Məhkəmə qərarları › İş №e-2(3-6)-4332/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4332/2026

16.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4332/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızından və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “istehlakçı hüquqlarının müdafiəsi və sair” tələbinə dair iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsini, iş üzrə cavabdeh qismində Cavabdeh MMC-nin (Kontakt / Kontakt Home) cəlb edilməsini, işin istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mübahisə olduğunun nəzərə alınmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən işin Yasamal Rayon Məhkəməsində baxılmasının mümkünlüyünə hüquqi qiymət verilməsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 110.1.8-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumundan azad edilməsini, cavabdehdən mübahisə predmeti olan noutbukun marka, model və seriya nömrəsinin təqdim edilməsinin tələb edilməsini, noutbukun cavabdehin anbar və elektron uçot sistemindəki hərəkət tarixçəsinin təqdim edilməsinin tələb edilməsini, noutbukun hansı tarixdə anbara daxil olduğunu və hansı tarixdə anbardan çıxarıldığının müəyyən edilməsini, noutbukun “Kontakt Home” Yasamal – İnşaatçılar filialına göndərilib-göndərilmədiyini müəyyən edilməsini, noutbukun kimə təhvil verildiyinin müəyyən edilməsini, noutbukun iddiaçıya təhvil verilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsini cavabdehə həvalə edilməsini, noutbukun iddiaçıya faktiki olaraq təhvil verilmədiyi müəyyən edilərsə, bu hala hüquqi qiymət verilməsini, noutbukun hazırda harada olduğunu müəyyən etmək üçün cavabdehin anbar, satış və elektron uçot məlumatlarının araşdırılmasını təmin edilməsini, zəruri hesab edildiyi halda noutbukun müəyyən edilməsi və onun hərəkət tarixçəsinin araşdırılması üçün müvafiq ekspertiza və ya mütəxəssis araşdırması təyin edilməsini, noutbukun cavabdehdə və ya onun nəzarətində olduğu müəyyən edildiyi halda həmin noutbukun iddiaçıya qaytarılmasını və ona təhvil verilməsinin təmin edilməsini, noutbukun üçüncü şəxsə verildiyi müəyyən edilərsə, onun kimə və hansı əsasla verildiyinin müəyyən edilməsini təmin edilməsini, noutbukun faktiki olaraq iddiaçıya təhvil verilmədiyini müəyyən edərək pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini təmin edilməsini, hazırkı iddia üzrə iddiaçıdan dövlət rüsumu tutulmamasını təmin edilməsini, mənəvi zərər və pul vəsaitinin tutulması barədə hər hansı tələb irəli sürmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi, iddiaçıya iddia icraatı qaydasında iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Hazırda iddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, iddiasının məhkəmə icraatı qaydasında qəbul edilməsini, ##.##.2022-ci il tarixli müqavilə üzrə cavabdeh Cavabdeh MMC tərəfindən müqavilənin şərtlərinə uyğun məhsulun ona faktiki və lazımi qaydada təhvil verilmədiyi müəyyən edilərək pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini, cavabdeh Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyinin lazımi qaydada icra edilməsi və müqaviləyə uyğun məhsulun ona təhvil verilməsinin təmin edilməsini, cavabdehdən mübahisə predmeti olan “Apple Macbook”un marka, model və seriya nömrəsi, anbar hərəkətləri, elektron uçot məlumatları, məhsulun hansı tarixdə və kimə təhvil verilməsi barədə məlumat və sənədlərin tələb edilməsini, məhsulun ona faktiki olaraq təhvil verilmədiyi və ya müqavilədə nəzərdə tutulan məhsula uyğun olmadığı müəyyən edilərsə, bununla bağlı hüquqi qiymət verilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini, zərurət yarandığı halda məhsulun faktiki vəziyyətinin və müqavilədə göstərilən məhsula uyğunluğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini, cavabdehin ondan 3075 manat borc tələb etməsinə əsas olmuş sənədlər və məhsulun faktiki təhvil verilməsi məsələsi araşdırılaraq həmin tələbin əsaslılığına hüquqi qiymət verilməsini, onun istehlakçı kimi qanunla qorunan hüquqlarının pozulması nəticəsində yaranmış vəziyyətin aradan qaldırılmasını, qanunla nəzərdə tutulduğu halda məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2022-ci il tarixində cavabdeh Cavabdeh MMC ilə “Apple Macbook” markalı noutbukun alınmasına dair müqavilə bağlamışdır. Cavabdehin özünün məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, həmin müqavilə üzrə onun adına “Apple Macbook” məhsulu rəsmiləşdirilmiş və məhsulun dəyəri üzrə ödəniş öhdəliyi müəyyən edilmişdir. Lakin mübahisə ondan ibarətdir ki, ona müqavilədə və satış zamanı təqdim edilməsi nəzərdə tutulan məhsulun yeni və müqaviləyə uyğun olması təmin edilməmişdir. Ona faktiki olaraq köhnə markalı və müqavilədə nəzərdə tutulan məhsula uyğun olmayan noutbuk təqdim edilmişdir. Hadisə Bakı şəhəri Səbail rayonunda yerləşən cavabdehin filialında baş vermişdir. Cavabdeh sonradan ona qarşı məhkəmədə iddia qaldıraraq ##.##.2022-ci il tarixli müqaviləyə əsasən “Apple Macbook” üçün 2724 manat, “Sleeve” kompüter çantası üçün 71,01 manat və əlavə olaraq cərimə olmaqla, ümumilikdə 3075 manat borcun ondan tutulmasını tələb etmişdir.Cavabdeh öz iddiasında məhsulun guya tam və qüsursuz şəkildə ona təhvil verildiyini təsdiq edən təhvil-təslim aktına istinad etmişdir. Lakin həmin sənədin mövcudluğu özlüyündə məhsulun faktiki olaraq müqavilədə nəzərdə tutulan yeni məhsul olduğunu və istehlakçıya müqaviləyə uyğun şəkildə təqdim edildiyini sübut etmir. Məhz buna görə mübahisənin həlli üçün cavabdehdə olan məhsulun marka, model və seriya nömrəsinin, həmin məhsulun anbar və elektron uçot sistemindəki hərəkətinin, anbara daxilolma və anbardan çıxarılma tarixlərinin, hansı filiala göndərildiyinin və kimə təhvil verildiyinin müəyyən edilməsi zəruridir. Cavabdehin öz iddiasında ##.##.2022-ci il tarixli müqaviləni və təhvil-təslim aktını sübut kimi təqdim etməsi də həmin sənədlərin həqiqi məzmununun və faktiki vəziyyətin məhkəmə tərəfindən araşdırılmasını zəruri edir. O, hesab edir ki, cavabdeh tərəfindən istehlakçı kimi onun hüquqları pozulmuş, müqavilə üzrə öhdəlik lazımi qaydada icra edilməmiş və bunun nəticəsində ona müqaviləyə uyğun məhsul təqdim edilməmişdir. Bu səbəbdən pozulmuş istehlakçı hüquqlarının bərpasını və cavabdehin müqavilə üzrə öhdəliyinin faktiki icrasının təmin edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə öhdəliklərinin lazımi qaydada və müqavilənin şərtlərinə uyğun icrasını nəzərdə tutan müddəalarına əsasən tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməlidirlər. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən istehlakçının keyfiyyətli, təhlükəsiz və müqaviləyə uyğun mal almaq hüququ vardır. Cavabdehin ona təqdim etdiyi məhsulun müqavilədə nəzərdə tutulan məhsula uyğunluğu və onun faktiki vəziyyəti mübahisə predmeti olduğundan, bu halların məhkəmə tərəfindən araşdırılması zəruridir. İddia tələblərini təsdiq edən sübutlar kimi aşağıdakı sənədlərin və məlumatların araşdırılmasını xahiş etmişdir: 1.##.##.2022-ci il tarixli müqavilə və onun əlavələri; 2. “Apple Macbook” üzrə ödəniş cədvəli;3. “Sleeve” kompüter çantası üzrə müqavilə və ödəniş sənədləri; 4. Cavabdehin məhkəməyə təqdim etdiyi təhvil-təslim aktı; 5. Cavabdehin ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu; 6. Tərəflər arasında olan yazışmalar və digər elektron sübutlar; 7. Cavabdehin anbar və elektron uçot məlumatları; 8. Məhsulun marka, model və seriya nömrəsinə dair məlumatlar; 9. Zərurət olduqda şahid ifadələri; 10. Zərurət olduqda ekspert rəyi. Mübahisənin həlli üçün mühüm əhəmiyyət daşıyan aşağıdakı məlumat və sənədlər cavabdehin sərəncamındadır. Bu səbəbdən məhkəmədən cavabdeh Cavabdeh MMC-dən mübahisə predmeti olan “Apple Macbook”un marka, model və seriya nömrəsinin; həmin məhsulun anbara daxil olduğu tarixin; anbardan çıxdığı tarixin; hansı mağaza və ya filiala göndərildiyinin; Səbail filialına göndərilibgöndərilmədiyinin; məhsulun kimə təhvil verildiyinin; məhsulun iddiaçıya təhvil verilməsini təsdiq edən sənədlərin; məhsulun anbar və elektron uçot sistemindəki hərəkət tarixçəsinin məhkəməyə təqdim edilməsinin tələb edilməsini xahiş etmişdir. Zəruri hesab edildiyi halda məhsulun müqavilədə göstərilən məhsula uyğunluğunun və faktiki vəziyyətinin müəyyən edilməsi üçün ekspertiza və ya mütəxəssis araşdırmasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən əsaslandırılması ondan ibarət olmuşdur ki, iddiaçı hazırki tələblə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İşə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-in 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı irəli sürdüyü tələblərini konkret və aydın göstərməmiş, tələblərini qeyri-müəyyən formada ifadə etmişdir. Yaranmış vəziyyət isə iddia ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-in 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin məhkəmə iddiaçıya iddia tələbini aydın və konkret qeyd etməklə iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu izah etməkdə haqlı olmuşdur. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı şəkildə qəbul edilmişdir, şikayətin dəlilləri ilə kollegiya razılaşmır və onları qərardadın ləğvi üçün əsas hesab etmir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar