Məhkəmə qərarları › İş №e-2(3-6)-4655/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4655/2026

25.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4655/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də göstərilmiş Formasına (məzmunun tamlığına, məğzinə və ardıcıllığına) riayət edilməmişdir. Apellyasiya şikayətində sadəcə olaraq işin halları sadalanmış, hansı maddi və prosessul hüquq normaların pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, hansı pozuntunun baş verməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə; birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafalar, habelə qrafaların məzmununu müəyyən edən əsaslar təsbit edilməmişdır. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyini aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilənlərdən əlavə apellyasiya şikayətində yönələn tələbin mahiyyəti (pozuntunun mövcudluğu) cavabdehin rəsmi gəlirləri barədə məlumatların əldə edilməsinə yönəlik vəsatətlərin həllinə yönəlmişdir ki, bu məsələ də məhkəmə qərarının icrası qaydasında həll edilən məsələdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş apellyasiya şikayətinin forması adlanan “Əlavə 2”-də göstərilən tələblərə əsasən: apellyasiya şikayəti verən şəxs, apellyasiya şikayəti verən şəxsin vəkili, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına,birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, imza və tarix başlıqlı qrafalardan ibarət apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə əsasən: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə görə: 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələbələrinə görə: Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.366.2.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq apellyasiya şikayətinə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar