Məhkəmə qərarları › İş №e-2(3-7)-850/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-850/2026

17.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-850/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 və cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları, X1 qızının katibliyi İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 və cavabdeh4 qarşı “yaranmış borcun ödənilməsinin təmin edilməsinə” dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair ## ###### 2024-cü il tarixli etibarnamədən görünür ki, ** FA *** markalı, BMW 528i Minik markalı avtomobil mülkiyyətçisi İddiaçı tərəfindən cavabdeh3 avtomobillə bağlı sərəncam vermək hüququ etibar edilmişdir. Həmin etibarnamə qüvvədən düşmüşdür.

2. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair ## ###### 2024-cü il tarixli etibarnamədən görünür ki, **-FA-*** markalı, BMW 528i Minik markalı avtomobil mülkiyyətçisi İddiaçı tərəfindən cavabdeh4 1 il müddətinə, ##.##.2025-ci il tarixinədək avtomobillə bağlı sərəncam vermək hüququ etibar edilmişdir.

3. ## ####### 2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh3 arasında Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş ##.##.2024 tarixli BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən BAN nömrəsi WBAXG5C55DDY34212, mühərrikin nömrəsi A6070365 və buraxılış ili 2012 olan BMW 528i MİNİK markalı, **-FA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə nəqliyyat vasitəsi 30000 manata qiymətləndirilmiş, 1500 manat ilkin ödəniş edilmiş, alıcı qalan məbləği ##.##.2024-cü il tarixdən etibarən 20 ay müddətində aylıq 1425 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

4. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün 165 manat dövlət rüsumu ödənilmişdir.

5. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən və vəkil bağlanılmış müqavilədən görünür ki, iddiaçı vəkilə xidmət haqqı olaraq 1 000 manat məbləğində pul ödənişi etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1987-ci il təvəllüdlü cavabdeh2, ##.##.1990-cı il təvəllüdlü cavabdeh4 və ##.##.1991-ci il təvəllüdlü cavabdeh3 müştərək qaydada 2012-ci il istehsalı olan BMW markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi ilə vurduqları maddi ziyanın əvəzi olaraq 24 000 manat məbləğində pulun və eləcə də hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1 000 manat və dövlət rüsmunun əvəzi olaraq ödədiyi 165 manat pulun, cəmi 25 165 manatın alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin əvvəlində 2012-ci il istehsalı olan BMW markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, 2024cü ilin oktyabr ayında pula ehtiyac duyduğu üçün avtomobili internet səhifələrində satışa qoymuşdur. Bundan bir neçə gün sonra avtosalon işlədən tanışı cavabdeh3 (055-304-88-38, 055-239-71-75, 050-357-53-50, ******-**-**) zəng edərək avtomobilini satmaq qərarına gəldiyini bildirmişdir. cavabdeh3 isə ona avtomobili hissə-hissə olmaqla 30 000 manata satılmasını təklif etmiş və o, onunla razılaşmışdır. Bundan bir müddət sonra isə Vahid avtomobili hissə-hissə ödəniş etməklə özünə almaq istədiyini bildirmiş və bu məqsədlə ##.##.2024-cü il tarixdə ** saylı notariat kontoruna hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlamışdırlar. Müqavilənin şərtlərinə əsasən Vahid ona 20 ay müddətinə hər ay 1 500 manat olmaqla cəmi 30 000 manat ödəməyi öhdəliyinə götürmüşdür. Lakin Vahid avtomobili ondan götürdükdən 2 ay ərzində sata biləcəyini və ona alqı-satqı məsələləri ilə narahat etməmək üçün ondan ona avtomobilə sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamə verməyi də xahiş etdiyi üçün ona müqavilə bağladıqdan sonra avtomobil üzərində sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamə vermişdir. Onuda qeyd edir ki, o buna görə ondan ilkin ödəniş olaraq heç bir məbləğdə pul almamışdır. O, 3 ay ərzində ona 4 500 azn pul vermiş və daha sonra pul ödənişini tam dayandırmışdır.##.##.2024-cü il tarixdə Vahidin avtomobili başqa bir şəxsə satdığını öyrənmiş, Vahidə zəng edib avtomobili satıb-satmadığı ilə maraqlandıqda o ayrı-ayrı şəxslərə borclarının olduğunu və borc yiyələrinin ondan polisə şikayətlər etdiyi üçün məcbur qalıb ona məxsus avtomobili dəyərindən aşağı 21 000 manata satıb borclarını ödədiyi bildirmişdir. Bu məqsədlə o, hətta cavabdeh4 gətirdiyi və adının sonradan cavabdeh2 olduğunu öyrəndiyi müştərilərin də razılığa gəldiyini ona bildirmişdir. Vahidin dediklərini eşitdikdən sonra onunla telefonda sözlü mübahisə edib pulumu və ya avtomobili mənə qaytarılmasın tələb etdim. Vahid mənə narahat olmamağı pulu qısa zamanda qaytaracağını bildirdi. Qısa araşdırmadan sonra müəyyən etdi ki, Vahidin onun kimi onlarla adamı aldadaraq və avtomobillərini ələ keçirib bu yolla sataraq pullarını mənimsəmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə Vahidə verdiyi etibarnaməni ləğv etdirmiş, etibarnamənin ləğv edildiyini öyrənən Vahid ona zəng edərək etibarnamənin bərpa edilməsini və pulu 1 gün ərzində ödəyəcəyini bildirərək yenicə rəhmətə getmiş atasının qəbrinə and içmişdir. Daha sonra isə onunla cavabdeh4 adında bir şəxs danışaraq, görüşmək təklif etmişdir. Onunla görüşdükdə Mirağa onu inandırdıki, hər hansı problem yoxdur, atvtomobilə isə cavabdeh2 adında bir müştəri tapılıb və alqı-satqı edildikdən sonra bir neçə gün ərzində onun pulu tam şəkildə ödəniləcək. Onu inandırmaq üçün cavabdeh4 hətta ona 1 500 manat ödəniş edərək pulun qalanının alqı-satqı gerçəkləşdirdikdən sonra edəcəyini bildirmiş, o isə çarəsiz qaldığı üçün və hüquqi məsələrdən anlayışı olmadığı üçün Vahid və Mirələmə inanıb ##.##.2024-cü il tarixdə cavabdeh4 elektron etibarnamə vermişdir. Bundan sonra avtomobil özgəninkiləşdirildi və avtomobil tam olaraq onun mülkiyyətindən çıxaraq Goranboy rayonu, Nadirkənd kəndində qeydiyyatda olan cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırda sözügedən avtomobilin kimin tərəfindən idarə olunmasını bilmir. O, cavabdeh4, cavabdeh3 və cavabdeh2 tərəfindən aldadılmışdır. Bununla əlaqədar həmçinin 102 Xidmətinə zəng edib polis orqanına şikayət etsə də hadisənin mülki xarakter daşıdığı üçün məhkəmə orqanlarına müraciət etməyimi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

8. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, ##.##.1987ci il təvəllüdlü cavabdeh2, ##.##.1990-cı il təvəllüdlü cavabdeh4, ##.##.1991-ci il təvəllüdlü cavabdeh3 və ##.##.1963-cü il təvəllüdlü cavabdeh1 müştərək qaydada 2012-ci il istehsalı olan BMW markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi ilə vurduqları maddi ziyanın əvəzi olaraq 24 000 manat məbləğində pulun və eləcə də hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1 000 manat və dövlət rüsmunun əvəzi olaraq ödədiyi 165 manatın pulun, cəmi 25 165 manatın alınaraq İddiaçı ödənilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

9. Həmçinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət göndərərək Turbo.az saytında avtomobillərə baxış zamanı təsadüfən müəyyən etdiyi və iddia ərizəsi üzrə cavabdehlər cavabdeh3 və cavabdeh4 əlbirliyini sübut edən sənədlər aşkar edərək CD diskə video format şəklində əlavə edərək CD diskə yazılmış video materialı mülki işin materiallarına əlavə olunması üçün qanuna müvafqi tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir.

10. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim K.İ.Vəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər cavabdeh4 və cavabdeh3 müştərək qaydada 24 000 (iyirmi dörd min) manat məbləğində borc pul, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1 000 (bir min) manat pul və ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı İddiaçı xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi mövcuddur. Müqavilədə 1 500 manat pulun cavabdeh3 tərəfindən İddiaçı ödənildiyi və qalan məbləğin ##.##.2024-cü il tarixdə etibarən 20 ay müddətinə 1 425 manat olmaqla İddiaçı ödəniləcəyi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq müqavilə şərtləri cavabdeh3 tərəfindən pozulmuşdur. Bu hal cavabdeh cavabdeh3 tərəfindən məhkəmə prosesində də təsdiq edilmişdir. Yəni məhkəmə müəyyən edir ki, müqavilə üzrə öhdəliyin pozulması halı üzrə cavabdeh3 şübhəsiz məsuliyyət daşıyır. AR Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

12. Məhkəmə digər cavabdeh cavabdeh4 münasibətdə qeyd etmişdir ki, Mirağa ilə iddiaçı arasında hər hansı bir müqavilə bağlanmasa da məhkəmə iclasında cavabdeh3lə cavabdeh4 tanış olduqları müəyyən edilmiş və iddiaçı cavabdeh3 verdiyi etibarnaməni ləğv etdirdikdən sonra cavabdeh4 iddiaçı ilə əlaqə saxlayaraq iddiaçıya 1 500 manat pul verməsi və avtomobilə müştəri tapdığını, qalan pulu alqı-satqıdan sonra verəcəyini bildirərək iddiaçıdan etibarnamə alması məhkəmədə qəti fikir formalaşdırır ki, cavabdeh4 da digər cavabdeh cavabdeh3 qədər məsuliyyət daşıyır. Məhkəmə bu qənaətə cavabdeh3 və cavabdeh4 izahatları nəticəsində gəlmişdir. cavabdeh4 özünü vicdanlı alıcı kimi təqdim edərək, pulunu verib avtomobili aldığını bildirsə də məhkəmədə bu izahata qarşı əsaslı şübhələr yaranmışdır. Belə ki, cavabdeh3 avtomobili cavabdeh4 satdığını bildirsə də iş materiallarında bununla bağlı heç bir sənəd mövcud deyil. Belə ki, iddiaçının və digər tərəflərin məhkəmədə verdikləri izahatlardan məlum olur ki, iddiaçının əvvəlcədən cavabdeh4 ilə tanışlığı olmamışdır. Yalnız iddiaçı etibarnaməni ləğv etdirdikdən sonra cavabdeh3lə iddiaçının arasında mübahisə yarandığından cavabdeh4 iddiaçını razı salmağa nail olmuşdur.

13. Məhkəmə digər cavabdehlər cavabdeh1 və cavabdeh2 münasibətdə hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclası zamanı cavabdeh1 izahatında bildirmişdir ki, oğlu cavabdeh2 avtomobili satış saytlarında olan elanlarda görərək almışdır. Belə ki, etibarnamə ona onlayn şəkildə verilmiş və həmin etibarnamə əsasında ona avtomobil üzərində sərəncam vermə hüququ verilmişdir. Həmin etibarnamə əsasında cavabdeh1 avtomobili oğlu cavabdeh2 adına rəsmiləşdirmişdir. Məhkəmə tərəflərin izahatlarından onların digər cavabdehlərlə sövdələşməsi olmadığını müəyyən etmişdir. Ona görə də məhkəmə cavabdeh1 və cavabdeh2 vicdanlı əldə edən hesab edir.

14. Məhkəmə, iddia tələbinin ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməli, “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə əsasən, tutulmalı məbləğ 165 manat müəyyən olunmalıdır (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi).

15. Məhkəmə həmçinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1 000 manat pul tələbi hissəsində də hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan vəkilə ödənilmiş xidmət haqqı barədə müqavilədən görünür ki, hazırkı mübahisə üzrə iddiaçı ona hüquqi yardımın göstərilməsinə görə Bakı şəhəri Suraxanı Rayon Vəkli Bürosunun vəkili Nümayəndə 1 000 manat məbləğində pul vəsaiti ödəmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 185.5, 217.4-cü maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin cavabdeh4 münasibətdə ləğv olunmasını, həmin hissədə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelllyator, eyni zamanda işə birinci instansiya məhkəməsində baxılan zaman kobud hüquq pozuntusuna yol vermiş hakim barəsində xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öz izahatlarından görünür ki, o, avtomobili cavabdeh3 könüllü şəkildə təhvil vermiş, avtomobil üzərində sərəncam verilməsi üçün müvafiq etibarnamə rəsmiləşdirmiş və beləliklə, avtomobilin sonrakı hüquqi taleyinin müəyyən edilməsinə şərait yaratmışdır. İddiaçı tərəfindən həyata keçirilmiş bu hərəkətlər onun həmin hüquqi nəticələri qəbul etdiyini və onlara razılıq verdiyini göstərən davranış kimi qiymətləndirilməlidir. Bu baxımdan iddiaçının sonradan avtomobilin dövriyyəsi ilə bağlı nəticələri qəbul etməyərək məsuliyyəti müqavilənin tərəfi olmayan üçüncü şəxslərin üzərinə qoymağa çalışması həm Mülki Məcəllənin 357-ci maddəsinin mahiyyətinə, həm də mülki hüquqda qəbul olunmuş vicdanlılıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun gəlmir. Şəxs öz iradəsi ilə yaratdığı hüquqi vəziyyətin nəticələrini sonradan inkar etməklə həmin nəticələri üçüncü şəxslərin üzərinə keçirə bilməz. İddiaçı isə özü tərəfindən bağlanmış müqavilə və verilmiş etibarnamə nəticəsində yaranmış hüquqi nəticələrə görə üçüncü şəxsi – cavabdeh4 məsul şəxs kimi göstərməklə faktiki olaraq hüquqlarından vicdanlı istifadə etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ziyanın yaranması iddiaçının özü tərəfindən avtomobil üzərində sərəncam vermək hüququnun digər şəxsə verilməsi və həmin şəxslə bağladığımüqavilə münasibətlərindən irəli gəlmişdir. Bu halda mübahisənin hüquqi mahiyyəti müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlıdır və həmin öhdəlik yalnız müqavilənin tərəfi olan şəxslərə aid edilə bilər. cavabdeh4 isə həmin müqavilənin tərəfi olmadığından onun üzərinə hər hansımülki-hüquqi məsuliyyət qoyula bilməz. iddiaçının özünün təqdim etdiyi sübutlardan, o cümlədən istinad etdiyi nisyə alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin alıcısı cavabdeh3dur. Deməli, müqavilədən irəli gələn ödəniş öhdəliyi də məhz həmin şəxsə aiddir. İddiaçının öz iradəsi ilə bağladığı müqavilədə alıcı kimi müəyyən etdiyi şəxsin öhdəliyini sonradan müqavilənin tərəfi olmayan başqa bir şəxsin üzərinə qoymağa çalışması nə qanunun mətnindən, nə müqavilənin məzmunundan, nə də mülki hüququn fundamental prinsiplərindən irəli gəlir. Əslində iddiaçının mövqeyi qəbul edilərsə, bu, mülki hüququn ən əsas prinsiplərindən biri olan müqavilənin məcburiliyi prinsipinin tamamilə mənasız hala gəlməsinə səbəb olar. Çünki bu halda hər hansı şəxs bir nəfərlə müqavilə bağlayıb, sonradan həmin müqavilədən irəli gələn tələbləri müqavilənin tərəfi olmayan digər şəxslərə qarşı irəli sürə bilərdi. Belə yanaşma isə hüquqi müəyyənlik prinsipini, mülki dövriyyənin sabitliyini və müqavilə azadlığını faktiki olaraq aradan qaldırmış olardı. Mülki Məcəllənin 600.2ci maddəsi də bir daha təsdiq edir ki, nisyə alqı-satqı münasibəti satıcı ilə alıcı arasında mövcud olan konkret müqavilə münasibətidir. Həmin norma satış qiymətinin müəyyən edilməsini və sonradan qiymət dəyişikliklərinin hüquqi nəticələrini tənzimləyir. Göründüyü kimi, qanunverici bütün hüquqi nəticələri yalnız müqavilənin tərəfləri ilə əlaqələndirmişdir. Qanunda nisyə alqısatqı müqaviləsindən irəli gələn borcun və ya məsuliyyətin müqavilənin tərəfi olmayan üçüncü şəxslərə aid edilməsini nəzərdə tutan hər hansı norma mövcud deyildir. Diqqətəlayiq hal ondan ibarətdir ki, iddiaçı bir tərəfdən cavabdeh3 ilə nisyə alqı-satqı müqaviləsinin bağlandığını etiraf edir, digər tərəfdən isə həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə görə tamamilə başqa şəxsi cavabdeh qismində göstərir. Bu isə hüquqi baxımdan ziddiyyətli olmaqla yanaşı, iddianın öz daxilində məntiqi uyğunsuzluq təşkil etdiyini göstərir. Əgər iddiaçının istinad etdiyi hüquqi əsas müqavilədirsə, o zaman məsuliyyət də müqavilənin tərəfinə aid edilməlidir. Əgər müqavilə hüquqi əsas deyildirsə, bu halda iddiaçı cavabdehlə arasında hansı hüquqi faktın mövcud olduğunu göstərməli və sübut etməlidir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquq və vəzifələr yalnız qanunda nəzərdə tutulmuş hüquqi faktlar əsasında yaranır. Lakin iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh4 arasında nə müqavilə bağlanmış, nə hər hansı əmlak verilmiş, nə zərər vurulmuş, nə əsassız varlanma baş vermiş, nə də qanunun hüquqi nəticələrin yaranması ilə əlaqələndirdiyi hər hansı başqa hüquqi fakt mövcud olmuşdur. Başqa sözlə, iddiaçı ilə cavabdeh4 arasında hər hansımülki hüquq münasibətinin yarandığını təsdiq edən hüquqi əsas ümumiyyətlə mövcud deyildir. Belə olan halda iddiaçı tərəfindən müqavilənin tərəfi olmayan cavabdeh4 qarşı tələb irəli sürülməsi hüquqi əsasdan məhrum olmaqla yanaşı, Mülki Məcəllənin 14-cü və 600-cü maddələrinin tələblərinə açıq şəkildə ziddir. İddiaçının tələbi faktiki olaraq müqavilə üzrə borclunun dəyişdirilməsinə, müqavilədən irəli gələn öhdəliyin qanunsuz şəkildə üçüncü şəxsin üzərinə qoyulmasına yönəlmişdir. Halbuki qanun belə imkanı nəzərdə tutmur. Buna görə də cavabdeh4 qarşı irəli sürülmüş iddia təmin edilə bilməz və rədd olunmalıdır. iddiaçı ilə cavabdeh cavabdeh4 arasında hər hansımüqavilə və ya digər əqd bağlanmamış, müvafiq dövlət orqanının və ya məhkəmənin hüquq münasibəti yaradan aktı qəbul edilməmiş, əmlakın əldə edilməsi, zərərin vurulması, əsassız varlanma və ya qanunun hüquqi nəticələrin baş verməsi ilə əlaqələndirdiyi digər hər hansı hal baş verməmişdir. Başqa sözlə, tərəflər arasında mülki hüquq münasibətinin yaranmasına səbəb ola biləcək hüquqi fakt ümumiyyətlə mövcud deyildir. Belə olan halda iddiaçı ilə cavabdeh cavabdeh4 arasında hüquq münasibətinin mövcudluğu barədə mövqeyi yalnız ehtimallara və subyektiv mülahizələrə əsaslanır. Halbuki hüquq münasibəti ehtimallardan deyil, qanunla müəyyən edilmiş hüquqi faktlardan yaranır. Mülki Məcəllənin 14-cü maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmadığı halda tərəflər arasında hər hansı hüquq və vəzifənin yarandığını iddia etmək hüquqi baxımdan əsassız olmaqla yanaşı, qanunun tələblərinə də açıq şəkildə ziddir. Məhkəmə iddianıcavabdeh4 münasibətdə təmin etsdə də iddiaçı ilə onun arasında mülki hüquq münasibətlərinin nədən yaranmasını ümumiyyətlə aydınlaşdırmamış, qətnamədə ümumiyyətlə hər hansımaddi hüquq münasibətinə istinad etməmişdir. mübahisələndirilən qətnamədən görünür ki, məhkəmə cavabdeh4 üzərinə 24.000 manat məbləğində pul öhdəliyi qoysa da, həmin nəticənin hansımaddi hüquq normasına əsaslandığını ümumiyyətlə göstərməmişdir. Qətnamədə nə Mülki Məcəllənin müqavilə öhdəliklərini tənzimləyən normalarına, nə delikt məsuliyyətini müəyyən edən normalara, nə əsassız varlanma institutuna, nə də müştərək məsuliyyət yaradan hər hansımaddi hüquq normasına istinad edilmişdir. Başqa sözlə, məhkəmə cavabdehin hansı hüquqi əsasla borclu hesab edildiyini müəyyən etmədən onu məsul şəxs elan etmişdir. Halbuki məhkəmənin vəzifəsi yalnız faktları sadalamaq deyil, həmin faktlardan irəli gələn hüquqi nəticəni konkret maddi hüquq norması əsasında əsaslandırmaqdır. Qətnamədə isə maddi hüquq normasının tətbiqi əvəzinə hakim tərəfindən şəxsi mülahizələr, ehtimallar və ümumi xarakterli ədalət mühakiməsi barədə fikirlər göstərilmişdir. Məhkəmə "Mirağa da digər cavabdeh qədər məsuliyyət daşıyır" nəticəsinə gəlsə də, bu məsuliyyətin hansı hüquqi institutdan, hansı qanun normasından və hansı hüquqi faktdan yarandığını izah etməmişdir. Qətnamədən görünür ki, məhkəmə bir tərəfdən iddiaçı ilə cavabdeh4 arasında hər hansımüqavilənin mövcud olmadığını etiraf edir, digər tərəfdən isə heç bir hüquqi əsas göstərmədən onu 24.000 manat məbləğində öhdəliyə cəlb edir. Məhkəmə bu nəticəyə hansımaddi hüquq normasının tətbiqi ilə gəldiyini göstərmədiyi kimi, həmin şəxsin hansı hüquqi fakt əsasında borclu hesab olunduğunu da müəyyən etməmişdir. Bu isə məhkəmənin sübutları hüquq normaları prizmasından deyil, əvvəlcədən formalaşmış qənaət prizmasından qiymətləndirdiyini göstərir. Diqqətəlayiq hal ondan ibarətdir ki, məhkəmə cavabdeh2 və cavabdeh1 ilə bağlı hissədə onların vicdanlı əldə edən olduqlarını qəbul etmiş, bunun üçün konkret hüquqi nəticə çıxarmışdır. Lakin cavabdeh4 ilə bağlı hissədə eyni hüquqi təhlili aparmamış, onun hansı hüquqi əsasla məsuliyyət daşıdığınımüəyyən etmədən yalnız ehtimallara əsaslanmışdır. Bu isə tərəflərə münasibətdə eyni hüquqi meyarların tətbiq edilmədiyini göstərir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, cavabdeh cavabdeh4 tərəfindən Goranboy Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş yazılı sübutları, tərəflərin izahatlarını, Whatsapp yazışmalarını, video materialları və digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək cavabdeh4 mübahisəli avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı münasibətlərdə iştirak etdiyini və iddiaçı qarşısında məsuliyyət daşıdığını müəyyən etmişdir. Apellyasiya şikayətində isə cavabdeh əsasən həmin sübutların ayrı-ayrılıqda və öz xeyrinə şərh edilməsinə, iddiaçı ilə onun arasında ilkin nisyə alqı-satqı müqaviləsinin olmamasına və bunun əsasında ümumiyyətlə məsuliyyətinin olmadığı qənaətinə gəlməyə çalışır. Lakin apellyasiya şikayətində işin bütün faktiki halları və sübutlar məcmu halında deyil, təcrid olunmuş şəkildə qiymətləndirilmişdir. Mübahisənin faktiti mahiyyəti cavabdehin apellyasiya şikayətində təqdim etdiyindən tamami ilə fərqlidir. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli avtomobilin hərəkəti yalnız İddiaçı ilə cavabdeh3 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi ilə məhdudlaşmamışdır. İş materiallarından və birinci instansiya məhkəməsində araşdırılmış sübutlardan müəyyən olunur ki, avtomobil sonradan cavabdeh3 tərəfindən cavabdeh4 verilmiş, bundan sonra isə cavabdeh4 avtomobilin taleyi ilə bağlı bilavasitə iddiaçı İddiaçı ilə əlaqəyə girmişdir. Daha mühüm hal ondan ibarətdir ki, məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş video materiallarda cavabdeh3 ilə cavabdeh4 eyni avtomobil salonunda fəaliyyət göstərdikləri, onların faktiki olaraq eyni iş mühitində və avtomobil alqısatqısı fəaliyyəti ilə əlaqəli olduqları müəyyən edilmişdir. Bu hal apellyasiya şikayətində ümumiyyətlə obyektiv və tam şəkildə qiymətləndirilməmişdir. Qeyd olunmalıdır ki, cavabdeh4 digə cavabdeh cavabdeh3 ilə bir-birini təsadüfən tanıyan iki şəxs olması barədə təsəvvür yaratmaqla cavabdeh faktiki münasibətlərin mahiyyətini gizlətməyə çalışır. Halbuki onların eyni avtomobil salonunda fəaliyyət göstərmələri, mübahisəli avtomobilin məhz Vahid tərəfindən Mirağaya verilməsi, daha sonra Mirağanın iddiaçı ilə birbaşa əlaqəyə girməsi və iddiaçıdan etibarnamə alması bir-birindən təcrid olunmuş hadisələr deyil. Bu hallar bir-biri ilə qarşılıqlı əlaqəli olan vahid faktiki münasibətlər zəncirini təşkil edir. Həmçinin apellyasiya şikayətində “Nihad ilə Mirağa arasinda müqavilə yoxdur” arqumenti mübahisənin bütün mahiyyətini əhatə etmir. Cavabdeh apellyasiya şikayətinin əsas hissəsində bildirir ki, Nihadla Mirağa arasında müqavilə bağlanmadığından Mirağanın məsuliyyətə cəlb olunması mümkün deyil. Hesab edir ki, bu arqument mübahisənin faktiki və hüquqi mahiyyətini birtərəfli təqdim edir. İddiaçının tələbi yalnız ilkin nisyə alqı-satqı müqaviləsi üzrə Vahid Əliyevin borcunun mexaniki olaraq Mirağaya keçirilməsinə əsaslanmır. Əksinə, Mirağanın sonrakı hərəkətləri ayrıca hüquqi əhəmiyyət daşıyır. Məhz birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edilmişdir ki, Nihadın Vahidə verdiyi etibarnamə ləğv edildikdən sonra Mirağa iddiaçı ilə əlaqə saxlamış, iddiaçıya 1.500 manat pul vermiş, avtomobilin satılması ilə bağlı münasibət yaratmış və iddiaçıdan etibarnamə almışdır. Belə olan halda Mirağanın “mən Nihadla heç bir münasibətdə olmamışam” mövqeyi iş materiallarında müəyyən edilmiş faktlarla uzlaşmır. Həmçinin qeyd edir ki, iş üzrə ən mühüm sübutlardan biri məhkəməyə təqdim edilmiş video materiallardır. Belə ki, sözügedən videomateriallardan da müəyyən olunur ki, Mirağa və Vahidin eyni avtomobil salonunda fəaliyyət göstərirlər. Həmin video materiallar cavabdeh3 ilə cavabdeh4 eyni avtomobil salonunda fəaliyyət göstərmələri barədə iddiaçının mövqeyini təsdiq edən mühüm obyektiv məlumat mənbəyidir. Bu sübutun əhəmiyyəti ondan ibarətdir ki, həmin görüntülər Mirağanın Vahidlə münasibətinin yalnız təsadüfi tanışlıqdan ibarət olması barədə mövqeyə şübhə yaradır. Əksinə, həmin sübut digər sübutlarla birlikdə qiymətləndirildikdə onların avtomobil alqı-satqısı fəaliyyəti çərçivəsində faktiki əlaqəsinin olduğunu göstərir. Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair qaydalarına görə sübutlar ayrıayrılıqda deyil, işin bütün halları ilə qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Ona görə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videomaterialı Whatsapp yazışmalarından, tərəflərin izahatlarından, etibarnamələrdən və avtomobilin hərəkət tarixçəsindən təcrid etmək düzgün olmazdı. Əksinə, həmin sübutların məcmusu müəyyən bir faktiki mənzərə yaradır. Həmçinin apellyasiya şikayəti ilə tanış olduqda müəyyən olunur ki, cavabdeh cavabdeh4 özünü vicdanlı alıcı kimi təqdim edir. Halbuki, onun "vicdanlı alıcı" olması barədə dəlilləri sübutlarla təsdiq olunmur. Lakin vicdanlı alıcı statusunun yalnız şəxsin öz izahatı ilə müəyyən edilməsi mümkün deyil. Vicdanlılıq konkret işin faktiki hallarından, şəxsin əldə etdiyi məlumatlardan, tərəflərlə münasibətindən və əşyanın əldə edilməsi şəraitindən müəyyən olunmalıdır. Hazırkı işdə isə cavabdeh4digər cavabdeh olan Vahid Əliyevlə yaxın faktiki əlaqəsi, onunla eyni avtomobil salonunda fəaliyyət göstərməsi, mübahisəli avtomobili məhz Vahiddən əldə etməsi, sonradan Nihadla birbaşa əlaqəyə girməsi, Nihadla avtomobil barədə danışıqlar aparması, 1.500 manat pul verməsi və Nihad tərəfindən ona etibarnamə verilməsi kimi hallar mövcuddur. Bu hallar birgə qiymətləndirildikdə Mirağanın özünü tamamilə prosesdən kənarda olan, təsadüfi və vicdanlı üçüncü şəxs kimi təqdim etməsi əsaslı görünmür. Həmçinin apellyasiya şikayətində Whatsapp yazışmalarına xüsusi əhəmiyyət verilərək iddiaçının guya Mirağaya avtomobili almağa “xeyir-dua verməsi” və etibarnaməni “səhvən ləğv etdiyini” bildirməsi ön plana çəkilir. Lakin hər hansı yazışmanın ayrı-ayrı cümlələrinin işin ümumi kontekstindən çıxarılması sübutun düzgün qiymətləndirilməsi hesab edilə bilməz. Yazışmaların tam məzmunu avtomobilin kim tərəfindən, hansı şəraitdə və hansı razılaşmalar əsasında hərəkət etdirildiyini müəyyən etmək üçün digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan başqa, iddiaçının etibarnamənin ləğv edilməsi ilə bağlı müəyyən ifadə işlətməsi avtomobilin satışından əldə edilməli pul vəsaitindən imtina etməsi anlamına gəlmir. Etibarnamənin verilməsi və ya müəyyən hərəkətə razılıq verilməsi öz-özlüyündə satış qiymətinin iddiaçıya ödənilməsini əvəz etmir. Əgər avtomobilin özgəninkiləşdirilməsi nəticəsində iddiaçının əldə etməli olduğu pul vəsaiti ona ödənilməmişdirsə, həmin pul vəsaitinin taleyi ayrıca müəyyən edilməlidir. Həmçinin qeyd edir ki, cavabdeh cavabdeh4 apellyasiya şikayətində Mülki Məcəllənin 600.1 və 600.2-ci maddələrə geniş istinad edilməsinin əsas məqsədi məsuliyyəti yalnız Vahid Əliyevin üzərində saxlamaqdır. Lakin burada cavablandırılmalı əsas məsələ ondan ibarətdir ki, cavabdeh4 məsuliyyəti ilkin nisyə alqı-satqı müqaviləsi üzrə alıcı olması ilə deyil, sonrakı faktiki münasibətlərdə iştirak etməsi ilə əlaqələndirilirsə, onda yalnız Mülki Məcəllənin 600-cü maddəsinə istinad etməklə məsuliyyətin olmadığı nəticəsinə gəlmək mümkün deyil. Başqa sözlə desək “Mirağa nisyə müqaviləsinin tərəfi deyil” faktı onun sonrakı hərəkətlərinin hüquqi qiymətləndirilməsini istisna etmir. cavabdeh4 verdiyi apellyasiya şikayətində diqqət çəkən məqamlardan biridə odur ki, apellyasiya şikayətinin özündə də etiraf olunur ki, Vahid tərəfindən avtomobilin Mirağaya satılmasına dair yazılı sənəd iş materiallarında yoxdur. Belə olan halda isə “Mən avtomobili almışam” məzmunlu izahatın öz-özlüyündə kifayət qədər sübut hesab edilməsi mümkün deyil. Hesab edir ki, Goranbiy rayon Məhkəməsinin hakimi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış qətnamə qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, məhkəmənin müvəkkilindən də müqavilə üzrə borcun tutulması barədə qənaətinin yalnış olduğunu bildirdi və şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, məhkəmə qətnaməsi maddi hüquq normaları baxımından əsaslandırılmadığına görə bu hal kobud pozuntu kimi qiymətləndirilməlidir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdeh cavabdeh4 cavabdeh3lə əlbir olduğunu, onların eyni məqsədlə hərəkət etdiklərini, bu səbəbdən də pulun onlardan müştərək qaydada tutulmalı olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia apellyatora münasibətdə təmin edildiyindən, apellyasiya şikayətində apellyator qətnaməni ona münasiətdə mübahisələndirdiyindən, bununla yanaşı qətnamənin əsaslılığına MPM-nin 386-cı maddəsinin tələbi baxımından da qiymət verildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh3 iddiaçı İddiaçı xeyrinə 24000 manat məbləğində pul və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır.

21. İşin tədqiq edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdeh cavabdeh3lə mülkiyyətində olan avtomobilin nisyə alqı-satqısı ilə bağlı müqavilə imzalamış, həmin müqavilənin şərtinə görə avtomobilin satış məbləği 30.000 manat alıcıya tam olaraq 20 ay müddətinə ödənilməli idi. Avtomobil etibarnamə əsasında alıcının istifadəsinə verilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh cavabdeh3 ona ümumilikdə 3 ay ərzində 4500 manat ödəniş etmiş, sonradan ödənişi dayandırmışdır. O, etibarnaməni ləğv etdirdikdən sonra, Mirağa adlı şəxs onunla əlaqə saxlamış, ona 1500 manat pul vermiş, bundan sonra isə iddiaçı qeyd edir ki, o cavabdeh4 etibarnəmə vermiş və sonuncu da həmin günü avtomobili özgəninkiləşdimişdir. İddiaçı hesab edir ki, cavabehlər onu aldadıb, avtomobilini ələ keçirmişlər. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin mahiyyətinə maddi hüquq normalarının tələbləri baxımından qiymət verməmiş, tələbə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir ki, bu hal da qətnamənin apellyasiya şikayətinin həcmindən asılı olmayaraq bütövlükdə ləğv edilməsi üçün hüquqi əsasdır. Belə ki, işə baxan məhkəmə mübahisə üzrə gəldiyi nəticəni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmalıdır.

22. Qeyd edilməlidir ki, iddia tələbinə hüquqi qiymət verilərkən ilk növbədə iddianın məqsədi, tələbin kimə qarşı qaldırıldığı, iddianın faktiki əsasları müəyyən edilməlidir.

23. Hazırkı işdə iddiaçı cavabdeh cavabdeh3lə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında sonuncu tərəfindən ödənilməmiş borcun ona qaytarılmasını istəyir. İddiaçı bu borcu cavabdeh3lə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməyən məbləğ kimi əsaslandırır. Başqa sözlə, iddiaçı cavabdeh3lə aralarında olan müqavilə münasibətlərinə əsaslanır.

24. İddiaçının digər cavabdeh cavabdeh4 qarşı tələbinin əsasını isə o təşkil edir ki, cavabdeh4 də cavabdeh3lə eyni mənafedən çıxış edir, o avtomobilin etibarnaməsini ləğv edəndə cavabdeh4 onunla əlaqəyə girərək ona 1500 manat pul vermiş və avtomobilə dair yeni etibarnamənin verilməsinə inandırmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh4 avtomobillə bağlı ##.##.2024-cü ildə sərəncam hüquqları da daxil etibarnamə verilmişdir.

25. Kollegiya hesab edir ki, tələbdə qeyd edilən dəlillər müqavilə üzrə tələb edilən borc məbləğinin cavabdeh4 də aid edilməsi üçün əsaslar yaratmır. Belə ki, iddiaçı tələbində avtomobil ilə bağlı bağlanmış sərəncamverici əqdləri mübahisələndirmir, onun tələbi avtomobilin geri qaytarılması ilə bağlı deyil, tələb məhz cavabdeh3lə bağlanmış müqavilə üzrə yaranmış borc məbləğinin geri tələb edilməsidir, hansı ki, cavabdeh4 həmin müqavilə üzrə tərəf olmamış, üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə olan halda, müqavilə tərəfi olmayan şəxsdən müqavilə üzrə yaranmış borcun tutulması qanuni və əsaslı sayıla bilməz.

26. Bunun davamı olaraq kollegiya qeyd edir ki, cavabdeh4 cavabdeh3 tanıması da məsələnin hüquqi mahiyyətini dəyişmir. İddiaçı avtomobilini müqavilə əsasında cavabdeh3 satmış, onun avtomobillə bağlı sonrakı hərəkətləri də həmin müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı olmuşdur. cavabdeh3 isə həmin müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, ödənişləri vaxtı-vaxtında həyata keçirməmişdir.

27. İddiaçı müqavilə üzrə 24000 manat pul tələb edir. Cavabdeh cavabdeh3 tərəfindən bu tələbə əks-sübut təqdim edilməmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh3 münasibətdə əsaslıdır və müqavilə üzrə yaranmış 24000 manat borc məbləği məhz sonuncudan alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin ikinci hissəsi hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 manat pulun tutulması tələbidir.

27. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 1000 manat vəkil ödənişi edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, vəkilə ödənilən haqq ağlabatan miqdarda müəyyən edilməlidir. Belə ki, işdən görünür ki, iş materialı cəmi bir cilddən ibarətdir, eyni zamanda iddia tələbi qismən təmin olunmuşdur. İşin mürəkkəbliyi də nəzərə alınarsa hüquqi yardıma görə 500 manatın cavabdeh cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.

29. Kollegiya apellyatorun işə baxan hakim barəsində xüsusi qərar çıxarılması barədə vəsatətinə münasibətdə bildirir ki, hazırkı mübahisə üzrə xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilmir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh3 Mirağa oğlundan iddiaçı İddiaçı xeyrinə 24.000 manat məbləğində pul tutulsun, hüquqi yardımın göstərilməsi (vəkil xidməti) üçün ödənilmiş pulun əvəzi olaraq 500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 manat pul tutulsun. Cavabdeh cavabdeh4 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 83 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdeh cavabdeh4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar