Məhkəmə qərarları › İş №e-2(3-7)-951/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-951/2026

28.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-951/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil İsaq oğlunun iştirakı ilə, İddiaçı İmanov Həbil Ramiz oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmanov Həbil Ramiz oğlu rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 35417 (otuz beş min dörd yüz on yeddi) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 203 (iki yüz üç) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə iddiaçı arasında ticarət münasibəti olmuşdur. 2024-cü ilin mart-aprel aylarında iddiaçı cavabdehlərə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə əlaqədar ümumi dəyəri 68000 (altmış səkkiz min) manat dəyərində olan dərman, boru, müxtəlif aksessuarlar vermişdir. Həmin məhsulların verilməsinə görə pulun bir hissəsi ödənilmiş, 35417 (otuz beş min dörd yüz on yeddi) manat pul isə hələ də qalmışdır. Hər dəfə iddiaçı cavabdehlərə zəng etdikdə hər biri digərinin pulu verməli olduğunu qeyd edərək öhdəliklərini yerinə yetirməkdən yayınmışlar. Cavabdehlər bildirdiklərinə görə şərik əkin əkmişlər. Lakin bu günə kimi iddiaçı ödədiyi pulları geri ala bilmir. Cavabdehlərlə dəfələrlə əlaqə saxlanılsa da, hər dəfə biri digərini günahlandıraraq pulu verməkdən yayınmışlar. Cavabdehlər əvvəllər iddiaçının zənglərinə cavab versələr də, sonradan heç cavab verməmişlər. Cavabdehlərlə olan danışıqları iddiaçı sübut kimi məhkəmə prosesində təqdim edəcək. Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Niftəliyev Mahir) iddianın cavabdeh1 qarşı əsaslı olduğundan təmin edilməsi, cavabdeh1 35417 (otuz beş min dörd yüz on yeddi) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 203 (iki yüz üç) manat alınaraq İmanov Həbil Ramiz oğluna verilməsi, İmanov Həbil Ramiz oğlunun cavabdeh2 qarşı 35417 (otuz beş min dörd yüz on yeddi) manat, vəkilə xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 203 (iki yüz üç) manat alınaraq ona verilməsi tələbi rədd edilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qətnaməsini tam ləğv edilməsi, iddiaçı İmanov Həbil Ramiz oğlunun iddia tələbinin ona aid hissədə tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin e-2(013)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Qeyd etmişdir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Hazırkı apellyasiya şikayətinə əlavə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, iddiaçı İmanov Həbil Ramiz oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 3201569502 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi aktivdir. Hazırki apellyasiya şikayətinə əlavə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 1900919062 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi passivdir. Hazırki apellyasiya şikayətinə əlavə etdiyi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 3400321512 VÖEN nömrəsi ilə qeydiyyata alınmış, riskli vergi ödəyicisi deyildir, ƏDV qeydiyyatında deyildir, vergi ödəyicisi kimi passivdir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi, yəni iddiaçı və cavabdehlər qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslərdir, həmçinin mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas fərdi sahibkar olan hər iki tərəfin gəlir əldə etmək məqsədilə məşğul olduqları birgə fəaliyyətdir. Belə olan halda hesab etmişdir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda sadalanan hal kifayət edir ki, hazırkı mübahisə MPM-nin tələblərinə və Ali Məhkəmə Plenumunun ##.##.2020-ci il tarixli Qərarının (bu Qərarın 12-ci bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Lakin birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Qeyd etmişdir ki, tərəfindən vəsatətlə birinci instansiya məhkəməsinə müraciət olunaraq hazırkı mülki işin kommersiya mübahisəsi olduğu bildirilərək, işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarına baxış keçirilən zaman tərəfindən verilmiş vəsatətin istər maddi, istərsə də prosessual cəhətdən kifayət qədər əsaslandırıldığı, həmçinin vəsatətin əsaslandırılması üçün tərəfindən zəruri sübutlar vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışlar vəsatətə əlavə edilərək birinci instansiya məhkəməsinə təqdim edildiyi açıq-aşkar görüləcəkdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən verilmiş vəsatəti nəzərə almamış, vəsatətə münasibət belə bildirməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində bildirmişdir ki, “Cavabdeh cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdeh cavabdeh1 iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İlk əvvəl bildirmişdir ki, birinci instansiya məhkəməsinin onun məhkəmə baxışına təkrarən gəlməməyi ilə bağlı bildirdiyi mövqe tamamilə əsassızdır. Qeyd etmişdir ki, o, iş üzrə ##.##.2026-cı il tarixə saat 09:10-a təyin edilmiş birinci məhkəmə baxışına məhkəmə iclasının başlanmasında 10a kimi məhkəmə iclas zalının qarşısında gözləsə də, məhkəmə iclası başlamamış, məhkəmə işçilərindən soruşduqda isə hakimin hələ də işə gəlmədiyi bildirilmişdir. O, də artıq gözləyə bilmədiyi üçün giriş qapısında dayanan polisə hakimin işə gəlmədiyini, saat 09:10-a təyin edilmiş məhkəmə iclasının hələ başlamamasına şahid olduğunu bildirmiş, o isə ona hakimin işə gəlmədiyini, heç bir şey edə bilməyəcəyini bildirmişdir. Elektron məhkəmə sistemində isə ##.##.2026-cı il tarixə saat 09:10-a təyin edilmiş məhkəmənin baxış iclasının nəticəsi kimi “Keçirilmədi” yazılmışdır. Qeyd etmişdir ki, sözügedən iclas onun təqsiri ucbatından yox, hakim vaxtına məhkəmə iclasına başlamadığı üçün keçirilməmişdir. Hesab etmişdir ki, məhkəmə kollegiyası hazırkı iş üzrə ##.##.2026-cı il tarixə saat 09:10-a təyin edilmiş məhkəmənin baxış iclasının audi-video yazısına mövcud olub-olmamasını, əgər mövcuddursa iclasın nə zaman açılmasını, nə zaman qurtarmasını araşdıracaqdır. Həmçinin birinci instansiya məhkəməsinin hakimi öz qətnaməsində bildirmişdir ki, məhkəmə iclasına gəlməməyi barədə məhkəməyə lazımi qaydada məlumat verməmiş, icraatı yubatmaq istəmişdir. Bildirmişdir ki, hazırkı iş üzrə ##.##.2026-cı il tarixə saat 11:30-a təyin edilmiş ikinci məhkəmə baxışı zamanı məhkəmə iclasından əvvəl məhkəməyə vəsatət ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olduğu təqdirdə onun məhkəmə iclasına gəlməməyi barədə məhkəməyə lazımi qaydada məlumat verməməyindən, icraatı qəsdən yubatmaq məqsədinin olmasında söhbət belə gedə bilməz. Görünən odur ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında əvvəl vəsatətinə baxış belə keçirməmişdir. İş materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi alğı-satqı münasibətinin mövcud olduğunu bildirmiş, o, isə öz növbəsində belə münasibətlərin olmadığını, iddianın əsassız və şər-böhtan xarakterli olduğunu göstərmişdir. Məhkəmədə dindirilmiş şahid İmanov Ramiz Şəmil oğlu iddiaçının müvafiq şəkildə atası kimi qohumu olmaqla onunla yaxın ailə münasibətində olan şəxsdir. Bu hal onların ifadələrinin obyektivliyinə birbaşa təsir edən məqam kimi dəyərləndirilməli və həmin ifadələrin təkbaşına sübut kimi qəbul edilməsi üçün ehtiyatlı yanaşmasını tələb edir. Bu hal onların ifadələrinin obyektivliyinə birbaşa təsir edə bilən, onların işin nəticəsində maraqlı olmasını ehtimal etdirən hüquqi əhəmiyyətli məqamdır. Həmçinin maraqlısı isə ondan ibartədir ki, birinci instansiya məhkəməsi necə müəyyən etdi ki, həmin səs yazısı ona məxsusdur. Bundan başqa qeyd etmişdir ki, iddiaçı tərəflə aralarında onun həmin şəxslərə borcunun olmadığını təsdiq edən xeyli sayda yazışmalar və danışıqlar vardır ki, həmin yazışma və danışıqları məhkəmə iclasında məhkəmə kollegiyasına təqdim edəcək, sübutlar barədə izahlar verəcəyini bildirmişdir. Yuxarıda göstərilən bütün xüsusatlardan dolayı hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, işin faktiki hallarını düzgün müəyyən etməmiş, iş üzrə mövcud olan sübutlara, sənədlərə və izahlara lazımi hüquqi qiymət verməmiş, onları lazımi şəkildə araşdırmamış və nəticədə həm maddi, həm də prosessual hüquq normalarına zidd olaraq qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil İsaq oğlu izahatında mülki işin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Cavabdehlərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, iddiaçı İmanov Həbil Ramiz oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyində 3201569502 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Vergilər Nazirliyində 3400321512 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində 1900919062 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar