Məhkəmə qərarları › İş №e-2(3-6)-3240/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3240/2026

31.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3240/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə e-*(*-**)-****/**** saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı İmamverdiyeva Gülnaz Haqii qızının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İmamverdiyeva Gülnaz Haqii qızı cavabdeh “Günəşli İnşaat” Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, MTK-nın qanunsuz olaraq həyata keçirtdiyi söküntü işlərinin dayandırılması, MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair mülki işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh MTK-nın nümayəndəsi vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, MTK hazırkı iş üzrə iddiaçıya qarşı “mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia irəli sürmüş, həmin iddia ərizəsi hazırda Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatındadır (iş № *(5-103)-1400/2026). Qeyd edilən işlə hazırkı iş bir-biri ilə əlaqəli olduğundan işlərə bir icraatda baxılmalıdır. Odur ki, hazırkı işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla vəsatətin təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin icraatında olan və vəsatətdə qeyd edilən mülki işlə birlikdə baxılması üçün hazırkı işin həmin məhkəməyə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vəsatətdə qeyd edilən və Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki işlə hazırkı mülki iş bir-biri ilə əlaqəli olan işlərdir. Vəsatətdə qeyd edilən iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinin icraata daha əvvəl daxil olmuşdur. Buna görə də hazırkı mülki iş, həmin mülki işlə bir icraatda baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçının vəkili (nümayəndəsi) Qanuni nümayəndə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və hazırkı mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olan hazırkı işlə Suraxanı Rayon Məhkəməsinin icraatında olan işin predmetləri, hüquqi əsasları və sübutetmə predmetləri fərqlidir. Belə ki, hazırkı iş maddi və mənəvi zərərin ödənilməsi, digər iş isə mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələblərinə aiddir. Bu səbəbdən işlərin bir icraatda birləşdirilməsi üçün prosessual əsas yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, işlərin bir icraatda birləşdirilməsi məhkəmə baxışının uzanmasına səbəb olacaq ki, çünki hazırkı işlə bağlı iddiaçıya vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 43.1-cü maddəsinin birinci cümləsinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxmalı və qətnamə çıxarılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı (hazırkı iş üzrə cavabdeh) “Günəşli İnşaat” MTK cavabdeh (hazırkı iş üzrə iddiaçı) Gülnaz İmamverdiyevaya qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi, mənzilin boşaldılaraq sökülməsi üçün MTK-ya təhvil verilməsi tələbi barədə” iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi əsasında Suraxanı Rayon Məhkəməsi tərəfindən *(*-***)-****/**** saylı mülki işin icraatı başlanmışdır. Bundan 2 həftə sonra isə, yəni ##.##.2026-cı il tarixdə Gülnaz İmamverdiyeva həmin MTK-ya qarşı “qanunsuz həyata keçirilən söküntü işlərinin dayandırılması, MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinə iddia vermişdir. Bu iddia ərizəsi əsasında isə Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırkı işin icraatı başlanmışdır. Hər iki iddiadan görünür ki, iddia tələblərinin hüquqi əsasları müxtəlif olsa da, hər iki iş üzrə tərəflər və mübahisə predmeti olan mənzil də eynidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hər iki iddia tələbinin hüquqi əsasları müxtəlif olsa da həmin işlərin bir icraatda baxılması məhkəmə baxışının uzanmasına səbəb olmayacaq, əksinə bir-biri ilə əlaqəli olan işlər üzrə ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hər iki işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, Suraxanı Rayon Məhkəməsinin icraatında olan mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsindən daha əvvəl icraata qəbul edilmişdir. MPM-in 43.1-cü maddəsinin ikinci cümləsinin mənasına görə, müxtəlif məhkəmələrin icraatında olan işlər bir icraatda birləşdirilən zaman, xronologiyaya görə sonradan daxil olmuş iddia ərizəsi əsasında icraatı başlanmış mülki iş, daha əvvəl daxil olmuş iddia ərizəsi əsasında başlanılmış mülki işin icraatda olduğu məhkəməyə göndərilməlidir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırkı mülki işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 43, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İmamverdiyeva Gülnaz Haqii qızının nümayəndəsinin şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar