Məhkəmə qərarları › İş №e-2(3-7)-714/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-714/2026

25.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-714/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və Topalhəsənli Bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Zurnabad kəndində müvəqqəti yaşayan vətəndaş İddiaçı təxminən 1 ha əkdiyi arpa sahəsinə baxış keçirilib və məlum olub ki, həmin arpa sahəsi kənd sakinlərinin iribuynuzlu mal-qarası tərəfindən otarılmışdır. Aktın doğruluğunu Zurnabad kənd nümayəndəsi X1, Topalhəsənli Bələdiyyəsinin sədri X3 və Zərərçəkən Kəlbəcər Rayon sakini İddiaçı imzaları ilə təsdiq etmişdirlər.

2. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi onların ## ###### 2025ci il tarixli № ***** sayli sorğularına cavab olaraq bildirirlər ki, ##.##.2025-ci il tarixli təsərrüfat başına kitabına əsasən adları aşağıda göstərilən Gəncə kənd sakini təsərrüfatlarında iribuynuzlu mal-qara olması haqqında: 1.Cavabdeh Qayim oğlu-6 iribuynuzlu inək 5 buzovu olub; 2.X12-İribuynuzlu malı yoxdur; 3.Zeynalov İsax Allahverdı oğlunun təsərrərüfatı arvadı X7 İribuynuzlu malı yoxdur; 4. X4 təsərrüfatı arvadı X8 adınadır- 4 iribuynuzlu inək 2 buzovu var; 5.İsmayılov Vüqar İbrahim oğlu ərazidə qeydiyyatda deyil yaşayır- ##.##.2025-ci il təsərüfat başına kitabda yox ələvə qeyd edilən jurnalda təsərrüfatında 19 baş iribuynuzlu malı var, 46 baş xırdabuynuzlu heyvanı var.

3. Göygöl rayon Topalhəsənli Bələdiyyəsinin sədri tərəfindən verilmiş məktubda bildirilir ki, onların ##.##.2025-ci il tarixli ***** nömrəli məktublarına cavab olaraq bildirilmişdir ki, Göygöl rayonu Zumabad kəndi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün İddiaçı 0.1 ha müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi barədə Topalhəsənli bələdiyyəsinə birləşmiş keçmiş Zurnabad bələdiyyəsinin arxivində heç bir rəsmi sənəd yoxdur. Əlavə olaraq bildirir ki, həmin dövrdə Zurnabad kəndində məskunlaşmış məcburi köçkünlərə qeyri-standart şəkildə torpaq sahələri müvəqqəti xarakter daşıması onların istifadəsinə təhkim edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona vurulmuş maddi ziyan 275 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə həmkəndlidir. Göygöl rayonun Zurnabad kəndində onun istifadəsində bir hektar torpaq sahəsi vardır. Bu barədə torpağın müvəqqəti istifadəsinə dair sənədi vardır. O, kənddə yaşadığından kənd təssərüfatı məhsulları əkib becərməklə məşğul olmuşdur. O, həmin bir hektar torpaq sahəsində hər il olduğu kimi, bu il də, yəni 2025-cı ildə taxıl, arpa əkmiş və cavabdeh Cavabdeh məxsus 11 baş iribuynuzlu heyvanları ilə ona məxsus əkin sahəsində olan arpa məhsulunu otartdırıb və nəticədə ona 275 manat maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh Cavabdeh məxsus 11 baş iribuynuzlu malı onun əkin sahəsinə yiyəsiz buraxdırılaraq otartdırıb məhv etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki halda iddiaçının əkibbecərdiyi Göygöl rayonu Zurnabad kəndi ərazisində torpaq sahəsinin olması, həmin sahəyə iddiaçı tərəfindən əkilməsi, həmin sahənin mal-qara daxil olması nəticəsində zərər dəyməsi işin halları və təqdim edilən sübutlarla öz təsdiqini tapmışdır. Lakin tətbiq olunan qanun normasının tələbindən irəli gələrək zərərin məhz cavabdeh tərəfin təqsiri-hazırki halda ona məxsus mal qara tərəfindən vurulması, cavabdehin hərəkəti ilə dəyən zərərin hansı hissəsi arasında səbəbli əlaqə və bundan sonra zərərin dəyəri iddiaçı tərəfindən sübut edilməmişdir. Həmçinin, iddiaçı dəymiş zərər məbləğini təqribi hesabladığını bildirmişdir.

8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 1096-1097 və 1110-cü Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

9. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh Cavabdeh özünə məxsus 11 baş iri buynuzlu malları istifadəsində olan əkin sahəsinə yiyəsiz buraxaraq məhsulunu otardırıb məhv etmişdir. Nəticədə maddi ziyana düşmüşdür. Prosessual hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Belə ki, o, məhkəməyə Göygöl rayonu, Topalhəsənli Bələdiyyəsinin sədri və Göygöl rayonu Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə ##.##.2025-ci il tarixli akt tərtib edib məhkəməyə təqdim etmiş və həmin aktdan da görünür ki, onların iştirakı ilə əraziyə baxış keçirərkən həqiqətən müəyyən olunmuşdur ki, ona məxsus təxminən 1 (bir) ha torpaq sahəsində əkdiyi arpa sahəsi kənd sakinlərinin iri buynuzlu mal-qarası tərəfindən otarılmışdır. Bildirir ki, tərəfindən müəyyən edilmişdir ki, ona məxsus arpa sahəsi cavabdeh Cavabdeh məxsus on bir baş iribuynuzlu malları əkin sahəsinə yiyəsiz buraxılaraq otarılmışdır. Məhkəmə isə bunları nəzərə almamışdır.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaqda arpa bitkisi əkmişdi. Cavabdehin heyvanları torpaq sahəsini dağıtmışdır. Tamamilə məhv olmuşdur. Ayrı-ayrı dörd nəfərə qarşı iddia qaldırmışdır. İçlərindən bircə Vüqar etiraf etmişdir. 102 polis çağrı mərkəzinə zəng etsə də, polislər gəlməmişdir.

13. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

16. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əkib-becərdiyi Göygöl rayonu Zurnabad kəndi ərazisində torpaq sahəsinin olması, həmin sahəyə iddiaçı tərəfindən əkilməsi, həmin sahənin mal-qara daxil olması nəticəsində zərər dəyməsi işin halları və təqdim edilən sübutlarla öz təsdiqini tapmışdır. Lakin tətbiq olunan qanun normasının tələbindən irəli gələrək zərərin məhz cavabdeh tərəfin təqsiri-hazırki halda ona məxsus mal qara tərəfindən vurulması, cavabdehin hərəkəti ilə dəyən zərərin hansı hissəsi arasında səbəbli əlaqə və bundan sonra zərərin dəyəri iddiaçı tərəfindən sübut edilməmişdir. Həmçinin, iddiaçı dəymiş zərər məbləğini təqribi hesabladığını bildirmişdir.

33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

34. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

35. İddiaçı apellyasiya şikayətinin dəlillərində işin iddia tələbində göstərdiyi faktiki halları barədə qeyd etsə də, məhkəmə kollegiyasının Göygöl rayon İcra Hakimiyyəti Başçısının Zurnabad Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və Topalhəsənli Bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Zurnabad kəndində müvəqqəti yaşayan vətəndaş İddiaçı təxminən 1 ha əkdiyi arpa sahəsinə baxış keçirilib və məlum olub ki, həmin arpa sahəsi kənd sakinlərinin iribuynuzlu mal-qarası tərəfindən otarılmışdır. Aktın doğruluğunu Zurnabad kənd nümayəndəsi X1, Topalhəsənli Bələdiyyəsinin sədri X3 və Zərərçəkən Kəlbəcər Rayon sakini İddiaçı imzaları ilə təsdiq etmişdirlər. Lakin ona məxsus arpa sahəsinin cavabdeh Cavabdeh məxsus on bir baş iribuynuzlu malların əkin sahəsinə yiyəsiz buraxılaraq otarılması təsdiqini tapmamışdır.

36. İddiaçı tərəfindən təqdim edilmiş CD diskə məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında baxış keçirilmiş, 6 ədəd video faylda kənddə gedən yol, yol kənarı ilə hərəkət edən iribuynuzlu heyvanlar, yol kənarında dayanmış insanlar və tapdalanmış sahə müəyyən edilmişdir. Lakin həmin sübut dəymiş zərərin məhz cavabdehin təqsiri səbəbindən baş verməsi və bu hərəkətlə zərər arasında səbəbli əlaqənin olması təsdiq edilməmişdir.

37. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

40. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar