Məhkəmə qərarları › İş №e-2(3-6)-3340/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3340/2026

24.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3340/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahverdiyev İsrafil Dilqəm oğlunun iştirakı ilə İddiaçı İddiaçı cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ##.##.2025-ci il tarixində naməlum şəxslər tərəfindən edilən telefon zəngi zamanı həmin şəxslərə bank tərəfindən göndərilmiş birdəfəlik təhlükəsizlik kodunu (“OTP”) təqdim etmiş, bundan sonra isə iddiaçıya məxsus bank kartı “Apple Pay” elektron cüzdanına əlavə edilmiş və kart hesabından müxtəlif əməliyyatlar həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinə xitam verilməsi, iddiaçının hesabından üçüncü şəxslər tərəfindən çıxarılmış 4915.82 manat məbləğində vəsait və buna görə yaranmış borclar, həmin borclara görə ## #### 2025-ci il tarixinə qədər hesablanmış 192.37 manat məbləğində və məhkəmə davam etdiyi müddətdə əlavə faizlər hesablanmış faiz borcunun silinməsi, həmin faiz borcunun 192.37 manat məbləğində ödənilmiş hissəsi iddiaçıya geri qaytarılması və ödənilmiş 120 manat dəyərində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mehman qızı cavabdehin “Leobank” ticarət nişanı altında təklif etdiyi xidmətlərindən ##.##.2024-cü il tarixindən istifadəçisi olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış müqavilyə əsasən, “LeoBank” tətbiqindən istifadə edərək mədaxil, məxaric edə və ya kart üzərindən ona təyin olunan kredit xəttindən istifadə etmək imkanı olmuşdur. İddiaçı ##.##.2024-cü il tarixində həmin kart üzrə kredit xəttinin açılması üzrə müraciət etmiş, müraciətin nəticəsi olaraq ona 6.000 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı 2025-ci ilin ilk aylarında telefonu dəyişərək bütün mobil aplikasiyaları yeni telefona quraşdırmağa başlamış, lakin “Leobank” aplikasiyasını yeni telefona köçürə bilməmiş, özünə məxsus hesaba yeni telefonda mümkün olmamışdır. Bununla bağlı iddiaçı “Leobank” əməkdaşı ilə əlaqə saxlayaraq məlumat vermişdir. “Leobank” ın əməkdaşı görüntülü şəxsiyyət vəsiqəsini göstərdikdən sonra, bildirdilər ki, yenidən cəhd edib aplikasiyanı yeni telefona keçirdə bilərsiniz. Lakin, bu yenədə mümkün olmamışdır və problem davam etmişdir. Aprel ayının 18-i tarixində iddiaçıya telefon zəngi daxil olmuşdur. Həmin telefon zəngində özünü cavabdehin əməkdaşı kimi təqdim edərək iddiaçıya ad, soyad məlumatlarını deyərək müraciət etmiş, iddiaçının bir müddət əvvəl qarşılaşdığı texniki çətinlik barədə məlumat vermiş və problemin həll olunması üçün zəng etdiyini bildirmişdir. İddiaçı ona verilən bu məlumatların daxili inam yaratdığı üçün zəng edən şəxsin cavabdehin əməkdaşı olduğunu fərz etdiyindən danışığı davam etmişdir. Vurğulamaq lazımdır ki, iddiaçıya zəng edən şəxsin bank əməkdaşı olmasını inandıran əsas məqam ona zəng gələn telefon nömrəsinin “Leobank”-a bağlı olmasını bilməsi və bundan əvvəl qarşılaşdığı çətinliyi həll etmək üçün zəng etdiyini bildirməsi olmuşdur. Zəng edən şəxs iddiaçıya dəstək adı ilə ondan ödəniş kartının bağlı olduğu telefon nömrəsinə gələn bir dəfəlik kodu ona deməsini demişdir. İddiaçı ona gələn bir “OTP” kodunu dedikdən sonra səhv etdiyini anlamış, ona zəng edən şəxsin bankın əməkdaşı olmadıqlarını dərhal anlamış və dərhal mobil tətbiqə daxil olaraq “Kartı blokla” funksionallığından istifadə etmişdir. İddiaçı mobil əlavədə olan “Kartı blokla” funksionallığından istifadə edərək bank kartını bloklasa da, bir neçə dəqiqədən sonra hesab üzrə şübhəli əməliyyatlar aparıldığını görmüş, ondan 16:27-da heç bir razılığı və təsdiqi olmadan və 266.11 manat (ƏDV ödənişi 23.77) və 38.61 manat (ƏDV ödənişi 3.33) olmaqla “binance.com” adlı hesaba (abonent kodu: 630347), “Apple Pay” vasitəsilə NFC (təmassız ödəniş) ilə ödəniş terminalından 4611.10 manat “X1 technical see” X12 qeydiyyatdan keçmiş hüquqi şəxsə aid olan hesaba (abonent kodu:961605) cəmi 4915.82 manat məbləğində pul ödənilmişdir. Hesaba çıxış əldə etmiş üçüncü şəxslər birinci olaraq hesabda olan bütün məbləği www.binance.com elektron səhifəsi vasitəsilə çıxartmağa çalışsa da, hesabda olan 1.000 manat məbləğində olan limit səbəbindən bunu edə bilməmişdirlər. Cavabdehin təhlükəsizlik qaydalarında olan boşluqlardan xəbərdar olan bu şəxslər iddiaçının “Apple Pay” üzərindən olan ödənişləri dayandıra bilməyəcəyini bildikləri üçün hər hansı bir əlavə autentifikasiya olmadan kart məlumatlarını “Apple Pay” ödəniş sisteminə əlavə edə bilmiş, beləliklə 4611.10 manat dəyərində ikinci əməliyyatı təmassız ödəniş ilə icra etmişdirlər. Qeyd etmək lazımdır ki, iddiaçı bu ödəniş əməliyyatları həyata keçirilərkən cavabdehin müştəri xidmətlərinə ödənişlərin bloklanması barədə sorğu versə də, ona “Apple Pay” üzərindən olan ödənişlər bloklanmır” cavabı verilmişdir. Xüsusilə vurğulanmalıdır ki, tətbiq daxilində “Kartı blokla” funksiyasından istifadə etdikdə orada “Apple Pay” üzərindən olan ödənişlər üzrə kartı bloklamaq funksiyasının aktiv olmadığı yazılmamışdır. Bu xəbərdaredici məlumatların olmaması iddiaçının kart üzrə əməliyyatları dayandıra bilməmişdir. Yuxarıda göstərilən əməliyyatlardan göründüyü kimi iddiaçının kart məlumatları iki müxtəlif əməliyyat elektron ticarət platforması olan “binance.com” və “Apple Pay” ilə təmassız ödəniş vasitəsilə olmuşdur. Burada əsas şübhəli məqam isə iddiaçıya yalnız 1 ədəd birdəfəlik “OTP” göndərilsə belə, onun kartının “Apple Pay” ödəniş sisteminə qoşulması üzrə heç bir “OTP” daxil olmamış və o, bu əməliyyatı təsdiq etməmişdir. Beləliklə, mobil tətbiqdə məlumatların (xəbərdaredici) tam aydın yazılmaması, çaşdırıcı ifadələrlə müştərilərin kartı bloklamaq imkanı olmasını iddia etməsi, lakin əslində bunun belə olmaması, iddiaçının bank sirri olan məlumatlarının üçüncü tərəflərə ötürülməsi, iddiaçı tərəfindən hesabın bloklanması üzrə sorğunun dərhal icra olunmaması səbəbindən iddiaçı onun hesabından ayrılmış vəsaitin üçüncü şəxslər tərəfindən talanması faktını dayandıra bilməmiş, beləliklə ödəniş kartına sərəncam qabiliyyətini itirmiş, ümumilikdə 4915.82 manat maddi ziyan çəkmişdir. İddiaçıya zəng etmiş dələduzlar tərəfindən iddiaçıdan yalnız 01 ədəd xüsusi avtorizasiya kodu istənilmiş və etibardan sui istifadə edərək onu əldə etmişdirlər. Lakin, iddiaçının kart üzərindən ödənişlərə nəzər yetirdikdə, burada həm elektron ticarət olan “www.binance.com” üzərindən ödəniş və “Apple Pay” ödəniş sistemi vasitəsilə olan “POS” terminal əməliyyatı olmuşdur. Bu onu deməyə əsas verir ki, iddiaçının autentifikasiya kodu olaraq verdiyi təhlükəsizlik kodu yalnız birinci əməliyyat, yəni www.binance.com elektron ticarət platforması tərəfindən daxil olan sorğuya aid “Apple Pay” ödəniş sisteminə qoşulması üzrə hər hansı təhlükəsizlik sorğusu daxil olmamışdır. Bu müddət ərzində iddiaçının “Leobank” mobil tətbiqinə tam çıxışı olsa da, heç bir əməliyyatı dayandıra bilmək imkanı olmamışdır. Azərbaycan Respublikasının “Ödəniş Xidmətləri və Ödəniş Sistemləri haqqında” qanunun 35-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı (hazırki halda “Bank”) ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir: Həmin qanunun 1.1.18-ci bəndinə əsasən, gücləndirilmiş müştəri autentifikasiyası autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi, istifadəçiyə məxsus olan və istifadəçinin sahib olduğu elementlərdən iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiyadır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## #### 2024cü il **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”-nın 3.2-ci bəndinə əsasən ödəniş xidmətlərindən istifadə edən müştərinin həssas ödəniş məlumatları açıqlandıqda gücləndirilmiş müştəri autentifikasiyası aparılmalıdır. Qaydaların 4-cü maddəsinə əsasən “Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş və ya fırıldaqçılıq əməliyyatlarını aşkar edən bütün əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır. Qaydaya əsasən: 1) Məxfiliyi pozulmuş və ya oğurlanmış autentifikasiya elementləri, 2) Ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlum olan fırıldaqçılıq ssenariləri, 3) Ödəniş hesabına giriş üçün istifadə olunan texniki cihaz və ya proqram təminatı ödəniş xidməti təchizatçısı tərəfindən təmin edildiyi təqdirdə texniki cihazın və ya proqram təminatının istifadəsinə dair loqlar əsasında hər bir əməliyyat üzrə davamlı monitorinq aparılmalıdır. Qaydaların 3.3-cü bəndinə əsasən ödəniş alətlərinin mobil tətbiqlərə və digər proqram təminatlarına əlavə edilməsi gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilmədən həyata keçirilə bilər, yalnız o vaxt ki, həmin əməliyyat həyata keçirilərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə ödəniş xidməti təchizatçıları tərəfindən autentifikasiya keçirilsin. Əlavə olaraq, qaydanın 4-cü maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı tərəfindən real vaxt rejimində aparılan risk analizi nəticəsində ödəniş xidməti istifadəçisinin qeyri-adi xərcləmələri və ya davranış tərzi, ödəniş xidməti istifadəçisinin texniki cihaz və ya proqram təminatına çıxışı üzrə qeyri-adi məlumat aşkar olunduqda əməliyyat yuxarı riskli hesab olunmalıdır və gücləndirilmiş müştəri autentifikasiyası həyata keçirilməlidir. Beləliklə, Maraqlı şəxs müəyyən etdiyi qaydalara əsasən, banklar əməliyyatları real vaxt rejimində monitorinq edərək risk analizi aparmalı, ödəniş alətləri (kartlar) başqa proqram təminatına əlavə edilərkən (Məsələn, “Apple Pay” proqram təminatı) autentifikasiya edilməlidir. Burada autentifikasiya dedikdə cavabdeh tərəfindən istifadə olunan “OTP” birdəfəlik kodun göndərilməsi nəzərdə tutulur. Cavabdeh qaydaların göstərilən tələblərini pozmuş, Mərkəzi Bankın qaydalarında da göstərildiyi kimi iddiaçıya hər bir əməliyyat üzrə ayrı-ayrılıqda autentifikasiya üçün “OTP” kod göndərilməli olduğu halda, iddiaçıya yalnız bir dəfə “binance.com” üzərindən ödənişin icra olunması üçün “OTP” kod autentifikasiya üzrə göndərilmiş, ödəniş alətinin üçüncü şəxsin “Apple Pay” hesabına əlavə olunması üçün “OTP” sorğusu göndərməmiş, əməliyyatın riskli, şübhəli olduğu bilinsə belə əməliyyat avtomatik risk analizindən keçmiş, (əməliyyat ölkə xaricində, xeyli miqdarda vəsaitin istifadəsi əsasında hesaba bağlı olmayan "Telefon" vasitəsilə həyata keçirilmişdir) iddiaçının cavabdehin mobil əlavəsində göstərilən “Kartı Blokla” çaşdırıcı məlumatı ilə iddiaçının kartı bloklaya biləcəyini bildirsə də, kartı “Apple Pay” üzərindən olan ödəniş üzrə kartı bloklamamış, bu barədə heç bir məlumat mobil tətbiqdə istehlakçını xəbərdaredici formada yerləşdirilməmiş, cavabdeh ona məlumat verilsə belə “Apple Pay” üzərindən əməlyyatı dayandıra bilməmiş, itirilmiş dəqiqələr daxilində iddiaçının hesabındakı kredit xətti üzrə ayrılmış məbləğdən 4915.82 manat naməlum xidmətlər və hesablar üçün çıxarılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus bank kartının avtorizə və autentifikasiya aparılmadan üçüncü şəxsin “Apple Pay” cüzdanına əlavə olunması və həmin “Apple pay” cüzdanı vasitəsilə iddiaçının avtorizasiyası və razılığı olmadan 4611.10 manat məbləğin bank hesabından silinməsində cavabdehin məsuliyyətinin tanınması və cavabdehin təqsiri üzündən ödəniş hesabından silinmiş 4611.10 manat məbləğin cavabdeh tərəfindən dərhal iddiaçıya məxsus ödəniş hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2025-ci il tarixində baş vermiş ödəniş əməliyyyatın iddiaçı tərəfindən heç bir avtorizə olunmadan aparılmasını, habelə iddiaçının heç bir razılığı və təsdiqi olmadan bank kartının üçüncü şəxsə məxsus “Apple Pay” cüzdanına "dələduzluq” məqsədi ilə edilən zəngdən bir neçə saat əvvəl 12:22 radələrində aktivləşdirilməsinin necə mümkün olmasının səbəblərinin araşdırılması və çıxarılmış pul vəsaitinin geri qaytarılmasına dair tədbirlər görülməsini tələb etmişdir. Cavabdeh tərəfindən bank kartının “Apple Pay” cüzdanına əlavə edilməsinin tam autentifikasiya olunmaqla həyata keçirildiyini sübut edən dəlillər təqdim etmədən, “OTP” kodun göndərildiyi iddia edilərək, məsələnin araşdırılmasından və çıxarılmış pul vəsaitinin geri qaytarılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilən iddiaçıya göndərilən 8117 nömrəsindən gələn "Kod" barədə ekran görüntüsündə mesajın saat 16:14-də gəlmişdir. Mesajdan da göründüyü kimi, həmin kod bilavasitə “binance.com" hesabina edilən 266.11 manat (ƏDV - 23.77 manat), və 38.61 manat (ƏDV - 3.33 manat) olan əməliyyatlar ilə bağlıdır. Həmin kod kartın "Apple Pay" cüzdanına əlavə edilməsini əhatə etmir. Cavabdeh göndərdiyi ## #### 2025-ci il tarixli cavab məktubunda iddiaçıya məxsus bank kartının mobil tətbiqdə qeydiyyatdan keçdiyi +************ nömrəsinə “Apple Pay” cüzdanına əlavə olunması ücün “OTP” kodunun göndərilməsini və bu kodun təsdiqlənməsini heç bir sübut göstərmədən iddia etmiş və bununla bağlı məsuliyyət daşımadığını bildirmişdir. Buna baxmayaraq, iddiaçının pretenziya məktubunda qeyd etdiyi “Apple Pay” cüzdanın aktivləşdirilməsinin nə üçün saat 12:22-də baş verməsi və heç bir kodun iddiaçıya gəlməməsinə aydınlıq gətirməmişdir. İddiaçıya məxsus telefondan "Leobank" mobil tətbiqdən əldə edilən ekran görüntüsündən göründüyü kimi “Apple Pay” cüzdanının aktivləşdirilməsi həmin gün 12:22-də baş vermişdir. Cavabdeh bank tərəfindən sözügedən hal ilə bağlı heç bir münasibət bildirilməmiş, habelə, Bank kartının “Apple Pay” cüzdanına daxil edilməsi üçün autentifikasiyanın aparıldığını sübut edən dəlillər təqdim etməmişdir. "Apple Pay" cüzdanının aktivləşdirilməsi yalnız "İphone" markalı telefon vasitəsi ilə mümkündür. Belə ki, “Apple Pay” cüzdanının aktivləşdirilməsi üçün iddiaçının heç bir zaman "Iphone" markalı telefona sahib və mülkiyyətində olmaması, o cümlədən, iddiaçının heç bir zaman banka hər hansı "İphone" markalı telefondan "LeoBank" mobil tətbiqin aktivləşdirilməsi üçün müraciət etməməsi faktı nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın ## #### 2024-cü il tarixli "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası"na uyğun olaraq, “Apple Pay” cüzdanının aktivləşdirilməsi üçün gücləndirilmiş müştəri autentifikasiyasının həyata keçirilməlidir. # ####### 2023-cü il tarixli "Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər"in 1.33.-cü bəndinə əsasən "Müştəri, icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı Müştərinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədi ilə hərəkət etməsinə şübhə olmasını və təhlükəsizliyin qorunmasıyla bağlı vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda Bank firıldaqçılıq əməliyyatının baş verdiyini və Müştəri tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları Müştəriyə təqdim etməlidir. Müştəri tərəfindən razılığın olması üçün heç bir SMS kodun gəlmədiyini bildirməsinə baxmayaraq, Bankın həmin kodun çatdırılmasını sübut olunması üçün heç bir addım atmamışdır. Bundan əlavə, cavabdeh Bank göndərdiyini iddia etdiyi “OTP”-kodların müştərinin mobil nömrəsinə çatdırıldığını və onun müştəri tərəfindən üçüncü şəxslərə təqdim edilməsini sübut edən sənədlər təqdim etməlidir. Qeyd edilənlərdən əlavə olaraq, cavabdeh “Apple Pay” vasitəsilə həyata keçirilən əməliyyatların dələduzluq əməliyyatı kimi mübahisələndirilə bilməməsini iddia etsə də, "Mastercard ödəniş sistemi"nin qaydalarının hansı bəndinə əsasən istinad etdiyini dəqiq qeyd etməmişdir. Belə ki, “Mastercard” ödəniş sisteminin qaydalarına əsasən “Apple Pay” vasitəsi ilə aparılan ödəniş əməliyyatları da digər əməliyyatlar kimi eyni hüquqi statusda mübahisələndirilir və geri qaytarma əməliyyatının predmeti ola bilər. Digər tərəfdən, hazırki iş üzrə məsələ cavabdeh bankın iddiaçının razılığı (avtorizə) olmadan iddiaçıya məxsus bank kartının “Apple Pay” cüzdanına daxil edilməsi zamanı qanunvericiliyə uyğun olaraq, təhlükəsizlik tədbirlərinə riayət etmədən bank tərəfindən təsdiq edilməsi və bununla əlaqədar aparılmış bütün ödəniş əməliyyatları üzrə cavabdeh bankın məsuliyyəti məhkəmə vasitəsi ilə araşdırılıb müəyyən edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2025ci il tarixində naməlum şəxslər tərəfindən edilən telefon zəngi zamanı həmin şəxslərə bank tərəfindən göndərilmiş birdəfəlik təhlükəsizlik kodunu “OTP” təqdim etmiş, bundan sonra isə iddiaçıya məxsus bank kartı “Apple Pay” elektron cüzdanına əlavə edilmiş və kart hesabından müxtəlif əməliyyatlar həyata keçirilmişdir. Məhkəmə nəzərə almışdır ki, iddiaçı baş vermiş hadisənin dələduzluq yolu ilə törədildiyini, ona göndərilmiş “OTP” kodunun yalnız “binance.com” əməliyyatına aid olduğunu, “Apple Pay” sisteminə əlavə edilmə ilə bağlı ayrıca təsdiq kodu göndərilmədiyini və bank tərəfindən təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə həyata keçirilmədiyini iddia etmişdir. Lakin iş üzrə toplanmış sübutlar həmin halların cavabdeh “xxxx” X5 Səhmdar Cəmiyyətinin təqsiri nəticəsində baş verməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan, həmçinin “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, ##.##.2025-ci il tarixində iddiaçının mobil tətbiqdə qeydiyyatdan keçirdiyi telefon nömrəsinə bir neçə “OTP” bildirişi göndərilmiş, o cümlədən kartın “Apple Pay” cüzdanına əlavə olunması məqsədilə xüsusi xəbərdaredici məzmunlu “OTP” mesajı göndərilmişdir. Həmin mesajda kodun digər şəxslərlə paylaşılmaması, bank əməkdaşlarının heç vaxt şifrə tələb etmədiyi açıq şəkildə göstərilmişdir. Sonradan isə kartın “Apple Pay” sisteminə uğurla əlavə edilməsi barədə təsdiq mesajı göndərilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, mübahisəli əməliyyatlar məhz “OTP” kodlarının təsdiqlənməsindən sonra həyata keçirilmişdir. İddiaçı İddiaçı özü də məhkəmə araşdırması zamanı ona göndərilən kodu telefon danışığı zamanı üçüncü şəxsə təqdim etdiyini inkar etməmişdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən, ödəniş xidməti istifadəçisi ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etməlidir. Həmin Qanunun mahiyyətindən göründüyü kimi, ödəniş aləti üzrə autentifikasiya vasitələrinin məxfiliyinin qorunması ilk növbədə istifadəçinin vəzifəsidir. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində də qeyd olunmuşdur ki, kart sahibi mobil nömrəsinə göndərilmiş birdəfəlik şifrəni üçüncü şəxsə açıqlamaqla qanunvericilikdən irəli gələn təhlükəsizlik öhdəliyini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının “OTP” kodunu üçüncü şəxsə təqdim etməsi kobud ehtiyatsız davranış kimi qiymətləndirilməlidir. Belə ki, bank tərəfindən göndərilən təhlükəsizlik mesajlarında kodun digər şəxslərlə paylaşılmaması açıq şəkildə göstərilmiş, habelə bank əməkdaşlarının heç vaxt “OTP” kod tələb etmədiyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, iddiaçı həmin məlumatları üçüncü şəxsə təqdim etmişdir ki, bu da sonrakı əməliyyatların həyata keçirilməsinə şərait yaratmışdır. Məhkəmə iddiaçının “Apple Pay” sisteminə əlavə edilmə üçün ayrıca “OTP” göndərilməməsi barədə arqumentini də əsaslı hesab etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş məlumatlarda və mobil operator məlumatlarında həmin tarixdə iddiaçının nömrəsinə bir neçə “OTP” bildirişinin göndərilməsi təsdiq edilmişdir. İddiaçı isə həmin mesajların ona çatmadığını və ya texniki baxımdan mümkün olmadığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən “Wagar’s iphone” aktivləşmə vaxtının 12:22 göstərilməsi ilə bağlı irəli sürülən arqument də cavabdehin izahatları ilə təkzib olunur. Belə ki, bank əməliyyatlarının UTC (X13) vaxt qurşağı üzrə qeydə alınması səbəbindən sistemdə görünən vaxt ilə yerli vaxt arasında fərq olması ağlabatan və texniki cəhətdən izah edilmişdir. İş materiallarında həmin halın əksini təsdiq edən hər hansı mütəxəssis rəyi və ya texniki sübut mövcud deyildir. Məhkəmə həmçinin nəzərə almışdır ki, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 3.3-cü bəndinə əsasən ödəniş alətlərinin mobil tətbiqlərə əlavə edilməsi gücləndirilmiş autentifikasiya tətbiq edilmədən həyata keçirilə bilər, lakin təhlükəsizliyin təmin olunması məqsədilə autentifikasiya aparılmalıdır. İş üzrə müəyyən olunur ki, bank tərəfindən “OTP” autentifikasiyası tətbiq edilmiş, həmin “OTP” isə iddiaçının öz mobil nömrəsinə göndərilmişdir. Sonradan həmin məlumatların üçüncü şəxsə açıqlanması bankın deyil, məhz istifadəçinin davranışı nəticəsində baş vermişdir. İddiaçının “Kartı blokla” funksiyasının “Apple Pay” əməliyyatlarını əhatə etməməsi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında kartın hansı konkret vaxtda bloklanmasını təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis rəyində də göstərilmişdir ki, bloklanmanın əməliyyatlardan əvvəl həyata keçirildiyini təsdiq edən sənəd olmadığı üçün bank tərəfindən bloklama öhdəliyinin pozulub-pozulmaması barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Digər tərəfdən, mübahisəli əməliyyatların “OTP” təsdiqindən dərhal sonra həyata keçirilməsi, əməliyyatların autentifikasiya olunmuş cihaz vasitəsilə icra edilməsi və bank sistemləri tərəfindən təsdiqlənməsi həmin əməliyyatların bankın daxili sisteminə kənar müdaxilə nəticəsində deyil, istifadəçi məlumatlarının üçüncü şəxslərə təqdim olunması nəticəsində baş verdiyini göstərir. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, bank tərəfindən “OTP” autentifikasiyası həyata keçirilmiş, təhlükəsizlik bildirişləri göndərilmiş, əməliyyatlar isə iddiaçının özü tərəfindən üçüncü şəxsə təqdim edilmiş məlumatlar əsasında icra olunmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının hesabından vəsaitin silinməsi cavabdeh bankın qanunsuz hərəkətləri nəticəsində deyil, iddiaçının fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarını üçüncü şəxslə paylaşması nəticəsində baş vermişdir. Odur ki, cavabdehin məsuliyyətinin tanınması və 4611.10 manat məbləğin bank tərəfindən iddiaçıya ödənilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına olan **************** nömrəli kart hesabından ##.##.2025-ci il tarixdə, saat 16:10-da heç bir razılığı və təsdiqi olmadan 4611.10 manat “X1 Technical See” adlı hesaba (abonent kodu – 961605) və ayrı ayrılıqda 266.11 manat (ƏDV ödənişi – 23.77 manat) və 38.61 manat (ƏDV ödənişi – 3.33 manat) olmaqla “binance.com” adlı hesaba (abonent kodu – 630347), cəmi 4915.82 manat məbləğində pul çıxarılmışdır. Belə ki, ona ##.##.2025-ci il tarixdə +99912117 nömrəsindən 16:10 radələrində zəng edilərək özlərini “LeoBank” əməkdaşı kimi təqdim edərək, bank kartının təhlükəsizlik parametrlərini gücləndirlməli olmasını və bank tətbiqetməsinə uzun müddətdir ki, daxil olmadığı üçün təhlükəsizlik bildirişinin gəlib-gəlməməsini və banka yaxınlaşmalı olduğunu bildirmişlər. O, məşğul olduğunu və yaxınlaşa bilməyəcəyini qeyd etdikdə isə “online” müraciət etməsinin mümkün olduğu bildirilmiş, həmin an tətbiqetməyə daxil olub bildirişi təsdiq etməsini istəmişlər. Lakin, həmin an o, telefon danışığından şübhələndiyi üçün dərhal bank kartını telefonda tətbiqetmə vasitəsilə bloklamış (saat 16:23-də), lakin kartını bloklamasına baxmayaraq, saat 16:27-də kartından pul çıxarılmasını aşkara çıxarmışdır. Ümumi olaraq kart hesabından 4915.82 manat məbləğində pul çıxarılmışdır. İddiaçı tərəfindən onun telefonuna yalnız 8117 nömrəsindən hansı məqsəd üçün istifadə olunması aydın göstərilməyən kod gəlmişdir. Lakin, “Apple Pay” cüzdanına əlavə edilməsini bildirən ayrılıqda göndərildiyi iddia olunan sms kod gəlməmişdir və təbii olaraq, iddiaçı tərəfindən görülməyən “OTP” kodun dələduzlara ötürməsi faktı mümkün deyildir. Eyni zamanda, bankın qaynar xəttinə təkrar zəng edərək, adından və kart hesabından köçürülən bütün əməliyyatların dayandırılmasını və onun heç bir icazəsi və razılığı olmadığını bildirmiş, çıxarılmış pulun əməliyyatının dayandırılmasını və geri qaytarmanın edilməsini xahiş etsə də, bank əməkdaşları pulun “Apple Pay” vasitəsilə çıxarıldığını və buna görə heç nə edə bilməyəcəklərini bildirmişlər. İddiaçının cavabdehə göndərdiyi ## ##### 2025-ci il tarixli pretenziya məktubu cavabdeh ilə bağlanılmış # ####### 2023-cü il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlər”in və # ###### 2023-cü il tarixli “X9”nin bəndlərinə tam uyğun olaraq tərtib edilmiş, həmin müqavilənin bəndlərindən irəli gələrək avtorizasiya olmadan və iddiaçıya heç bir “OTP” kodu göndərilmədən ona məxsus kartın üçüncü şəxslər tərəfindən “Apple Pay” cüzdanına əlavə edilməsi “faktı” mübahisələndirilmiş və həmin əməliyyatın nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Bank tərəfindən həmin məktuba heç bir halda rəsmi cavab verilməmiş, yalnız iddiaçının “Antinhisar dövlət Agentliyi və Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktor müavini Xəyal Babayevə ünvanlanan ## #### 2025 -cı il tarixli cavab məktubu göndərmişdir. Cavab məktubunda iddiaçıya məxsus kartın ##.##.2025-ci il tarixində ********** mobil nömrəsinə göndərilən “OTP” kodun təsdiqlənməsi nəticəsində “Apple Pay” cüzdanına əlavə olunmuşdur və “Mastercard” ödəniş sisteminin qaydalarına əsasən “Apple Pay” və “Google Pay” vasitəsi ilə həyata keçirilən əməliyyatlar dələduzluq kimi mübahisələndirilə bilməz. Buna görə də kartdan istifadə edilməklə həyata keçirilmiş bütün əməliyyatlara görə məsuliyyət birbaşa müştərinin üzərinə düşür və kartın itirilməsi , oğurlanması və ya müştərinin iradəsi xaricində digər vasitələrlə istifadəsi hallarında da, belə əməliyyatlara görə bankın məsuliyyət daşımadığını bildirmişdir. Cavabdeh tərəfindən isə həm şifahi qaydada, həm də ## #### 2025-ci il tarixli cavab məktubu ilə iddiaçının tələbinə imtina cavabı verilmiş, heç bir dəlil və sübutlar təqdim etmədən “Apple Pay” cüzdanına əlavə olunması üçün avtorizasiyanın baş verdiyi bildirilməklə, silinmiş pul vəsaitinin geri qaytarılması üçün heç bir addım atmamışdır. Məsələnin hərtərəfli araşdırılması üçün iddiaçı tərəfindən Məhkəməyə ## ###### 2026-cı il tarixli vəsatəti ilə məhkəmə ekspertizasının (kompüter texniki və ya audit (komplayens) əhatə edən) aparılması və aşağıdakı suaların qoyulmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatətdə dəqiq sualların verilməsinə baxmayaraq, həmin sualları qoymadan ## ###### 2026-cı il tarixli Qərardadı ilə “....mülki iş üzrə mübahisələndirilən müqavilənin Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarları ilə təsdiqlənmiş qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün Mərkəzi Banka və Maliyyə Monitorinqi Xidmətinə göndərilsin” məzmununda “Mütəxəssis rəyi”nin alınmasına dair qərar qəbul etmişdir. İddiaçı tərəfindən ## ###### 2026-cı il tarixli vəsatəti ilə cavabdeh Bank tərəfindən aşağıdakı halların- xüsusatların aydınlaşdırılması üçün sənədlər və sübutlar məhkəməyə təqdim edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir: iddiaçıya məxsus bank kartı ## ##### 2025-ci il tarixində “Wagar’s iphone” adlı istifadəçinin cihazı “Apple Pay” cüzdanına saat neçədə əlavə edilmişdir? “Apple Pay” cüzdanının əlavə edilməsi üçün autentifikasiya zamanı “gücləndirilmiş müştəri autentifikasiya” tətbiq edilmişdirmi? Hansı səbəblər əsasında edilməməsinə dair qərar verilmişdir? Göndərilmiş “OTP” sms-lərə dair “X7” (müştəriyə çatdırılmasına dair hesabat) və “OTP” Verifikasiya Log ları (timestamp və Device ID) təqdim edilsin. “Apple Pay” cüzdanına əlavə edilməsi zamanı “Provisioning” hansı mərhələ və addımlar əsasında baş vermişdir (Audit trail)? Bank tərəfindən təqdim edilən şəkildəki 4-cü sətr üzrə saat 16:50-də göstərilən kod hansı əməliyyatın avtorizə olunmasını nəzərdə tutulub? Bank tərəfindən hadisənin baş vermə səbəbləri (incident root cause analysis) araşdırılmışdırmı? Həmin araşdırma üzrə hesabat təqdim edilsin. Məhkəmə tərəfindən iddiaçının Bank tərəfindən sənəd və sübutların təqdim edilməsinə dair vəsatətə münasibət bildirilməmişdir. İddiaçı tərəfindən ## ###### 2026-cı il tarixli əlavə 3-cü vəsatət məhkəməyə təqdim edilərək, məhkəmə tərəfindən “xxxx” MMC-yə (Nar mobil operatoru) aşağıdakı göstərilən halların -xüsusatların aydınlaşdırılması üçün sorğu göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir: ## ##### 2025-ci il tarixində saat 16:10-da +9991117 nömrəsi ilə baş verən telefon danışıqların bütün loqlarını və stenoqramı təqdim edilsin. ## ##### 2025-ci il tarixində saat 16:22, 16:23 və 16:50-də “Leobank”dan SMSlər *** *** ** ** mobil nömrəsinə göndərilmişdirmi? Həmin gün *** *** ** ** mobil nömrəsinə çatdırılan bütün SMS-lərin IMEI/SIM çatdırılmasına dair sistem məlumatlarının çıxarışı təqdim edilsin. Məhkəmə tərəfindən sözügedən vəsatətə baxılaraq, “xxxx” MMC-yə sorğu göndərilmişdir. Həmin dövrdə “xxxx” MMC tərəfindən məhkəməyə heç bir cavab verilməmişdir. İş materiallarına daxil olan, “xxxx” MMC-nin X14 ASC-yə ünvanladığı ## ##### 2026-cı il tarixli cavab məktubunda mübahisələndirilən SMS bildirişlərin çatdırılması qeyd edilmişdir. Halbuki, iddiaçı tərəfindən vəsatətdə qaldırılmış sualların cavablandırılması üçün “xxxx” tərəfindən çatdırıldığı iddia olunan SMS-lərin çatdırıldığı “Device ID” cədvəldə təqdim edilməli olduğu halda, bununla bağlı heç bir məlumat təqdim edilməmişdir. Bir sms-in çatdırılmasını onun statusu yox, çatdırıldığı telefonun “İmei kodu” və “Device ID” məlumatları ilə müəyyən edilməsinə dair iddiaçı tərəfindən qaldırılan suallara heç bir cavab verilməmiş və münasibət bildirilməmişdir. Məsələ tam şəkildə araşdırılmadan, avtomatik sms-lərin çatdırılmış olması qənaətinə gəlinmişdir. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarını hərtərəfli araşdırmamış və bank kartının “Apple Pay” cüzdanına əlavə olunması zamanı tam autentifikasiyanın həyata keçirilmiş olub-olmamasını əhatə edən sübutlar tam əldə edilmədən qərar qəbul etmişdir. Nəticədə, SMS- lərin müştəriyə çatdırılması və onu hər hansı bir formada dələduzlara ötürməsi faktına dair cavabdeh bank tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində mübahisələndirilən əməliyyat zamanı tam autentifikasiyanın aparılması və iddiaçının tələbi ilə avtorizə olunmadan həyata keçirildiyinə görə geri qaytarma tələbinin yerinə yetirilməsi ilə bağlı Bankın hüquqi məsuliyyəti araşdırılmamışdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdeh bankın qaynar xəttinə müraciəti zamanı telefon vasitəsi ilə “kartın dərhal bloklanmasına dair tələb irəli sürsə də, bank işçisi ilə telefon danışığı edildikdən sonra, kart bloklanmamış və kartdan pul vəsaitlərinin çıxarılması ilə bağlı əməliyyatlar davam etmişdir. Bundan başqa iddiaçının bütün tələblərinə baxmayaraq, bank tərəfindən heç bir sübutlar təqdim edilməmişdir. Həmçinin, üçüncü şəxslər tərəfindən bank kartının “Apple Pay” hesabında aktivləşdirilməsi tarixi və saatı faktiki olaraq, iddiaçıya “OTP” kod-un göndərilməməsini sübut etməsinə baxmayaraq, cavabdeh öz cavab məktubunda təkidlə “OTP” kodun gəldiyini qeyd etmiş və avtorizasiyanı sübut edən dəlillər təqdim etməmişdir. Bu hal mübahisənin məhkəmə tərəfindən baxılması üçün məhkəmədən kənar (pretenziya) qaydasına riayət olunduğunu və mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkün olmamasını sübut edir. İddiaçı tərəfindən “Apple Pay” cüzdanının ona aid olmaması və heç bir avtorizasiya olunmadan aktivləşdirilməsi, “OTP” kodun göndərilməməsi faktları əsaslandırılaraq cavabdehə göndərdiyi müraciətdə bildirilmişdir. Cavabdeh tərəfindən müraciətdə qaldırılan məsələlərə heç bir əks dəlil və sübut təqdim etməmiş və hesabdan silinmiş pul vəsaitinin ödəniş hesabına bərpa etməkdən imtina etmişdir. İddiaçı cavabdehi həm “Qaynar Xətt” vasitəsi ilə, həm pretenziya məktubunda əsaslandırmaqla avtorizasiya olmadan ödəniş əməliyyatı barədə məlumat verilməsi və geri qaytarma barədə tələb irəli sürülməsinə baxmayaraq, bank tərəfindən heç bir geri ödəniş edilməmişdir. Bank, Müştəri tərəfindən ödəniş xidmətləri (“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan və bu Standart Şərtlər çərçivəsində Müştəriyə təqdim edilən xidmətlər) üzrə şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə Müştərini məlumatlandırır. Mübahisələrin həlli qaydasında müştəri tərəfindən təqdim edilən şikayətin və onun nəticələrinə dair məhkəməyə təqdim edilən tələbin məzmununun eyni olmasına dair heç bir xüsusi müddəa qeyd edilməmişdir. Belə ki, iddiaçı ## ##### 2025-ci il tarixində bankın qüsurlu xidməti nəticəsində ona zərər vurulmasının qarşısının alınması üçün əsaslandırılmış qaydada müraciət etmiş və müvafiq tədbirlər görülməsini tələb etsə də, cavabdeh tərəfindən qüsurlu xidmətin nəticələrinin aradan qaldırılması üçün heç bir tədbirin görülməməsi nəticəsində iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Göründüyü kimi məhkəmə iş üzrə sübutların tam şəkildə cavabdehdə toplanmasını və yalnız onda olan bank sistemindən çıxarışlar vasitəsi ilə iş üzrə sübutların və dəlillərin toplanması faktını nəzərdə saxlamamış və cavabdeh bankdan sistemdən çıxarışların tam şəkildə və əhatəli verilməsinə dair məlumatların təqdim edilməsini tələb etməmişdir. Həmçinin iddiaçının ## ###### 2026-cı il tarixli vəsatəti ilə cavabdeh Bank tərəfindən təqdim edilə biləcək sübutların malik olmasını bildirsə də, məhkəmə sözügedən vəsatəti təmin etməmiş və bankın qaldırılan suallara rəsmi cavab verməsini təmin etməmişdir. Məhkəmə qətnaməsində cavabdeh Bank tərəfindən iddiaçıya heç bir əsaslı cavab verilməməsi, habelə, pulun geri qaytarılması üçün müraciətinə heç bir əsas olmadan baxılmaması və icra edilməməsi, avtorizasiya halının baş verib-verməməsinin ətraflı araşdırılmaması halları müəyyən edilməmiş, pul vəsaitinin silinməsində, avtorizasiya olunmadan bank kartının “Apple cüzdan”ına əlavə edilməsi zamanı Bankın əməliyyatı təsdiq etmək öhdəliyi olması faktı ətraflı araşdırılması öz əksini tapmamışdır. Məhkəmə iddiaçı tərəfindən ## ###### 2026-cı il tarixli ekspertizanın aparılması və ekspert qarşısında sualların qoyulmasına dair, həmçinin, cavabdeh Bankdan sübut və dəlillərin təqdim edilməsinə dair Vəsatətlərə baxılmasını təmin etməmişdir. xxxx MMC tərəfindən təqdim edilən cavab məktubunun yarımçıq məlumatlar əsasında tərtib edilməsini nəzərə almamışdır. “X7” hesabatlarında SMS-in çatdırılması ünvanı və cihaz İMEİ kodu məlumatlarını da əhatə etməsinə baxmayaraq, həmin sənəddə həmin məlumatların heç biri qeyd edilməmişdir. Geri qaytarma əməliyyatının aparılmamasının səbəbləri araşdırılmamışdır. Cavabdeh Bankın “Mastercard ödəniş sisteminin qaydalarına əsasən “Apple Wallet” və “Google Pay” vasitəsi ilə həyata keçirilən əməliyyatların dələduzluq kimi mübahisələndirilə bilməz” ilə bağlı etirazının əsaslı olub olmaması aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən “Mastercard” Ödəniş Sisteminin qaydalarının hansı hissəsinə istinad edilməsinin dəqiq bildirilməsi tələb olunsa da bununla bağlı heç bir məlumat təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdeh Banka onun razılığı və avtorizasiyası olmadan çıxarılmış pul vəsaitinin geri qaytarılmasına dair müraciət etməsi və Bankın bununla bağlı heç bir hərəkət və addım atmaması faktı təqdim edilən pretenziya məktubu və cavabdeh Bankın cavab məktubunda da həmin müraciət faktı təsdiqlənsə də, məhkəmə Bankın pul vəsaitinin geri qaytarma məsuliyyətini və hüquqi öhdəliyini tam şəkildə araşdırmamışdır. Məhkəmə öz qətnaməsində bildirdiyi “Əməliyyatların autentifikasiya olunmuş cihaz vasitəsilə icra edilməsi və bank sistemləri tərəfindən təsdiqlənməsi” olmasına dair mövqeyinin hansı “sübut”lara istinad edərək formalaşdırılması aydın deyildir. İş materiallarına əlavə edilən sənədlərin heç birində çatdırıldığı iddia olunan sms-lərin “Device İD” və “İmei kod”u məlumatlarının verilməməsi və kartın 3-cü şəxslərə aid cihazda “Apple wallet”ə əlavə edilməsi zamanı gücləndirilmiş müştəri autentifikasiyasının aparılmasını – yəni, “OTP” kod” un iddiaçıya məxsus cihaza göndərilmiş olmasını sübut edən dəlillərin olmamasına baxmayaraq, Məhkəmə tərəfindən cavabdeh bankın verdiyi arqumentlər əsasında əməliyyatların autentifikasiya olunmuş cihaz vasitəsi ilə edilməsi qənaətinə gəlmişdir. Məhkəmə öz qətnaməsində “əməliyyatların iddiaçının özü tərəfindən üçüncü şəxsə təqdim edilmiş məlumatlar əsasında icra olunmasını” qənaətini “hansı fakt və ya sübut əsasında gəlməsini əsaslandırmamışdır. “xxxx” tərəfindən telefon danışıqlarının stenoqramı təqdim edilməmiş, sms-lərin iddiaçıya məxsus telefona çatdırılmasını sübut edən sənədlər təqdim edilməmişdir. Bununla əlaqədar, iddiaçının dələduzlara hər hansı kod ötürməsi faktı sübut edilməmişdir. Göründüyü kimi göndərildiyi iddia olunan “OTP” kodun iddiaçıya məxsus telefona gəlməsi və iddiaçı tərəfindən oxunulub dələduzlara ötürülməsinin iş materialarında olan heç bir sənəd və dəlillər ilə sübut edilməməsinə baxmayaraq, məhkəmə ekspertiza aparmadan sadəcə cavabdeh Bank tərəfindən təmin edilən izahatlar əsasında qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunu: 35.1. Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı aşağıdakı hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq etməlidir: 35.1.1. ödəyici ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda; 35.1.2. ödəyici ödəniş əməliyyatını elektron formada apardıqda; 35.1.3. ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə. 35.2. Ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq etməlidir. 38.1. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: 38.1.2. ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; 38.1.3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. 39.1. Ödəniş alətini emissiya edən ödəniş xidməti təchizatçısının vəzifələri aşağıdakılardır: 39.1.4. ödəniş xidməti istifadəçisi tərəfindən bu Qanunun 38.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən dərhal sonra ödəniş alətini bloklaşdırmaq. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydasının: 2.1. GMA-nın tətbiqi yalnız ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən iki və ya daha çoxunun istifadəsi nəticəsində həyata keçirilir. 3.3 Ödəniş alətlərinin mobil tətbiqlərə və digər proqram təminatlarına əlavə edilməsi GMA tətbiq edilmədən həyata keçirilə bilər. 3.13. Bu Qaydanın 3.1-ci, 3.3-cü, 3.4-cü və 3.12-ci bəndlərində nəzərdə tutulan əməliyyatlar həyata keçirilərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə ödəniş xidməti təchizatçıları tərəfindən autentifikasiya həyata keçirilməlidir Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.2025-ci il tarixində naməlum şəxslər tərəfindən edilən telefon zəngi zamanı həmin şəxslərə bank tərəfindən göndərilmiş birdəfəlik təhlükəsizlik kodunu (“OTP”) təqdim etmiş, bundan sonra isə iddiaçıya məxsus bank kartı “Apple Pay” elektron cüzdanına əlavə edilmiş və kart hesabından müxtəlif əməliyyatlar həyata keçirilmişdir. Hazırda iddiaçı baş vermiş hadisənin dələduzluq yolu ilə törədildiyini, ona göndərilmiş “OTP” kodunun yalnız “binance.com” əməliyyatına aid olduğunu, “Apple Pay” sisteminə əlavə edilmə ilə bağlı ayrıca təsdiq kodu göndərilmədiyini və bank tərəfindən təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə həyata keçirilmədiyini iddia etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmənin sorğusuna “xxxx” X5 Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə qeyd olunan əməliyyat “Apple Pay” vasitəsilə ödənilmişdir. Bu tip əməliyyatlar kartdan-karta köçürmə ilə deyil, ticarət məntəqəsi (merchant) üzərindən aparılır. Ticarət məntəqəsinin (merchant) məlumatları dedikdə aşağıdakılar nəzərdə tutulur: 1) Təşkilatın adı və identifikasiya nömrəsi – Merchant adı: X1 Technıcal Se, Merchant ID: 20**********; 2) Fəaliyyət sahəsinin kodu (MCC): 1711; 3) Ünvan və əlaqə məlumatları – Ünvan: Shop S09 X3 Q06 Building, Dubai, Əlaqə: +971522080146; 4) Xidməti göstərən bankın identifikatoru (Acquirer ID) – Acquirer ID: 019537. Odur ki, ##.##.2025-ci il tarixdə qeyd olunan əməliyyat nəticəsində vəsaitin köçürüldüyü bank hesabı, köçürülən bank hesabının sahibi olan hüquqi şəxsin qeydiyyat məlumatları, köçürülən bank hesabının sahibi olan hüquqi şəxsin qanuni səlahiyyətli şəxsinin məlumatlarının təqdim edilməsini imkanları xaricində olması bildirilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş cavab məktubu və ona əlavə edilən mütəxəssis rəyindən müəyyən olunur ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən, ödəniş xidməti istifadəçisi ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etməlidir. Qərardadda qeyd olunmuş məlumatlara əsasən, kart sahibi onun mobil nömrəsinə göndərilmiş birdəfəlik şifrəni 3-cü tərəfə açıqlayaraq, qanundan irəli gələn müvafiq vəzifə öhdəliyinin tələbini pozmuşdur. Qərardadda qeyd olunmuş məlumatlara əsasən, ödəniş xidməti istifadəçisi (kart sahibi) ödəniş kartını blokladığı halda kartından vəsait silinməsi baş vermişdir. Kartın bloklanma tarixini əks etdirən təsdiqedici sənəd təqdim olunmadığı üçün bloklanmanın vəsaitin silinməsindən əvvəl və ya sonra həyata keçirilməsi ilə bağlı rəy verilməsi mümkün deyil. Bloklanma qərardadda qeyd edildiyi kimi, vəsaitin silinməsindən əvvəl həyata keçirilmişdirsə, bu zaman bank tərəfindən ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatların aparılması məhdudlaşdırılmalı idi. Belə ki, Qanunun 38.1.3-cü maddəsinə əsasən, ödəniş xidməti istifadəçisi ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyəti olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmalıdır. Qanunun 39.1.4 cü maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı (bank) ödəniş xidməti istifadəçisi (kart sahibi) tərəfindən bu Qanunun 38.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən dərhal sonra ödəniş alətini bloklaşdırmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin ##.##.2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 3.3-cü bəndinə əsasən, ödəniş alətlərinin mobil tətbiqlərə və digər proqram təminatlarına əlavə edilməsi gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilmədən həyata keçirilə bilər. Bununla yanaşı, Qaydanın 3.13-cü bəndinin tələbinə əsasən, 3.3-cü bənddə nəzərdə tutulan əməliyyatlar həyata keçirilərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə ödəniş xidməti təchizatçıları tərəfindən autentifikasiya həyata keçirilməlidir. Başqa sözlə, ödəniş kartı “Apple pay” tətbiqinə əlavə edilən zaman bank tərəfindən autentifikasiya tətbiq edilməlidir. Lakin, kart sahibinin 3-cü tərəfə açıqladığı birdəfəlik şifrənin ödəniş kartının “Apple pay” tətbiqinə əlavə edilməsi üçün göndərildiyini təsdiq edən sənəd olmadığından qayda tələbinin pozulması ilə bağlı rəy vermək mümkün deyil. Beləliklə işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan, həmçinin “xxxx” MMC nin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, ##.##.2025-ci il tarixində iddiaçının mobil tətbiqdə qeydiyyatdan keçirdiyi telefon nömrəsinə bir neçə “OTP” bildirişi göndərilmiş, o cümlədən kartın “Apple Pay” cüzdanına əlavə olunması məqsədilə xüsusi xəbərdaredici məzmunlu “OTP” mesajı göndərilmişdir. Həmin mesajda kodun digər şəxslərlə paylaşılmaması, bank əməkdaşlarının heç vaxt şifrə tələb etmədiyi açıq şəkildə göstərilmişdir. Sonradan isə kartın “Apple Pay” sisteminə uğurla əlavə edilməsi barədə təsdiq mesajı göndərilmişdir. Bundan başqa iş materiallarında olan məlumatlardan görünür ki, mübahisəli əməliyyatlar məhz “OTP” kodlarının təsdiqlənməsindən sonra həyata keçirilmişdir. İddiaçı İddiaçı özü də birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə araşdırması zamanı ona göndərilən kodu telefon danışığı zamanı üçüncü şəxsə təqdim etdiyini inkar etməmişdir. Hətta iddiaçı iddia ərizəsində də ona gələn bir “OTP” kodunu dedikdən sonra səhv etdiyini anlamış, ona zəng edən şəxsin bankın əməkdaşı olmadıqlarını dərhal anlamasını və dərhal mobil tətbiqə daxil olaraq “Kartı blokla” funksionallığından istifadə etməsini göstərmişdir. Eyni zamanda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ödəniş aləti üzrə autentifikasiya vasitələrinin məxfiliyinin qorunması ilk növbədə istifadəçinin vəzifəsidir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis rəyində də qeyd olunmuşdur ki, kart sahibi mobil nömrəsinə göndərilmiş birdəfəlik şifrəni üçüncü şəxsə açıqlamaqla qanunvericilikdən irəli gələn təhlükəsizlik öhdəliyini pozmuşdur. Göründüyü kimi, iddiaçının “OTP” kodunu üçüncü şəxsə təqdim etməsi kobud ehtiyatsız davranış kimi qiymətləndirilməlidir. Belə ki, bank tərəfindən göndərilən təhlükəsizlik mesajlarında kodun digər şəxslərlə paylaşılmaması açıq şəkildə göstərilmiş, habelə bank əməkdaşlarının heç vaxt “OTP” kod tələb etmədiyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, iddiaçı həmin məlumatları üçüncü şəxsə təqdim etmişdir ki, bu da sonrakı əməliyyatların həyata keçirilməsinə şərait yaratmışdır. “OTP” kodu (One-Time Password) bir dəfə istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsidir və onlayn əməliyyatlar zamanı identifikasiya və kart sahibinin olduğunu təsdiqləmək üçün istifadə olunur. Bu kod, qeydiyyat zamanı və ya onlayn ödənişlər zamanı təhlükəsizliyi təmin etmək məqsədilə istifadəçinin kimliyini doğrulamağa kömək edir. Bununla yanaşı cavabdeh tərəfindən təqdim olunmuş məlumatlarda və mobil operator məlumatlarında həmin tarixdə iddiaçının nömrəsinə bir neçə “OTP” bildirişinin göndərilməsi təsdiq edilmişdir. İddiaçı isə həmin mesajların ona çatmadığını və ya texniki baxımdan mümkün olmadığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən “Wagar’s iphone” aktivləşmə vaxtının 12:22 göstərilməsi ilə bağlı irəli sürülən arqument də cavabdehin izahatları ilə təkzib olunur. Belə ki, bank əməliyyatlarının UTC (X13) vaxt qurşağı üzrə qeydə alınması səbəbindən sistemdə görünən vaxt ilə yerli vaxt arasında fərq olması ağlabatan və texniki cəhətdən izah edilmişdir. İş materiallarında həmin halın əksini təsdiq edən hər hansı mütəxəssis rəyi və ya texniki sübut mövcud deyildir. İşin sadalanan halları ilə müəyyən edilir ki, bank tərəfindən “OTP” autentifikasiyası tətbiq edilmiş, həmin “OTP” isə iddiaçının öz mobil nömrəsinə göndərilmişdir. Sonradan həmin məlumatların üçüncü şəxsə açıqlanması bankın deyil, məhz istifadəçinin davranışı nəticəsində baş vermişdir. Digər tərəfdən iş materiallarında kartın hansı konkret vaxtda bloklanmasını təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis rəyində də göstərilmişdir ki, bloklanmanın əməliyyatlardan əvvəl həyata keçirildiyini təsdiq edən sənəd olmadığı üçün bank tərəfindən bloklama öhdəliyinin pozulub-pozulmaması barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Mübahisəli əməliyyatların “OTP” təsdiqindən dərhal sonra həyata keçirilməsi, əməliyyatların autentifikasiya olunmuş cihaz vasitəsilə icra edilməsi və bank sistemləri tərəfindən təsdiqlənməsi həmin əməliyyatların bankın daxili sisteminə kənar müdaxilə nəticəsində deyil, istifadəçi məlumatlarının üçüncü şəxslərə təqdim olunması nəticəsində baş verdiyini göstərir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, ödəniş xidmətləri haqqında qanunvericiliyə və bank praktikasından irəli gələn qaydalara əsasən, fərdiləşdirilmiş təhlükəsizlik məlumatları (“OTP” kodlar, CVV/CVC, kart məlumatları) yalnız hesab sahibinin nəzarətində olan mobil nömrəyə göndərilir. Bankın informasiya sistemlərində “OTP” kodunun generasiya olunması və müştərinin qeydiyyatda olan nömrəsinə göndərilməsi avtomatik texniki prosesdir. Bu kodların daxil edilməsi və ya “Apple Wallet” / “Google Pay” tətbiqinə kartın inteqrasiyası fərdiləşdirilmiş təhlükəsizlik vasitələrindən istifadə olunmasının sübutudur. Bankın daxili sistem logları (əməliyyat jurnalları) bu autentifikasiyanın uğurla keçildiyini təsdiqləyir. Həmçinin ödəniş xidmətləri istifadəçisinin əsas vəzifələrindən biri fərdiləşdirilmiş təhlükəsizlik vasitələrinin konfidentsiallığını qorumaq və onları üçüncü şəxslərə ötürməməkdir. Məlumatların (“OTP” kodun) üçüncü şəxsin cihazında daxil edilməsi yalnız iddiaçının həmin kodu başqasına verməsi (və ya özünün daxil etməsi) nəticəsində mümkündür. Kodun bank tərəfindən üçüncü şəxsə birbaşa ötürülməsi texniki olaraq mümkün deyildir və bu hallar iş üzrə müəyyən edilməmişdir. Müştərinin öz ehtiyatsızlığı və ya aldanması nəticəsində təhlükəsizlik kodunu üçüncü şəxsə bəyan etməsi bankın məsuliyyətini istisna edir və zərərə görə cavabdehliyi müştərinin üzərinə qoyur. İddiaçının mobil operator tərəfindən stenoqramın və ya çatdırılma hesabatının təqdim edilməməsinə dair dəlillləri də əsassız olmuşdur. Belə ki, SMS bildirişinin mobil operator şəbəkəsinə ötürülməsi bankın sistemində qeydə alınır. Əgər nömrə aktivdirsə və SMS bankın serverindən uğurla çıxıbsa, bu, autentifikasiya prosesinin bank tərəfindən icra edildiyini sübut edir. “Apple Wallet”-ə kart əlavə edilərkən göndərilən “OTP” kod daxil edilmədən inteqrasiya baş tuta bilməz. Dolayısı ilə, prosesin tamamlanması faktının özü kodun daxil edildiyini (və iddiaçı tərəfindən ötürüldüyünü) subut edir. Bank müştərinin istifadə etdiyi fiziki cihazın IMEI kodunu və ya üçüncü şəxsin cihaz parametrlərini izləmək öhdəliyi daşımır. Bankın öhdəliyi əməliyyatın müəyyən olunmuş təhlükəsizlik protokollarına (“OTP” daxil edilməsinə) uyğunluğunu təmin etməkdən ibarətdir. Nəticə etibarı ilə müəyyən olunur ki, bank tərəfindən “OTP” autentifikasiyası həyata keçirilmiş, təhlükəsizlik bildirişləri göndərilmiş, əməliyyatlar isə iddiaçının özü tərəfindən üçüncü şəxsə təqdim edilmiş məlumatlar əsasında icra olunmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hesabından vəsaitin silinməsi cavabdeh bankın qanunsuz hərəkətləri nəticəsində deyil, iddiaçının fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarını üçüncü şəxslə paylaşması nəticəsində baş vermişdir, odur ki, cavabdehin məsuliyyətinin tanınması və 4611.10 manat məbləğin bank tərəfindən iddiaçıya ödənilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar