Məhkəmə qərarları › İş №e-2(3-8)-908/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-908/2026

10.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-908/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi, alğı-satqı, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət X4 İsmayılova ünvanladığı 24.10.2025ci il tarixli məktubdan görünür ki, “xxxx" MMCnin rəhbəri

1. Teymur Əlizadədən daxil olmuş məktubda malların Nicat Məmmədli tərəfindən əldə edildiyi, 1690 (bir min altı yüz doxsan) manat vəsaitin hissə-hissə ödəniş şərti ilə, 178 (bir yüz yetmiş səkkiz) manat vəsaitin isə nağd şəkildə rəsmiləşdirildiyi, həmin tarixdə əldə edilən mallar mağazanın anbarında kifayət qədər olduğu üçün çatdırılmasında heç bir problemin olmadığı, müştəri tərəfindən malların ##.##.2025-ci il tarixinə qədər mağazanın anbarında saxlanılmasının mağazadan xahiş etdiyi qeyd edilmiş, həmçinin bunu təsdiq edən sənəd Agentliyə təqdim edilmişdir. Bundan əlavə, məktubda satış taksitlə olduğu üçün bank faizinin və xidmət haqqının şirkət tərəfindən ödənildiyi, lakin həmin xərclərin qarşılanmasından imtina etdiyi, çatdırılmış malların qüsursuz olduğu və ünvana çatdırılmasında heç bir problem olmadığı əks edilmişdir. Agentliyin əməkdaşı tərəfindən Sizinlə telefon əlaqəsi (077-549-47-39) saxlanılan zaman (q.n.: C227, ##.##.2025-ci il) Nicat Məmmədlinin dostunuz olduğunu, mağazadan malların anbarda saxlanılmasını xahiş etmədiyini və ona verilən kassa çekində malın satış tarixinin ##.##.2025-ci il tarixində qeyd edildiyini, qaimədə isə ##.##.2025-ci il tarixində əks edildiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, yaranmış mübahisə ilə bağlı cavabdehə qarşı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddələrinə əsasən məhkəməyə müraciət edə bilər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. 2.İş materiallarında olan qəbzlərin surətindən görünür ki, “xxxx” MMC-yə ümumilikdə məhsulun dəyəri kimi 1868 manat ödəniş həyata keçirilmişdir. 3.##.##.2025-ci il tarixli satış qaiməsindən görünür ki, alıcı tərəfindən “xxxx” MMC-dən alınan “LG” markalı televizorun dəyəri 1799 manat, divar asqısına görə 69 manat ödəniş tam ödənilmişdir. 4.“xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ##.##.2025-ci il tarixində müştəriyə 2 ədəd ümumi məbləği 1868 manat (televizor LG 55QNED756RA.AMCE (1799 manat) və divar asqısı Yupiter YP460 (69 manat) məhsul satılmışdır. Bu məbləğin 247 (69 manat və 109 manat) manatı müştəri tərəfindən nağdsız kart vasitəsilə, 1690 manatı Tam kart-taksit kart ilə rəsmiləşdirilmişdir. “xxxx” MMC-dən 1868 manata görə vergi orqanı tərəfindən 284,93 (257.8+10.53+16.6) manat ƏDV, ABB tərəfindən 251,22 (233.22+18) manat bank komissiyası tutulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixində “xxxx” MMCyə 1799,00 AZN (LG televizor, S/N: 55QNED756RA AMCE) və 69,00 AZN (Divar asqısı Yupiter YP460) - cəmi 1 868,00 AZN məbləğini qabaqcadan nağdsız qaydada ödəmişdir. Ödənişi təsdiq edən POS qəbzləri və cavabdehin iddiaçıya verdiyi çeklər ərizəyə əlavə olunur. Ödəniş əsasında cavabdeh sifarişi qəbul etmiş və malların təhvilinin 2-3 həftə ərzində həyata keçiriləcəyini bildirmişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş, sifarişin təhvil verilməməsi ilə bağlı bir sıra əsassız bəhanələr səsləndirmiş və onunla ünsiyyət vasitəsilə aparılan müraciətlərinə baxmayaraq, 1 aydan artıq müddətdə ödənişin geri qaytarılmasını həyata keçirməmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində iddiaçıya təqdim edilmiş sənəd imzasız, möhürsüz və hüquqi qüvvə daşımayan sadəcə daxili xarakterli qeyd idi və bu sənəd cavabdehin proqram təminatında alıcı haqqında yazılan əsassız qeydlər olmuşdur. İddiaçı ##.##.2025-ci il azərpoçt vasitəsi ilə “xxxx” MMC-yə ödədiyi vəsaitin geri qaytarılması ilə bağlı rəsmi cavab almaq məqsədi ilə müraciət etməsinə baxmayaraq, heç bir rəsmi məktub ala bilməmişdir. Göstərilənlərə əsasən ##.##.2025-ci il tarixində nağdsız qaydada iddiaçı tərəfindən ödənilmiş 1 868 manat vəsaiti cavabdeh “xxxx” MMC-dən geri qaytarılması və məhkəmə icrası ilə bağlı xərclərin 38,68 manatın cavabdeh tərəfindən iddiaçının xeyrinə geri tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 7.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 1868 (bir min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul və ödənilmiş 38,68 (otuz səkkiz manat, altmış səkkiz qəpik) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 424.5, 425.1, 567, 568.1, 569.1 və 569.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 9.Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnamənin tamamilə ləğv edilərək, iddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəli hallardan biri də cavabdehin tərəflər arasındakı alğı-satqı müqaviləsinin predmeti olan məhsulu (bundan sonra məhsul) iddiaçının xahişi ilə saxlaması və ya bunu qəsdən iddiaçının iradəsinə zidd olaraq icra etməsidir. İş üzrə birinci instansiya məhkəməsi, ümumiyyətlə, bu ziddiyyətli halın qiymətləndirilməsi üçün heç bir addım atmamış və nəticə olaraq birtərəfli (iddiaçının mənafeyinə uyğun) mövqe nümayiş etdirmişdir. Həmin ziddiyyətin məhkəmə tərəfindən hərtərəfli qiymətləndirilməməsi özündə ilk növbədə prosessual hüquq normalarının pozuntusunu ehtiva edir ki, bu məsələyə bu şikayətin “prosessual pozuntular” yarımbaşlığında münasibət bildiriləcəkdir. Lakin həmin xüsussatı həmçinin burada qeyd edilməsi ona görə vacibdir ki, onun hərtərəfli qiymətləndirilməməsi tətbiq ediləcək maddi hüququn yanlış müəyyən edilməsinə səbəb olur. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir və məhsulu alıcıya (iddiaçıya) təqdim etməmişdir. Nəticə etibarilə, alıcının Mülki Məcəllənin 569.2-ci maddəsinə əsasən, məhsulun qəbulundan imtina etmək hüquq vardır. Qeyd edilməlidir ki, bu hüquqi yanaşma heç bir halda cari işin hallarına və iş üzrə sübutlara uyğun deyildir. Belə ki, işin halları və sübutlarla təsdiq edilmir ki, cavabdeh öhdəliyi icra etməkdən boyun qaçırıb. Məhkəmə işə formal əsaslarla baxaraq alıcı tərəfindən məhsulun təhvil alınmamasını və nəticə etibarilə məhsulun satıcıda qalmasını rəhbər tutaraq satıcının əleyhinə qətnamə çıxarmışdır. Bu baxımdan, tərəflər arasındakı müqavilənin icra edilməməsinin səbəbi iddiaçının (alcının) həmin predmeti təhvil almamasıdır ki, məhkəmə, ümumiyyətlə, bu halı araşdırmamışdır. Nəticə etibarilə, müqavilənin icrası alıcının təqsiri ucbatından qeyri-mümkün olmuşdur ki, bu halda tətbiq olunan maddi hüquq norması yanlış olmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 569-cu maddəsinə istinad etmiş və qeyd etmişdir ki, satıcı müqavilənin icra müddətini ötürdüyündən alıcının cari alğı-satqı müqaviləsinin icrasına olan marağı itmişdir. Qeyd edilməlidir ki, məhkəmənin gəldiyi bu nəticə fundamental olaraq aşağıdakı xüsusatlara görə yanlış hesab edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilənin icrası müddəti ötürülüb. Həmçinin, məhkəmə qəbul edir ki, tərəflər arasında müqavilə şifahi formada bağlanıb, yəni tərəflər konkret olaraq yazılı müqavilə münasibətlərinə daxil olmayıblar. Digər tərəfdən, işin hallarından göründüyü kimi, tərəflər arasında müqavilənin icra olunmalı olduğu müddət barədə mübahisə vardır. Bu baxımdan, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən icra müddətinin ötürülməsi və nəticədə alıcının bu müqaviləyə olan marağının itməsi müddəasına ona görə istinad edə bilməzdi ki, tərəflər arasında müqavilənin icrası müddətinə dair konkret razılaşma mövcud deyil, həmçinin iddiaçı da müqavilənin icrası müddətinin nə qədər vaxtdan ibarət olduğunu sübut edə bilməyib. Yəni, icra müddətinin ötürülmüş olması üçün əvvəlcə müqavilənin icra olunmalı olduğu müddət konkret müəyyən edilməlidir. Əgər həmin müddət müəyyən edilmirsə, ağlabatan müddət nəzərə alınmalıdır. Lakin birinci instansiya məhkəməsi bu xüsusatların heç birini qiymətləndirməyib. Məhkəmələr qərar qəbul edərkən bu tipli hallara səthi yanaşmamalı, alğı-satqı münasibətlərinə daxil olarkən alıcının marağının nədən ibarət olması, müqavilənin icrasının gecikdirilməsinin onun maraqlarına nə dərəcədə zidd olması və ona vurduğu zərəri hərtərəfli araşdırmalıdır. Bu baxımdan, əgər cavabdeh həqiqətən icranı gecikdirmiş olsa idi belə, alıcının marağının nədən ibarət olması və ona dəymiş zərər məhkəmə tərəfindən araşdırılmalı idi. Digər tərəfdən, alıcının marağının itməsi faktı cari iş üzrə reallıqdan xeyli kənar olan faktlardan biridir. Belə ki, tərəflər arasındakı alğı-satqı müqaviləsinin predmeti olan məhsul birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb, uzunmüddətli istifadəni xarakterizə edir. Bu baxımdan, alıcının cəmi iki həftədə həmin məhsulun alınmasına olan marağının itməsinin nədə ifadə olunması qeyri-müəyyəndir. Birinci instansiya məhkəməsinin qərəzli və qeyri-obyektiv yanaşdığı digər məsələ isə cavabdehin alğı-satqı müqaviləsinin bağlanması üçün çəkdiyi əlavə xərcləri (ədv, xidmət haqqı) məhkəmənin kommersiya riski kimi qiymətləndirməsidir. Belə ki, həmin əlavə xərclərə görə cavabdehdən 284,93 (257.8+10.53+16.6) manat ƏDV və ABB tərəfindən 251,22 (233.22+18) manat bank komissiyası tutulmuşdur. Qeyd edilməlidir ki, iş üzrə dəlillər və şahid ifadələri ilə sübut olunur ki, sözügedən müqavilənin icrası alıcının təqsirinə görə - onun məhsulu əsassız olaraq qəbul etmədiyinə görə baş tutmamışdır. Həmçinin alıcı müvafiq ödənişlər əsasında “ƏDV geri al” kompaniyasından istifadə edərək müvafiq ƏDV məbləğini geri almışdır ki, bu fakt onun satıcıya vurduğu zərərə görə məsuliyyət daşımasını şərtləndirir. Bu baxımdan, iddiaçının (alıcının) təqsirli hərəkətləri nəticəsində satıcıya zərər vurulmuşdur, belə ki, satıcı (cavabdeh) müəyyən əlavə xərclər çəkmişdir. Odur ki, həmin zərərə görə alıcı məsuliyyət daşıyır və satıcıya vurduğu həmin zərəri kompensasiya etməyə borcludur. Bu baxımdan, satıcının çəkdiyi əlavə xərclərin onun kommersiya riski olması ilə bağlı müddəalar tamamilə əsassızdır və alıcı (iddiaçı) həmin xərclərə görə məsuliyyət daşımalıdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi həm də Mülki Prosesusal Məcəllədə müəyyən edilmiş prosessual qaydalara zidd davranmış, öz araşdırma funksiyasını tam, obyektiv və hərtəfəli icra etməmiş, nəticə etibarilə qanuni olmayan və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin araşdırma funksiyasından irəli gələn, lakin düzgün icra etmədiyi mühüm vəzifələr aşağıdakılardır: Məhkəmə ilk növbədə aydınlaşdırmalı idi ki, müqavilənin icrası hansı tərəfin təqsiri ucbatından baş tutmayıb. Bu baxımdan, iş üzrə cavabdehin və iddiaçının hərəkətləri hərtərəfli təhlil olunmalı və nəticədə yekun hüquqi qiymət verilməli idi. Lakin birinci instansiya məhkəməsi işə formal əsaslarla yanaşaraq həm pulun, həm də məhsulun cavabdehdə qaldığını rəhbər tutaraq cavabdehin əleyhinə qətnamə çıxarmışdır. Lakin o halı nəzərə almamışdır və o barədə şübhələri aydınlaşdırmamışdır ki, cavabdehin məhsulu təhvil verə bilməməsi alıcının təqsirinə görə - məhsulu qəbul etməkdən imtina etdiyini görə baş verib. Ø Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, cavabdehin lehinə olan şahid ifadələri mötəbər sübut hesab edilməməlidir. Lakin məhkəmə bunun səbəbini qeyd etmir, bununla bağlı hər hansı əsaslandırmaya ehtiyac duymur. Bu baxımdan, cavabdehə qarşı qərəzli və qeyri-obyektiv mövqe ortaya qoymuş olur. Birinci instansiya məhkəməsi iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri addımları atmamışdır. Bu müvafiq ziddiyyətli halların aydınlaşdırılmamasında özünü ehtiva edir. Yəni, cavabdeh hazırda alğı-satqı müqaviləsinin predmeti olan məhsulu təqdim edə bilər. Həmin məhsuldan cavabdehin anbarında kifaət qədər mövcuddur və onun məqsədi məhsulunu satmaq və gəlir əldə etməkdir. Göründüyü kimi, satıcının niyyəti aydındır, lakin alıcının niyyəti barədə araşdırma aparmaq da məhkəmənin vəzifəsi idi. Həmin məqsədlə alıcının müqaviləni icra etməməkdə - malı təhvil almamaqda məramı barədə araşdırma aparılsa idi, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından əhəmiyyətli addım atılmış olardı. Qeyd: Cari iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi həmçinin ona görə vacibdir ki, iddiaçı tərəfindən sui-istifadə hallarına yol verilib-verilmədiyi müəyyən edilsin. Belə ki, praktikada bir sıra şəxslər kredit götürdükləri zaman əlavə faizə görə ödənişlərdən yayınmaq üçün taksit kartı ilə ödənişlər edir, daha sonra həmin müqaviləni mübahisələndirir və ödədikləri vəsaiti nağd qaydada heç bir faiz olmadan əldə etməyə çalışırlar. Bu kimi hallarda satıcının mövqeyinə əhəmiyyətli dərəcədə zərər vurulur. Odur ki, bu kimi faktların müəyyən edilməsi üçün məhkəmə iddiaçının niyyətini aydınlaşdırmalı və müqavilə münasibətlərinə daxil olarkən həqiqi marağının nədən ibarət olmasını müəyyən etməlidir. Digər tərəfdən iddiaçı məhsulu əldə etdikdən sonra istehlakçılar üçün nəzərdə tutulmuş ödənilmiş ƏDV üçün geri ödənilmə məbləğini də əldə etmişdir. Bu fakt da onun hərəkətlərində sui-istifadəyə xas olan şübhələri artırır. İstinad edilən normalarda qeyd edildiyi kimi, mülki məhkəmə icraatında iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçı vurğulayır ki, o məhsulu qəbul etməyə cəhd edib, lakin cavabdeh buna şərait yaratmayıb və məhsulu təqdim etməyib. Lakin iddiaçı bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin bunun əksinə olaraq cavabdeh öz etirazını – malın cavabdehdə qalmasının iddiaçının təqsirinə görə baş verdiyini sübut edəcək dəlillər gətirmiş, iş üzrə şahidlər cəlb etmişdir. Halbuki məhkəmə bu xüsusata diqqət yetirmədən formal əsaslarla cavabdehin əleyhinə qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları 12.Məhkəmə iclasında iştirak edən cavabdeh xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 13.Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlu apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 16.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 17.Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 18.Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 19.Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 20.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 21.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 22.Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 23.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 25.445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 26.445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 27.Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 28.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 29.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 30.Maddə 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 31.Maddə 596.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 32.Maddə 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 36.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 38.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 40.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 41.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 43.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam mübahisələndirdiyindən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. 46.Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir. 47.Belə ki, işin mübahisəsiz hallarından görünür ki, ##.##.2025-ci il tarixdə tərəflər arasında ümumi dəyəri 1868 manat olan televizor və divar asqısı ilə bağlı şifahi qaydada alğısatqı müqaviləsi bağlanmışdır. Həmçinin, müəyyən edilmişdir ki, bu məbləğin 247 (69 manat və 109 manat) manatı müştəri tərəfindən nağdsız (kart vasitəsilə), 1690 manatı Tam kart-taksit kart ilə rəsmiləşdirilmişdir. İddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlu izahatında bildirmişdir ki, alğı-satqı zamanı satıcı tərəfindən sözügedən məhsulun hazırda anbarda olmadığı və 2 həftə ərzində olacağı bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, nə pulu qaytarılmış, nə də ki məhsul verilməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh “xxxx” MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı İsmayılzadə Kamil Bəhrəm oğlu aldığı məhsulu 2 həftə ərzində anbarda saxlanılmasını xahiş etmiş, xeyli vaxt keçdikdən sonra məhsuldan imtina etmiş və pulun qaytarılmasını tələb etmişdir. 48.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, satıcının həm malı, həm də pulu özündə saxlaması əsassız varlanma hesab olunmalıdır. Belə ki, məhsul satıcının əlində qaldığı müddətdə, alıcının ödədiyi pulun da satıcıda saxlanılması mülki hüququn bərabərlik prinsipinə ziddir. Mal alıcıya təhvil verilməyibsə, satıcının həmin pulu özündə saxlamağa heç bir hüquqi əsası yoxdur. 49.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi mövqe ilə razılaşmayaraq, qeyd edir ki, hazırkı mübahisə müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə alğısatqı müqaviləsi ilə bağlı normaları baxımından yanaşılmalıdır. 50.Belə ki, Mülki Məcəllənin 596-cı maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 51.Apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən malların çatdırılmasında 10-12 gün gecikmənin olduğunu bildirmiş, cavabdeh isə iddiaçıya istənilən vaxt məhsulun çatdırılmasının həyata keçirilməsini mümkün olduğunu bildirsə də, iddiaçı heç bir tutarlı səbəb göstərmədən alınan malları qəbul etməkdən imtina etmişdir. 52.Belə ki, alğı-satqı müqaviləsinin şərtlərini cavabdeh tərəfindən pozulması və malların çatdırılmamasında cavabdehin təqsirli olması nə birinci instansiya məhkəməsinin icraatı, nə apellyasiya icraatı zamanı hər hansı mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamışdır. 53.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinin məzmununa görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 54.Bundan başqa qeyd olunmalıdır ki, Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 55.Göründüyü kimi, iddiaçı hazırki mübahisə üzrə cavabdeh tərəfindən alğı-satqı müqaviləsinin əhəmiyyətli pozulmasını sübuta yetirə bilməmişdir, bununla da müqavilənin ləğvi üçün əsaslar müəyyən olunmamışdır. 56.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. 57.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. 58.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar