Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3774/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov Ilham Məmməd oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Iddiaçı şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi qərardadda qeyd etmişdir ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli məhkəmə əmri mövcud olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə mövcuddur və bu səbəbdən iddia rədd edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, o, cavabdeh banka qarşı əvvəllər heç bir zaman iddia qaldırmamış və tərəflər arasında iddia icraatı qaydasında baxılmış və qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qətnaməsi mövcud deyildir. Məhkəmənin əsaslandığı Ağdam Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli aktı iddia icraatı qaydasında qəbul edilmiş qətnamə deyil, sadəcə xüsusi icraat növü olan məhkəmə əmridir. Bankın birtərəfli müraciətinə əsasən, sənədlər üzrə mübahisəsiz hesab edilən borcun tutulmasından ibarətdir. Tərəflərindən illər ərzində (2019, 2021, 2023, 2024cü illərdə) icra edilmiş əhəmiyyətli ödənişlərin bank tərəfindən dürüst uçota alınmaması, balansın süni şəkildə şişirdilməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün əsas götürülmüş halların əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən kredit müqaviləsinin ləğv edilməsidir. Göründüyü kimi, 2016-cı ildə çıxarılmış məhkəmə əmrindən sonra faktiki və hüquqi hallar köklü surətdə dəyişmiş, borcun böyük hissəsi ödənilmiş və bank tərəfindən yeni əsassız faizlər hesablanmışdır. Bu səbəbdən hazırkı iddianın əsasları və predmeti ilə 10 il əvvəlki məhkəmə əmrinin əsaslarını eyniləşdirmək MPM-in 153.2.2-ci maddəsinin tələblərinin yanlış təfsir edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Həmçinin MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını qorumaq məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Nəsimi Rayon Məhkəməsi çıxardığı bu qərardadla onun bankın qanunsuz hərəkətlərinə qarşı iddia qaldırmaq, müqavilənin ləğvini tələb etmək və iş üzrə ekspertiza keçirilməsi vasitəsilə real borc balansını müəyyən etmək hüququnu əlimdən alır. Bu isə birbaşa ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir. Məhkəmənin istinad etdiyi “hüquqi müəyyənlik prinsipi” vətəndaşın qanunsuz olaraq şişirdilmiş borc tələblərinə qarşı özünü müdafiə etmək hüququnun tamamilə məhdudlaşdırılması və bankın aşkar qanunsuzluqlarına hüquqi don geyindirilməsi üçün əsas ola bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni yoxlayaraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Iş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmri ilə İddiaçı və digər borclulardan “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tərəflər arasında bağlanmış ## ####### 2014-cü il tarixli, ****micBRD/** nömrəli kredit müqaviləsi üzrə borcun tutulması qərara alınmışdır. X4 tərəfindən həmin məhkəmə əmrinə verilmiş etiraz Ağdam Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır. Hazırda iddiaçı İddiaçı tərəfindən cavabdeh “X3”xxxx“X3” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ####### 2014-cü il tarixli, ****micBRD/** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, iş üzrə tərəflərin real borc öhdəliyinin və aparılmış ödənişlərin dəqiq balansının müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayin Məhkəməsinə müraciət edilmişdir. Iddia tələbindən görünür ki, iddiaçı məhz barəsində məhkəmə əmri qəbul edilmiş kredit müqaviləsinin ləğv edilməsini tələb edir, o cümlədən sözügedən məhkəmə əmri və hazırki iddia tələbi üzrə tərəflər eynidir. Beləliklə, iddiaçının hazırkı tələbi tərəflər arasında mövcud olan və məhkəmə aktı ilə qiymətləndirilmiş hüquq münasibətinin yenidən mübahisələndirilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisəli müqavilə tərəflərin arasında mövcud mübahisəyə dair məhkəmə aktı mövcud olduğundan hazırkı tələb üzrə mülki məhkəmə icraatı qaydasında iddianın qəbul edilməsinə yolverilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284.1-ci maddəsinə əsasən məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək bildirir ki, iddianın predmeti və onun əsası iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verən iddianı fərdiləşdirən iki elementdir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini iddianın predmetinə aid etmək olar. Iddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və sair kimi hüquqi faktlar təşkil edir. Odur ki, tərəflərin arasında mövcud olan kredit müqaviləsi üzrə qəbul edilmiş məhkəmə əmri nəticəsində yaranan prosessual hüquqi nəticələr işin mahiyyəti üzrə həll edilməsi ilə mülki prosesin tamamlanması, buna müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə yenidən mübahisə açılmasının qarşısının alınmasından ibarətdir. Hazırki iddia tələbinin tərəfləri, əsası və predmetinə əsasən də müəyyən edilir ki, qeyd edilənlərin hər biri sözügedən məhkəmə əmri üzrə eynilik təşkil edir və bu hal da öz növbəsində iddianın məhkəmə mübahisəsinin predmeti olması halını istisna edir. Belə olan halda, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsinə dair gəldiyi nəticə ilə məhkəmənin mübahisəyə baxmalı olmasını və prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməkdə haqlı olmuşdur. Beləliklə, mübahisənin mahiyyəti üzrə araşdırılmasının lazımsızlığı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilərək məhkəmənin uzunmüddətli sübutlar toplamaq, ekspertizalar təyin etmək və məhkəmə baxışı keçirmək ehtiyacı aradan qaldırılmışdır ki, bu da minimal vasitə sərf etməklə maksimal hüquqi səmərə yaratmış, o cümlədən fərqli məhkəmələr tərəfindən bir-birinə zidd qərarların çıxarılması əngəllənmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3774/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3774/2026
21.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver