Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-549/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 30900 manat borc məbləğinin və ödənilən 184 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin sentyabr ayında Cavabdeh ilə tanış olmuşdur. Tanış olan zaman cavabdeh özünü ona “Məmmədov Nurlan" kimi təqdim etmişdir. Sonradan Hərbi Prokurorluqda şikayəti araşdırılan zaman bilmişdir ki, cavabdehin əsl adı Cavabdehdur. Cavabdeh Cavabdehla bir müddət ünsiyyət saxladıqdan sonra aralarında sevgi münasibəti yaranmışdır. Cavabdeh özünün və maşınının şəkillərini ona göndərmişdir, həmin fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ona hərbiçi olduğunu, evli olub boşandığını, bu nikahdan bir azyaşlı övladı olmasını, onu (iddiaçını) çox bəyəndiyini və ailə qurmaq istədiyini bildirmişdir. O da cavabdehin bu təklifini xoş qarşılamış və ailə qurmağa razı olmuşdur. Cavabdeh Cavabdehla ünsiyyət saxladığı müddət ərzində cavabdeh ondan dəfələrlə borca pul istəmiş və o da hər dəfəsində istənilən məbləği vermişdir. Belə ki, cavabdeh uşağının müalicəsi üçün, avtomobilinin təmiri üçün, silahının ermənilər tərəfindən oğurlandığını və silah anbarından özünə silah gətizdirməsi, iş yerinin Beyləqan rayonundan Bakıya köçürülməsi üçün 7000 manat və sair bu kimi səbəblərə görə ondan borca pul almışdır. O, pul vəsaitlərini öz adına olan “xxxx" ASC-yə aid “xxxx” bank kartı hesabından Cavabdeh məxsus “xxxx” ASC-yə məxsus olan “4169-7388-9462-9199” bank kartı hesabına köçürmüşdür. Bir dəfə də “xxxx” ödəniş terminalı vasitəsilə Cavabdeh məxsus “xxxx” ASC-də olan “4169-7388-9462-9199” bank kartı hesabına köçürməklə 2000 manat borc vermişdir. Ümumilikdə Cavabdeh 30900 manat borca pul vermişdir. Bir müddət sonra cavabdehdən aldığı pulların qaytarmasını istəmiş, sonra görmüşdür ki, cavabdehin telefonuna zəng çatmır. Sonradan cavabdeh Cavabdeh ona zəng vuraraq kiməsə şikayət etməməsini, Bakıya gəldikdən sonra pulları geri qaytaracağını demişdir. Sonuncu dəfə 2024-cü ilin noyabr ayının 15-i Cavabdeh ona zəng vuraraq xahiş etmişdir ki, 50 manat da borca pul versin və bildirmişdir ki, barəsində şikayət etməsin, Bakıya gələn kimi aldığı bütün borc məbləğini ona qaytaracaqdır. Bundan başqa cavabdehlə “Whatsapp” aplikasiyası vasitəsilə danışan zaman cavabdeh ona mesaj yazaraq borcunu qaytarması üçün vaxt istədiyini bildirmişdir. Bu hadisədən sonra Cavabdeh onunla əlaqəni tam olaraq kəsmişdir. O, cavabdehlə dəfələrlə əlaqə saxlamağa çalışsa da lakin heç bir nəticə olmamışdır. Belə olan halda anlamışdır ki, Cavabdeh onu aldadaraq, borc adı ilə pul almış ama əslində məqsədi onu aldadıb pulunu ələ keçirmək və həmin pulu başqa məqsədlərə istifadə etmək olmuşdur. Cavabdeh ondan borca aldığı ümumilikdə 30900 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Elxan Əmirəliyev) ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh borca görə 30900 (otuz min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 184 (bir yüz səksən dörd) manatın alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: İddiaçı İddiaçı “416973******2810” nömrəli “xxxx” ASC-yə aid olan ödəniş kartı üzrə ## ### 2025ci il tarixli çıxarışdan (çıxarışın dövrü ## ######## 2023–## ##### 2024) görünür ki, İddiaçı özünə məxsus olan kart hesabi vasitəsilə cavabdehə ümumilikdə 19620 manat pul göndərmişdir. Göndəriş qəbzlərindən görünür ki, iddiaçı İddiaçı özünə məxsus olan “xxxx” bank kartı hesabından cavabdeh Cavabdeh məxsus olan “4169-7388-9462-9199” bank kartı hesabına əlavə oalraq ümumilikdə 9280 manat pul göndərmişdir. ## ###### 2023-cü il tarixli “Mpay” ödəniş terminalı vasitəsilə göndəriş edilmiş qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh “4169-7388-9462-9199” bank kartı hesabına əlavə olaraq 2000 manat pul göndərmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2025ci il tarixli məktubdan görünür ki, Nurlan Məmmədov, yəni Cavabdeh İddiaçı ilə yaranmış sevgi münasibətlərindən istifadə edərək müxtəlif bəhanələr gətirməklə İddiaçı borc olaraq 32000 manat pul almışdır. ## ###### 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 185 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş videodiskə baxış keçirilən zaman cavabdehin “Whatsapp” aplikasiyası vasitəsilə mesaj yazaraq borcunu qaytarması üçün iddiaçıdan vaxt istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı özünü Nurlan Məmmədov adı ilə tanıtmış, lakin özünə məxsus “050-375-32-02”, “077-375-32-02” və “051-422-64- 15” mobil nömrələr zəng edərək sevgi münasibətləri yaratmış, İddiaçı inamını və etibarını qazandıqdan sonra aralarında yaranmış sevgi münasibətlərindən istifadə edərək müxtəlif bəhanələr gətirməklə iddiaçının borc olaraq 30900 manat pul vəsaitini ələ keçirmişdir. İddiaçı cavabdehdən həmin pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən yayınmışdır. İddiaçı İddiaçı cavabeh Cavabdeh barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna şikayətlər etmiş, Hərbi Prokurorluqda cavabdeh Cavabdeh barəsində araşdırmalar aparılmış və müəyyən olmuşdur ki, Nurlan Məmmədov, yəni Cavabdeh İddiaçı ilə yaranmış sevgi münasibətlərindən istifadə edərək müxtəlif bəhanələr gətirməklə İddiaçı 32000 manat pul vəsaitini borc adı ilə alaraq ələ keçirmişdir. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 30900 manat pul tələbində haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.1, 135.2 439.4, 1091.1, 1091.2, 1093.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.1, 88, 106.1, 217.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın əsassız olduğu üçün iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bank çıxarışlarını borcun mövcudluğunun əsas sübutu kimi qəbul etmişdir. Halbuki bank köçürməsi yalnız texniki maliyyə əməliyyatıdır və onun hüquqi səbəbi ayrıca sübuta yetirilməlidir. Pul köçürməsi aşağıdakı hallardan hər hansı birinin nəticəsi ola bilər: üçüncü şəxs vasitəsilə əməliyyat, etibar münasibəti, tapşırıq münasibəti, texniki istifadə, səhv köçürmə və digər mülki hüquqi əsaslar. Məhkəmə köçürmənin hüquqi əsasını araşdırmamışdır. Halbuki mülki hüquqda hər bir öhdəliyin hüquqi əsası konkret müəyyən edilməlidir. Borc müqaviləsinin yaranması üçün iki element zəruridir: 1. Pulun və ya əşyanın verilməsi faktı 2. Həmin vəsaitin qaytarılması barədə tərəflərin razılaşdırılmış iradə ifadəsi. Təkcə pul köçürülməsi faktı borc münasibətinin mövcudluğunu sübut etmir. Əsas sübut predmeti – tərəflərin razılaşdırılmış hüquqi iradəsi – iş materiallarında ümumiyyətlə mövcud deyildir. İddiaçı tərəfindən: yazılı müqavilə təqdim edilməmişdir; borc qəbzi yoxdur; elektron yazışmalar yoxdur; şahid ifadələri təqdim edilməmişdir; qaytarma müddəti və şərtlər göstərilməmişdir. Belə olan halda hüquqi baxımdan borc öhdəliyinin mövcudluğu müəyyən edilə bilməz. O tələb etmişdir ki, iddiaçı onunla yazışmasını versin, amma iddiaçı bunu edə bilməmişdir. O, məhkəmədə hazırlıq iclasında ifadəsində qeyd etmişdir ki, iddiaçının ondan tələb etdiyi borc əsassızdır və buna dair sübutu yoxdur. Əsassız varlanma öhdəliyi müqavilədən irəli gəlmir; o, qanundan yaranan qeyri-müqavilə öhdəliyidir. Onun tətbiqi üçün əsas şərt – varlanmanın hüquqi əsasının olmamasıdır. Mülki hüquq nəzəriyyəsində qəbul olunur ki, “hüquqi əsas” dedikdə yalnız yazılı müqavilə deyil, həm də: tapşırıq münasibəti, üçüncü şəxsin hərəkəti, etibar əsasında istifadə, faktiki icazə, digər hüquqi səbəblər nəzərdə tutulur. Deməli, əgər pul vəsaiti üçüncü şəxsin faktiki hərəkətləri nəticəsində köçürülmüşdürsə və kart texniki olaraq həmin şəxsin istifadəsində olmuşdursa, bu halda “hüquqi əsasın tam olmaması” avtomatik nəticə kimi qəbul edilə bilməz. Əsassız varlanma tələbinin təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki: o real və faktiki olaraq əmlak artımı əldə etmiş; həmin vəsait onun sərəncamında olmuş və istifadə edilmişdir. Bank hesabına pulun daxil olması özü-özlüyündə “varlanma” demək deyildir. Varlanma anlayışı hüquqi və iqtisadi mənada real sərəncam və faydalanmanı nəzərdə tutur. Məhkəmə Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır-normasına istinad etmişdir. Ancaq onunla iddiaçı arasında heç bir müqavilə olmamışdır. həmçinin məhkəmənin istinad etdiyi MM –nin 740-cı maddəsinin 740.2—ci maddəsi 3000 manatdan yuxarı məbləğdə borca dair razılaşmanı yazılı bağlamağı imperativ qaydada müəyyən etmişdir. Birinci instansiya məhkəməsi isə təəssüf ki, əsası olmadan şifahi razılaşmaya dair hissədə iddiaçının xeyrinə hərəkət etmişdir. Bundan başqa, hakim onunla yanaşı ididaçı tərəfindən cavabdeh kimi göstərilmiş onun mühasibi işləmiş Şükür Qurbanovun ifadəsinə istinad edərkən də zidiyyətli qiymətləndirmə aparmışdır. Sonrakı məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir; Sübutlara münasibət bildirmək imkanı məhdudlaşdırılmışdır; İddiaçı ilə üzləşmə keçirilməmişdir; İş materiallarında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məktubuna istinad edilmişdir. Lakin həmin məktub məhkəmə hökmü deyildir, onun təqsirini müəyyən edən məhkəmə qərarı yoxdur, məktub birtərəfli məlumat xarakterlidir;O, iddiaçını tanımadığını, kartın və mobil nömrənin üçüncü şəxs tərəfindən istifadə edildiyini, pul tələb etmədiyini bildirmişdir. Məhkəmə bu halları araşdırmadan, üçüncü şəxsin (Fəxri Rzayevin) rolunu hüquqi qiymətləndirmədən nəticəyə gəlmişdir. Əgər kart faktiki olaraq üçüncü şəxsin istifadəsində olmuşdursa, bu halda hüquqi münasibət, əgər mövcuddursa belə, onunla deyil, həmin şəxs ilə iddiaçı arasında yaranmış ola bilərdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın əsassız olduğu üçün iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə ilə iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmaqla, mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasının dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi bank hesabından cavabdehin hesabına pul vəsaitinin köçürülməsini borc münasibətinin mövcudluğunu təsdiq edən əsas sübut kimi qəbul etsə də, pulun köçürülməsi faktı öz-özlüyündə tərəflər arasında borc müqaviləsinin bağlanıldığını və pulun qaytarılması öhdəliyinin yarandığını sübuta yetirmir. Apellyatorun fikrincə, iş materiallarında borc müqaviləsini təsdiq edən yazılı sənəd, borc qəbzi, tərəflərin pulun borc kimi verilməsi və qaytarılması barədə qarşılıqlı iradəsini əks etdirən yazışmalar və ya digər mötəbər sübutlar mövcud deyildir. Bundan başqa, 3000 manatdan artıq məbləğdə borc müqaviləsinin yazılı formada bağlanmalı olmasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, həmçinin Hərbi Prokurorluğun məktubuna və digər sübutlara düzgün hüquqi qiymət verməmiş, kartdan faktiki olaraq üçüncü şəxsin istifadə etməsi ilə bağlı cavabdehin dəlillərini araşdırmamışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı “416973******2810” nömrəli “xxxx” ASC-yə aid olan ödəniş kartı üzrə ## ### 2025-ci il tarixli çıxarışdan (çıxarışın dövrü ## ######## 2023– ## ##### 2024) görünür ki, İddiaçı özünə məxsus olan kart hesabi vasitəsilə cavabdehə ümumilikdə 19620 manat pul göndərmişdir. Göndəriş qəbzlərindən görünür ki, iddiaçı İddiaçı özünə məxsus olan “xxxx” bank kartı hesabından cavabdeh Cavabdeh məxsus olan “4169-7388-9462-9199” bank kartı hesabına əlavə oalraq ümumilikdə 9280 manat pul göndərmişdir. ## ###### 2023-cü il tarixli “Mpay” ödəniş terminalı vasitəsilə göndəriş edilmiş qəbzdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh “4169-7388-9462-9199” bank kartı hesabına əlavə olaraq 2000 manat pul göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehin adına açılmış bank kartı hesabına ümumilikdə 30900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin köçürmələr bank çıxarışları, ödəniş qəbzləri və digər maliyyə sənədləri ilə təsdiq olunur və onların həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh də pul vəsaitinin məhz öz adına olan bank hesabına daxil olmasını inkar etmir. Lakin cavabdeh bildirir ki, həmin vəsaitlər əslində digər şəxs mərhum Fəxri Rzayev üçün göndərilmiş, onun bank kartından yalnız texniki vasitə kimi istifadə olunmuşdur. Həmin şəxsin kredit öhdəlikləri olduğundan, kart hesabından istifadə edə bilmədiyi üçün pul vəsaitləri əvvəlcə cavabdehin kart hesabına köçürülmüş, sonradan isə Fəxri Rzayevə verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, bu izahat iş üzrə müəyyən olunmuş halları təkzib edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında pul vəsaitlərinin məhz cavabdehin adına olan bank hesabına köçürüldüyü, eləcə də cavabdehin sonradan həmin vəsaitlərin qaytarılması üçün iddiaçıdan vaxt istədiyini təsdiq edən sübutlar mövcuddur. MPM-in 77.1-ci maddəsinə əsasən etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Cavabdeh isə pul vəsaitinin həqiqətən üçüncü şəxsə verilməsini, həmin şəxsin kartdan istifadə etməsini, yaxud tərəflər arasında belə bir razılaşmanın mövcud olmasını təsdiq edən hər hansı yazılı sənəd, bank əməliyyatı, elektron yazışma və ya digər obyektiv sübut təqdim etməmişdir. Bu səbəbdən onun bu dəlili yalnız ehtimal və fərziyyəyə əsaslanan özünümüdafiə xarakterli mülahizə kimi qəbul edilməlidir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı yazılı sənəd mövcud olmadığından borc münasibətinin yaranması sübuta yetirilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin vaxt qüvvədə olan hüquqi tənzimləməni və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsini tətbiq etmişdir. Lakin qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı qəbul edilmiş, Həmin Qərarda göstərilmişdir ki: Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən edilmiş hüquqi mövqenin Qərar qüvvəyə mindikdən sonra məhkəmələrin icraatında olan işlərə də şamil ediləcəyi nəzərə alınaraq, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan həmin hüquqi mövqe bu mübahisəyə də tətbiq edilməlidir. Odur ki, cavabdehin yalnız yazılı borc müqaviləsinin və ya borc qəbzinin mövcud olmamasına istinad etməsi iddianın rədd edilməsi üçün kifayət edən əsas hesab oluna bilməz. İş materiallarında olan bank hesabı üzrə çıxarışlar, pul köçürmələrini təsdiq edən qəbzlər, cavabdehin "WhatsApp" yazışmalarında borcun qaytarılması üçün vaxt istəməsi, eləcə də digər sübutlar məcmu halında qiymətləndirildikdə, tərəflər arasında borc münasibətinin mövcud olduğu və cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qaytarmaq öhdəliyini qəbul etdiyi müəyyən edilir. Buna görə də apellyasiya şikayətinin bu hissədəki dəlilləri məhkəmə tərkibi tərəfindən əsaslı hesab edilmir. Apellyatorun Hərbi Prokurorluğun məktubunun məhkəmə hökmü olmaması barədə dəlili də iddianın rədd edilməsi üçün əsas deyildir. Həmin məktub cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsini təsdiq edən sənəd kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilmiş yazılı sübut kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini yalnız həmin məktuba əsaslandırmamış, əksinə, bank sənədlərini, ödəniş qəbzlərini, tərəflərin izahatlarını və digər sübutları məcmu halında qiymətləndirərək nəticəyə gəlmişdir. Həmçinin cavabdehin iddiaçını tanımaması, pul tələb etməməsi və bank kartından üçüncü şəxsin istifadə etməsi barədə izahatları da iş materiallarında olan obyektiv sübutlarla uzlaşmır. İş materiallarında mövcud olan sübutlar cavabdehin iddiaçı ilə əlaqədə olduğunu, pul vəsaitlərinin onun bank hesabına daxil olduğunu və sonradan həmin vəsaitlərin qaytarılması üçün vaxt istədiyini təsdiq edir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin cavabdeh həmin vəzifəni yerinə yetirmək əvəzinə, ümumiyyətlə iddiaçını tanımadığını, ondan heç bir pul almadığını və tərəflər arasında hər hansı hüquq münasibətinin mövcud olmadığını bildirməklə kifayətlənmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən 184 (bir yüz səksən dörd) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olsa da, mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasının dəyişdirilməsi zərurəti yaranmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi tətbiq edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh Cavabdeh borca görə 30900 (otuz min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 184 (bir yüz səksən dörd) manat alınıb iddiaçı İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh borca görə 30900 (otuz min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 184 (bir yüz səksən dörd) manat alınıb iddiaçı İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-549/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-549/2026
16.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver