin etibarlı olub-olmaması məsələsinə qanuni qüvvəsini almış qətnamə ilə hüquqi qiymət verilməsinin eyni müqavilədən törəyən digər bir tələbə baxılıb yenidən qiymət verilməsini istisna etdiyi üçün həmin iş üzrə icraata xitam vermişlər. Qeyd edilənlər öz növbəsində hazırki iş üzrə də icraata xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını nəzərə alıb, haqlı olaraq hazırki iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən iddiaçı İddiaçı şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar