Məhkəmə qərarları › İş №e-2(3-6)-3530/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3530/2026

31.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3530/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.#.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh3 MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev 7 küçəsində yerləşən 4B binası, 4B bloku, 2-ci mərtəbə, ümumi sahəsi 103,99 kv.m. olan 3 otaqlı * saylı mənzilin alınmasına dair ##.##.2024-cü il tarixdə müqavilə bağlanılmışdır. Mənzilin ümumi dəyəri 119,589 manat təşkil etmişdir. Müqavilə şərtinə əsasən iddiaçı mənzilin ümumi məbləğinin 20%-i 23.918 manat ödəmiş, qalan 95.671 manat məbləği isə 120 ay müddətində ödənilməsi öhdəsinə götürmüşdür. Tovuz Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ##.##.2025ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, təşkilat və müəssisələrində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin bütün Ərazi İdarələrində, Daşınmaz Əmlakın dövlət qeydiyyatının həyata keçirən dövlət orqanlarında, MİS orqanlarında, Mənzil-Tikinti Kooperativlərində (MTK), o cümlədən “xxxx” MTK-də, İH-də, FHN-də, qeyri-dövlət təşkilatlarında, digər idarə, təşkilat və strukturlarda onu təmsil etməyi, onun adına daşınmaz əmlak özəlləşdirməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, ərizə yazmağı, imza etməyi, çıxarışı, texniki pasportu, əmlakı yüklü olub/olmaması haqqında arayışı (forma 1), Forma 2 və digər sənədlər almağı, toplamağı, təhvil verməyi, əvəzindən arayışları və digər sənədləri toplamağı, istənilən orqan, təşkilat və idarədən ona aid olan istənilən arayışı və sənədləri almağı, sənədləri toplamağı, istənilən orqana təhvil verməyi, rüsum və cərimələri ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 1 il müddətinə ##.##.2026-cı il tarixədək cavabdeh1 etibarnamə verilmişdir. Tovuz Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ##.##.2025ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən adında olan kreditin müqaviləsinin bağlanması ilə əlaqədar olaraq onu “xxxx” ASC-də və onun bütün filiallarında təmsil etməyi, kredit ödənişlərini etməyi, lazımi sənədləri, arayışları təqdim etməyi, ərizə verməyi, imza etiməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi 1 il müddətinə - ##.##.2026-cı il tarixədək cavabdeh1 etibarnamə verilmişdir. Tovuz Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ##.##.2025ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən harada yerləşməsindən asılı olmayaraq onun bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləğ, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, ipoteka ilə almaq, ipoteka (girovdan) azad etmək, əvəzləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi və s., bütün növ ərizələrə imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini 1 ay müddətinə ##.##.2025-ci il tarixədək cavabdeh1 etibarnamə verilmişdir. İddiaçı tərəfindən notarial qaydada yazılmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, cavabdeh3 MMC-nin inşa etdiyi binada adında olan və Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” yaşayış kompleksi ünvanında 4B blok, 2-ci mərtəbəsində yerləşən 103,99 kv.m. ümumi sahəsindən ibarət olan 3 otaqlı * nömrəli mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına MMC-yə geri qaytarılmasına müqaviləyə xitam verilməsinə və digər şəxsin adına keçirilməsinə (dəyişdirilməsinə) etirazı yoxdur, razıdır, gələcəkdə cavabdeh3 MMC-yə qarşı heç bir iddiası olmayacaq. “Satıcı” qismində İddiaçı ilə “Satıcı” qismində cavabdeh2 və “Şirkət” qismində cavabdeh3 MMC arasında bağlanılmış ##.##.2025-ci il tarixli, *-*M*B nömrəli müqaviləsinin surətindən görünür ki, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, 7 ünvanda “Şirkət” tərəfindən inşa edilən Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” yaşayış kompleksi ünvanında 4B blok, 2-ci mərtəbəsində yerləşən 103,99 kv.m. ümumi sahəsindən ibarət olan 3 otaqlı * nömrəli mənzilin “Satıcı” tərəfindən əldə edilməsinə dair Şirkət və “Satıcı” arasında ##.##.2024-cü il tarixli, *-*M-*B nömrəli müqavilə bağlanmışdır. “Satıcı” bu müqavilə üzrə hüquq və öhdəliklərini “Alıcı”ya ötürmək niyyətindədir. Fikir ayrılığı yaranmaması üçün tərəflər qəbul edir ki, “Satıcı” Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx” yaşayış kompleksi ünvanında 4B blok, 2-ci mərtəbəsində yerləşən 103,99 kv.m. ümumi sahəsindən ibarət olan 3 otaqlı * nömrəli mənzili “Alıcı” satmağı, “Alıcı” isə bunun qarşılığında “Satıcı”ya razılaşdırılmış pul vəsaitini ödəməyi və “Şirkət” isə müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi, o cümlədən bu müqavilənin müəyyən edilmiş qaydalara əməl etməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilənin 1.1-ci bəndində qeyd olunmuş mənzilin ümumi dəyəri 119.589 manatdır (bənd 1.2). “Alıcı” müqavilə üzrə mənzilin dəyərinin ilkin ödənişini 65.589 manat məbləği satıcıya ödəyir, qalan məbləği 54.000 manat isə “Alıcı” ilə “xxxxı” ASC arasında 60 ay müddətində bağlanacaq kredit müqaviləsinə əsasən banka ödəniş edir. Hazırda iddiaçı cavabdeh cavabdeh1 etibarnamə əsasında aldadılaraq satıldığı ##.##.2025-ci il tarixli 6 *M-*B saylı müqavilə bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 MMC-yə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 etibarnamə əsasında aldadılaraq satıldığı ##.##.2025ci il tarixli, **-*M-*B saylı alqı-satqı müqaviləsi bağlandığı gündən etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə cavabdeh3 MMC ilə *- *M-*B nömrəli alqı-satqı müqaviləsi imzalamışlar. Müqavilənin şərtlərinə əsasən Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, 7 ünvanda 4B bloku, 2-ci mərtəbə, * saylı mənzili 3-cü mərtəbə 103.99 kv.m. 119.582 manat dəyərində mənzili 20% ilkin ödəməklə, yəni 23.918 manatın ilkin ödəməklə qalan hissəsin 95.671 manatın 120 ay müddətinə xxxxına ödəməli idi. Müqavilə onun adına olmasına baxmayaraq ipotekanın pulu həyat yoldaşı Ceyhun İsgəndərov tərəfindən ödənirdi. Pulu hissə-hissə ödəyirdilər. 2025-ci ildə Ceyhun ona bildirmişdir ki, cavabdeh cavabdeh1 borcu yaranmışdır, onu ödəmək lazımdır. Buna görə də Səbuhi ilə razılaşmışdır ki, aldıqları evi ona etibarnamə ilə etibar edib, o, da öz növbəsində ev satıb öz pulunu götürüb, yerdə qalan pulu onlara qaytaracaqdı. O, buna görə də yoldaşı ilə birlikdə Tovuz Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə yaxınlaşmış və cavabdeh1 etibarnamə və əmlakın satılması üçün ərizə təqdim etmişlər. Bundan sonra cavabdeh cavabdeh1 evi öz yaxın qohumuna (kirvəsinə) satdığını bildirmiş və bundan onlara heç bir pul verməyəcəyini bildirmişdir. Onlar dəfələrlə Səbuhinin evinə getmişlər, sonuncu onlara qapıdan qovaraq pulun olmadığını bildirmişdir. O, da öz növbəsində cavabdeh Ceyhun İsgəndərovdan yapışaraq onun səhvinin ucbatından aldadıldıqlarını bildirsə də, hec bir nəticə olmamışdır. Göründüyü kimi, illərdir inandıqları və güvəndikləri dostu cavabdeh1 tərəfindən onun əmlakı mənimsəmişdir və evi onun yaxın qohumuna yalançı alqı-satqı müqaviləsi ilə satılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş iddiaçının həyat yoldaşı İsgəndərov Ceyhun Cavanşir oğlunun ifadəsindən görünür ki, Səbuhi ilə dost olmuş, iş birliyi olmuşdur. Belə ki, rus pulunu artıq qiymətə Səbuhidən alıb, iş görüb pul qazanırdı, lakin bir müddət qazanc əldə edə bilməmiş və Səbuhiyə 156.000 manat borcu yaranmışdır, hissəhissə onun bir hissəsini ödəmiş, 44.250 manat borcu isə ödəyə bilməmişdir. Sonra razılaşmışlar ki, Jalənin adına alınmış evi Səbuhiyə verilsin, həmin vaxt 75.000 manat qiymətlə razılaşmışlar, həmin məbləğdən borc çıxıldıqdan sonra Səbuhi 30.000 manat pulu onlara verməli idi. Lakin həmin pul verilməmişdir. Həqiqətən Səbuhi tərəfindən onun lombarda olan 21.000 manat borcu ödənilmişdir. Lakin Səbuhi demişdir ki, onunla iş birliyi nəticəsində yaxşı qazanc əldə edib, 21.000 manatı kömək kimi təmənnasız ödəyəcək. Məhkəmə iclasında izahatı alınmış cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının həyat yoldaşı Ceyhun ilə yaxın münasibətləri olub, dost olmuşlar. Ceyhunun ona 44.250 manat borcu olmuşdur. Ceyhun həmin pulu verə bilməmiş və təklif etmişdir ki, cavabdeh3 MMC-dən həyat yoldaşının adına rəsmiləşdirilmiş evi onun adına borcun əvəzinə keçirə bilərlər. Belə razılığa gəlinmişdir ki, Ceyhungil tərəfindən ilkin ödəniş kimi 24.000 manat MMC-yə pul ödənilmiş, razılığa qədər 8.400 manat ödəniş olmuş və 30.000 manat təminə xərc çəkilmişdir. Yəni 62.400 manat evə görə pul verilməsi ilə bağlı danışıq olmuşdur, şahid Ceyhunun dediyi kimi 75.000 manat yox. Eyni zamanda Ceyhun bildirmişdir ki, həyat yoldaşının lombardda qızılı var və 21.000 manat borc var, borc onun tərəfindən ödənilməlidir ki, həyat yoldaşı evin satılmasına razılıq versin. O, 21.000 manat lombarda ödəniş etmişdir və bundan sonra ona etibarnamə verilmiş və müqavilə dəyişdirilmişdir. 62.400 manatdan Ceyhuna olan borc 44.250 manat çıxıldıqdan sonra və 21.000 manat lombarda, “Beynəlxalq Bank”a gecikmə ilə bağlı 2.500 manat ödədikdən sonra iddiaçının ona 5.000 manatdan yuxarı borcu qalmış olur. Yəni danışıqdan artıq ödəniş etmişdir. Şahid deyir ki, lombarda 21.000 manat borc onun tərəfindən kömək üçün ödənilmişdir. Lakin bu belə deyil, o nə üçün kiminsə borcunu bağlamalı idi. Lombardın borcu ona görə ödənilmişdir ki, Ceyhunun yoldaşı Jalə evin satılmasına razılıq versin. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.#.2026-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində mübahisələndirdiyi müqavilənin bağlanılmasına, bununla da mənzilin özgəninkiləşdirilməsinə iradə ifadəsinin olmasını qeyd etmiş, lakin əmlak satıldıqdan sonra ona pul verilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının müqavilə əsasında cavabdeh3 MMC-dən əldə etdiyi mənzili özgəninkiləşdirilməsinə iradə ifadəsi olduğundan, həmin əmlakın özgəninkiləşdirilməsi iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirildiyindən, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsi müəyyən edilmədiyindən, əmlakın özgəninkiləşdirilməsindən əldə edilən pul vəsaitinin iddiaçıya ödənilməməsi əmlakı əldə edən vicdanlı alıcıya münasibətdə həmin müqavilənin etibarsız hesab edilməsinə əsas olmadığından, qaldırılan iddia təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin qəldiyi nəticə əsasızdır və qanunsuszdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbacan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdı. Göründüyu kimi cavabdehlə aralarında bağlanmış muqaviləyə əsasən alqı-satqı müqaviləsi əsassızdır və məhkəmənin bununla əlagədar çıxartığı qətnamə qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olması ilə əsaslandırmaqla yanaşı qeyd edilmişdir ki, mənzil hal-hazırda onun istifadəsindədir və iddiaçı tərəfindən ona boyun alınmış məbləğ tam ödənilməyib. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 4.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 16.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh3 MMC arasında ##.##.2024-cü il tarixdə mənzilin əldə edilməsinə dair müqavilə bağlanmış, sonradan həmin mənzilin özgəninkiləşdirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdeh1 adına etibarnamə verilmiş və həmin etibarnaməyə əsasən mübahisəli mənzil ##.##.2025-ci il tarixdə cavabdeh2 satılmışdır. İddiaçının öz izahatından da görünür ki, etibarnamənin verilməsi təsadüfi və ya onun iradəsindən kənar şəkildə baş verməmiş, əksinə, iddiaçı həyat yoldaşı ilə birlikdə cavabdeh1la razılaşaraq ona mənzili satmaq səlahiyyəti vermişdir. İddiaçının bildirdiyinə görə, məqsəd cavabdeh1 onlara olan borcunun mənzilin satılması yolu ilə təmin edilməsi, satışdan əldə olunan vəsaitdən öz pulunun götürülməsindən sonra qalan məbləğin iddiaçıya qaytarılması olmuşdur. Beləliklə, iddiaçının mənzilin özgəninkiləşdirilməsinə dair iradəsinin mövcudluğu mübahisələndirilmir. Əksinə, iddiaçı özü mənzilin satılması üçün cavabdeh1 etibarnamə verdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarsızlığı üçün isə qanunda nəzərdə tutulmuş konkret əsasların mövcudluğu müəyyən edilməlidir. Hazırkı işdə iddiaçı mübahisəli müqavilənin etibarsızlığına əsas kimi faktiki olaraq onun aldadıldığını, yəni mənzili satmaq üçün verdiyi etibarnamədən cavabdeh1 razılaşdırılmış məqsəddən kənar istifadə etdiyini və satışdan əldə etdiyi pul vəsaitini ona vermədiyini göstərir. Lakin burada nəzərə alınmalıdır ki, iddiaçı öz izahatı onun mənzilin satılmasına razı olduğunu və məhz bu məqsədlə cavabdeh1 etibarnamə verdiyini təsdiq edir. İddiaçının etibarnamənin verilməsi zamanı mənzilin satılmasına dair iradəsinin olmadığı barədə hər hansı mötəbər sübut iş materiallarında müəyyən edilmir. Əksinə, iddiaçı mənzilin satılması üçün etibarnamə verdiyini qəbul etməklə faktiki olaraq həmin əmlakın özgəninkiləşdirilməsinə əvvəlcədən razılıq verdiyini təsdiqləmişdir. Bu baxımdan mənzilin sonradan iddiaçının gözlədiyindən fərqli şərtlərlə satılması və əldə edilmiş vəsaitin iddiaçıya verilməməsi ilə nəticələnməsi həmin müqavilənin bağlandığı anda onun iradəsinin olmadığını göstərmir. Belə ki, iddiaçının əsas narazılığı ondan ibarətdir ki, cavabdeh1 mənzili satdıqdan sonra satışdan əldə etdiyi pul vəsaitini ona verməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, bu hal özlüyündə ##.##.2025-ci il tarixli müqavilənin etibarsızlığına səbəb ola bilməz. Belə ki, əqdin etibarsızlığı ilə əqdin icra edilməməsi və ya tərəflərdən birinin əldə etdiyi vəsaiti digər şəxsə ödəməməsi bir-birindən fərqli hüquqi məsələlərdir. Əqdin etibarsız hesab edilməsi üçün əqdin bağlandığı zaman onun etibarlılığına təsir edən qanuni əsas mövcud olmalıdır. Hazırkı halda isə işin halları iddiaçının iradəsinin mənzilin satılmasına yönəlməsini tam təsdiq edir. Belə ki, cavabdeh1 həmin mənzili satmaq səlahiyyəti verən etibarnamə təqdim edilmiş və satış da məhz həmin səlahiyyət əsasında həyata keçirilmişdir. Satışdan əldə edilmiş pul vəsaitinin sonradan iddiaçıya verilməməsi ilə bağlı yaranmış münasibət isə, zərurət olduqda, həmin pul vəsaitinin tutulması, öhdəliyin icra edilməsi və ya vurulmuş zərərin əvəzinin ödənilməsi kimi ayrıca tələb predmetini təşkil edə bilər. Lakin bu müqavilənin avtomatik olaraq etibarsız hesab edilməsini şərtləndirmir. İş materiallarından mübahisəli mənzilin cavabdeh2 satıldığı və müqavilənin iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında bağlandığı müəyyən edilir. İddiaçının təqdim etdiyi məlumatlardan görünür ki, yeni alıcının mənzili əldə edərkən onun cavabdeh1 tərəfindən mənimsənilməsi və ya iddiaçının iradəsinə zidd olaraq özgəninkiləşdirilməsi barədə məlumatlı olması sübuta yetirilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin mübahisəli müqavilənin bağlanması zamanı iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilmədiyi və əmlakın özgəninkiləşdirilməsindən əldə olunan pul vəsaitinin iddiaçıya ödənilməməsinin müqavilənin etibarsızlığına əsas yaratmadığı barədə gəldiyi nəticə əsaslıdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş və sübutlara onların məcmusu üzrə hüquqi qiymət vermişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı cavabdeh1 tərəfindən aldadıldığını və mənzilin yaxın qohumuna yalançı müqavilə əsasında satıldığını bildirir. Lakin iddiaçının bu barədə yalnız izahat verməsi müqavilənin aldatma təsiri altında bağlandığını təsdiq edən kifayət qədər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı aldatmanın nədən ibarət olduğunu konkret olaraq müqavilənin bağlanması mərhələsi ilə əlaqələndirməli və həmin aldatmanın onun iradəsinə təsir etdiyini sübut etməlidir. Halbuki iddiaçının öz izahatından görünür ki, o, mənzilin satılması üçün əvvəlcədən razılıq vermiş, cavabdeh1 müvafiq etibarnamə təqdim etmiş və mənzilin satılmasını nəzərdə tutmuşdur. Deməli, mübahisə mənzilin satılmasına dair iradənin formalaşması ilə deyil, satışdan sonra əldə edilmiş pul vəsaitinin iddiaçıya verilib-verilməməsi ilə bağlıdır. Bu isə yuxarıda qeyd edildiyi kimi müqavilənin etibarlılığı məsələsindən fərqli hüquqi münasibətdir. İddiaçı tərəfindən cavabdeh1 mənzilin satılması ilə bağlı etibarnamənin verilməsi həmin şəxsin iddiaçının adından və verilmiş səlahiyyət çərçivəsində hüquqi hərəkətlər həyata keçirməsinə imkan yaratmışdır. Bu səbəbdən etibarnamə üzrə nümayəndənin sonradan öz səlahiyyətindən sui-istifadə etməsi və ya əldə etdiyi vəsaiti etibar edən şəxsə verməməsi ehtimalı, ilk növbədə, nümayəndə ilə etibar edən şəxs arasındakı hüquqi münasibətlər çərçivəsində qiymətləndirilməlidir. Belə bir halın mövcudluğu üçüncü şəxslə bağlanmış əqdin avtomatik olaraq etibarsız hesab edilməsinə əsas vermir. Bunun üçün alıcının nümayəndənin hərəkətlərinin qanunsuzluğunu bildiyi və ya bilməli olduğu, yaxud qanunda nəzərdə tutulmuş digər etibarsızlıq əsasının mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə halların mövcudluğu sübuta yetirilmədiyindən və iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Məhkəmə Kollegiyası qeyd edir ki, L.Talıbova tərəfindən cavabdeh1 adına verilmiş etibarnamə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev 7 küçəsində yerləşən 4B binası, 4B bloku, 2-ci mərtəbə, ümumi sahəsi 103,99 kv.m. olan 3 otaqlı * saylı mənzil cavabdeh2 satılmаsı və bu barədə ##.##.2025-ci il tarixli müqavilə bağlanılması zamanı iradə ifadəsinin zədəli olması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı mənzilin satılmasına əvvəlcədən razılıq vermiş,cavabdeh1 mənzili satmaq səlahiyyəti verən etibarnamə təqdim etmiş,mənzil məhz həmin etibarnamə əsasında özgəninkiləşdirilmiş, iddiaçının mənzilin satılmasına dair iradəsinin etibarnamə verildiyi və müqavilə bağlandığı vaxt zədələnməsi sübuta yetirilməmiş, satışdan əldə edilmiş pul vəsaitinin iddiaçıya verilməməsi ayrıca hüquqi münasibət olmaqla, özlüyündə müqavilənin etibarsızlığına səbəb təşkil etmir və alıcının mübahisəli əqdi bağlayarkən iddiaçının iradəsinə zidd hərəkət edildiyini bildiyi və ya bilməli olduğu barədə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə də, iddiaçının tələbi mübahisələndirdiyi müqavilənin etibarsız hesab edilməsi barədə olsa da, faktiki olaraq onun bu mənzili sataraq cavabdehə olan borcunun ödənilməsi niyyətinin olması aşkardır və mübahisənin başlancığı və hazırki iddianın verilməsinin əsl səbəbinin mənzilin cavabdeh tərəfindən satıldıqdan sonra onun borc məbləğinin çıxılaraq qalıq məbləği iddiaçı tərəfə qaytarılmamasından qaynaqlanır ki, bu da hazırki iddianın predmetinə aid olmamışdır. Həmçinin, Məhkəmə Kollegiyası hesab edir ki, mənzil hal-hazırda iddiaçının istifadəsində olmaqla iddiaçı tərəfindən ona boyun alınmış məbləğin tam ödənilməməsi də iddianın əsaslı olmasını, başqa sözlə özünün verdiyi etibarnamə ilə bağlanmış müqavilənin etibarsızlığı üçün əsas olmamışdır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.#.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar