Məhkəmə qərarları › İş №e-2(3-8)-472/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-472/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-472/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ümumi əmlakdakı paya kompensasiya verilməklə xitam verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 15000 manat məbləğində kompensasiya verməklə, ünvan 1-dəki payına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçı ilə cavabdehin ümumi mülkiyyətindədir. Belə ki, bu mənzilin sahəsi 34.6 kv.m olan 2 otağı iddiaçının mülkiyyətində, sahəsi 12.7 kv.m olan 1 otağı isə Cavabdeh mülkiyyətindədir. Bu mənzildəki hal-hazırda iddiaçıya məxsus olan pay iddiaçıdan əvvəl mərhum anası X3 məxsus olmuşdur. Anası vəfat etdikdən sonra bu mənzildəki pay vərəsəlik hüququ əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Bununla əlaqədar iddiaçıya ##.##.2024-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Sözügedən mənzil iddiaçının mülkiyyətinə keçənə qədər mərhum anası ilə cavabdeh arasında bu mənzillə əlaqədar uzun müddət davam edən məhkəmə mübahisələri olmuşdur. Cavabdeh bu mənzildə cəmi bir neçə ay yaşamış, lakin 2003-cü ildən bu günə kimi bu mənzildə yaşamır. Hal-hazırda da onun başqa ünvanda mülkiyyətində mənzili vardır. Yəni onun yaşayış sahəsi kimi bu mənzilə ehtiyacı yoxdur. Sadəcə bu mənzilə dair Dövlət Reyestrindən çıxarışda mülkiyyətçi kimi adı getdiyi üçün hər dəfə müxtəlif bəhanələrlə məhkəməyə müraciət edir. Onun axırıncı dəfə məhkəməyə müraciəti nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ünvan 1-ün açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilərin paylarına mütənasib şəkildə bölünməsi qət edilmidir. Həmin bu qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Sumqayıt İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra isə bu mənzil hərraca çıxarılmış və bir neçə dəfə hərrac keçirilməsinə baxmayaraq bu günə kimi mənzil satılmamışdır. İşin hallarından da görünür ki, cavabdehin yeganə məqsədi bu mənzili necə olursa olsun satmaqdır. Lakin bu mənzil iddiaçının ata evidir və yaşayış sahəsindən əlavə bu mənzilin iddiaçı üçün mənəvi dəyəri də vardır. Ona görə də iddiaçı cavabdehə bu mənzildəki payına uyğun kompensasiya verməklə xitam vermək istəyir.

3. İddia tələbinə qarşı yazılı etiraz verilməmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək mənzilin ümumi bazar dəyərinin onun payına düşəcək olan hissəsinə razı olduğunu bildirmişdir. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyildir. Belə ki, evin bazar qiyməti, həmin ərazidə və şəraitdə olan evlərin aylıq kirayə haqqı baxımından kompensasiya məbləği ağlabatan deyildir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində təklif etdiyi kompensasiya məbləğinin cavabdehin mülkiyyət hüququna xitam verilməsi üçün əvəzləşdirmə məbləğinə uyğun olmadığını göstərmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, cavabdeh özü əvvəlki məhkəmə mübahisələrində 10000 manat məbləğində kompensasiya verməklə aralarında olan mübahisələrin yekunlaşmasına razı olduğunu bildirmişdir. Həmçinin mübahisə predmeti olan mənzil 6 ilə yaxındır ki, hərrac yolu ilə satışa çıxarılmış və 45000 manata təklif olunsa da yenə də bu mənzili alan tapılmamışdır. Ona görə də hesab edir ki, təklif etdiyi məbləğ həm bu mənzilin real bazar qiymətinə uyğundur, həm də haqq-ədalət prinsipinə uyğundur. Cavabdehin bu mənzildə cəmi 1-2 ay yaşadıqdan sonra bu mənzilin alınmasına və ya təmirinə 1 qəpikdə olsun pul xərcləmədən mülkiyyət hüququ əldə etməsi və bütün bunlara baxmayaraq ona 15000 manat məbləğində kompensasiya verilməsinə razılaşmaması nə qanunvericiliyə, nə də ədalət prinsipinə uyğun deyildir. Ona görə də hesab edir ki, bu qətnamə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Qanunun bu normasından görsənir ki, paylı mülkiyyət hüququna paya uyğun əvəz verilməsi yolu ilə xitam verilə bilər. O, da cavabdehə mübahisə predmeti olan mənzilin real bazar dəyərinə uyğun kompensasiya verməklə payına xitam verilməsini xahiş etmişdi. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən təklif etdiyi məbləğin paya uyğun olmadığı nəticəsinə gəlmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Bununla da MM-in 221-ci maddəsinin tələbləri pozulmuşdur. Mənzildən istifadə hüququ olan şəxsə kompensasiya verilməsi yolu ilə həmin hüququna xitam verilməsi nəzərdə tutulmuşdur. Buna əsaslanaraq cavabdehə müvafiq kompensasiya verməklə həmin bu mənzildən həm mülkiyyət həm də istifadə hüququnun xitam verilməsini xahiş etmişdi. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin obyektiv halları nəzərə alınmamış və bununla da MM-in 228.2cı maddəsinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mənzilə 80000 manat qiymət qoyulub, həmin məbləğdən 1 otaqlı mənzilin dəyərini verdikdən sonra özü mənzil ala bilmir. Bu səbəbdən 15000 manat kompensasiya təklif edir. Bundan artıq ödəniş edə bilmir. ödəniş etməyə pulu yoxdur, evin satılmasına razılıq verilsə, evi satıb paya uyğun məbləği verə biləcək. Nağd pulu yoxdur.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mənzilin ¼ hissəsinə mülkiyyətindən imtina qarşılığında 30000 manat tələb edir. Mübahisəli mənzildə yaşamır, birgə yaşamaq mümkünsüzdür. Mənzilin 12 kv.m onun mülkiyyətindədir. Qarşı tərəfə ¾ hissənin pulunu verməyə imkanı yoxdur. 15000 manat kompensasiya ilə razı deyil. Mənzilin dəyərinin ona düşəcək payı tələb edir. Ekspert rəyində qeyd edilən məbləğin payına uyğun, 21000 manata razıdır. Bununla belə fikirləşməyə ehtiyac vardır.

İşdə olan sübutlar

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 12,7 kv.m olan 1 otağı Cavabdeh, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 34,6 kv.m olan 2 otağı isə İddiaçı paylı mülkiyyətindədir.

13. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, RBG/D-R ***-***/** saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68.2 kv.m təşkil edən, 3 (üç) otaqlı mənzilin ## ###### 2025-ci il tarixinə bazar dəyəri - 92,800 (doxsan iki min səkkiz yüz) manat, likvid dəyəri – 83,520 (səksən üç min beş yüz iyirmi) manat təşkil edir.

Tətbiq edilən hüquq

14. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya baxışının hədləri

16. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlsə də münahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının tələbi paylı mülkiyyətdə olan əmlak üzrə cavabdehin payına müvafiq kompensasiya verməklə cavabdehin mülkiyyət hüququna xitam verilməsindən ibarət olsa da birinci instansiya məhkəməsi səhvən mübahisəyə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməklə iddianı rədd etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

19. Məhkəmə kollegiyası iddianın rədd edilməli olması ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli qərarında göstərilə hüquqi mövqeyə əsasən payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür. Belə ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə mülkiyyətçinin payı cüzi olmalı, naturada ayrılması mümkün olmamalı və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmamalıdır.

20. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzilin yaşayış sahəsinin 12,7 kv.m olan 1 otağı Cavabdeh, 34,6 kv.m olan 2 otağı isə İddiaçı paylı mülkiyyətində olmaqla, cavabdehin həmin əmlak üzərində olan payı cüzi hesab olunmur. Buna görə də iddiaçı yalnız ona pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik olmaqla, digər mülkiyyətçi olan cavabdehə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik olmamışdır.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qəismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edimləsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar