Məhkəmə qərarları › İş №e-2(3-9)-593/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-593/2026

07.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-593/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil İbrahimov Tağı Məmməd oğlunun iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmünə görə Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğdə pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. ##.##.2024-cü il tarixli “Ziyan aktı”ndan görünür ki, nəqliyyat vasitəsinə 6580 manat ziyan dəymişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli UNİ/D ***-****/**** saylı ekspert rəyindən görünür ki, “VAZ 21043” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi (ehtiyat hissələri və təmir xərcləri ayrı-ayrılıqda hesablanmaqla) 6245 manat məbləğ təşkil edir. ##.##.2024-cü il tarixli “X1” MMC tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 1500 manat məbləğdə xərc çəkilmişdir. ##.##.2025-ci il tarixli “Yovşan” Klinikası tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 200 manat məbləğdə xərc çəkilmişdir. ##.##.2025-ci il tarixli “Yovşan” Klinikası tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 20 manat məbləğdə xərc çəkilmişdir. ##.##.2025-ci il tarixli “Yovşan” Klinikası tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 85 manat məbləğdə xərc çəkilmişdir; İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətinə vurulmuş zərərə görə 1805 manat məbləğdə pulun, avtomobilə vurulmuş zərərə görə 6580 manat məbləğdə pulun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona qarşı törətdiyi cinayət əməlinə görə Cavabdeh Cəliabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 20 faizi məbləğdə pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hazırda qeyd edilmiş hökm qanuni qüvvəsini almışdır. Avtoqəza nəticəsində iddiaçıya xəsarət yetirilməklə, idarə etdiyi “VAZ 21043” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşına 6580 manat məbləğ ziyan dəymişdir. Həmin ziyan ##.##.2024-cü il tarixli Ziyan aktı ilə təsdiq olunur. Avtoqəza nəticəsində ağır xəsarətlər almışdır. Belə ki, cinayət işi materiallarında olan “Cəlilabad MTE və PA” şöbəsinin ## ###### 2024-cü il tarixli *** nömrəli tibbi rəyində qeyd edilmişdir ki, İddiaçı bədəni üzərində sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin, sol bud sümüyünün diafizar, sol qamış və incik sümüyünün aşağı 1/3 hissəsinin qapalı sınığı aşkar edilmişdir. Qeyd edilmiş xəsarətlər küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ## ###### 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli rəyindən də məlum olur ki, “Hyundaı İX-35” minik markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İddiaçı müalicəsi ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Cərrahiyyə şöbəsinə (“MEDİCAL GROUP VİVA”ya) 1500 manat, ##.##.2025-ci tarixdə “Yovşan” Klinikasına 105 manat, ##.##.2025-ci tarixdə “Yovşan” Klinikasına 200 manat məbləğ pul ödəmişdir. Müalicəsi ilə əlaqədar xəstəxanalara 1805 manat məbləğ pul ödədiyini qeyd edərək, əslində daha çox ödənişlər etdiyini bildirmişdir. Lakin bu barədə müvafiq faktı təsdiq edəcək sənədlər yoxdur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ləman Mehrəliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 6245 manat, səhhətə vurulmuş zərərə görə 1805 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 300 manat pulun Cavabdeh tutularaq “xxxx” MMC hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “Hyundaı İX- 35” minik markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə ##.##.2024-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı tərəfindən idarə olunan “Vaz 21043” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal tərəflərin izahatı və iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. Göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsini tələb edərkən həmin maddi zərəri 6580 manat məbləğdə qiymətləndirmişdir. Bu tələblərinin təsdiqi üçün də ##.##.2024-cü il tarixli ziyan aktını məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ziyan aktı ilə “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli UNİ/D ***-****/**** saylı rəyi müqayisəli şəkildə təhlil edib, həmin rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər dəymişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçı hadisədən sonra tibbi yardıma müraciət etmiş və müəyyən müddət ərzində müalicə almışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimələr onun sağlamlığının bərpası üçün real xərclər çəkdiyini təsdiq edir. İddiaçının sağlamlığına dəymiş zərər bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Hadisə ilə iddiaçının aldığı xəsarətlər və sonradan keçdiyi müalicə arasında birbaşa səbəbli əlaqə mövcuddur. Eyni zamanda, iş üzrə təqdim edilmiş sübutlar iddiaçının çəkdiyi xərclərin zəruri və əsaslı olduğunu, bu xərclərin şişirdilmədiyini və real olaraq baş verdiyini göstərir. Cavabdeh tərəfindən həmin xərclərin əsassız olması və ya hadisə ilə əlaqəsinin olmaması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığının bərpası məqsədilə çəkdiyi müalicə və dərman xərcləri zərərin tərkib hissəsi olmaqla, cavabdeh tərəfindən ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş rəyə sübut kimi qiymət verərkən obyektiv olmamışdır. Belə ki, qeyd edilən kimi avtomobilə dəyən ziyanla bağlı rəydə göstərilən ehtiyat hissələrinin hamısının avto-qəza nəticəsində yaranması iş üzrə öz təsdiqini tapmadığı halda, məhkəmə həmin ziyanın hamısının avto-qəza nəticəsində yaranması qənaətinə gəlmişdir. Hansı ki, eyni marka və model və eyni ildə istehsal olunmuş avtomobilin hazırda real olaraq bazar qiyməti 3000-3500 manat dəyərindədir. Məhkəmə “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyini əsas götürərək qətnamə çıxarmışdır. Həmin rəy özü də reallığı əks etdirmir. Belə ki, avtomobilə dəyən ziyan 6245 manat qiymətləndirilmişdir. Hansı ki, həmin avtomobilin hazırda real bazar qiyməti 3000-3500 manat təşkil. Bu hal da onu göstərir ki, qiymətləndirmə həddindən artıq şişirdilmişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: Cavabdeh nümayəndəsi vəkil İbrahimov Tağı Məmməd oğlu məhkəmə iclasında izahat verərək bilirdi ki, Cəlilabad Rayon Məhkəməsinin istinad etdiyi “xxxx” MMC-nin rəyində göstərilən qiymətlər real bazar dəyərinə uyğun olmayacaq dərəcədə şişirdilmişdir. Zərər dəymiş avtomobilin real bazar dəyəri təxminən 3000–3500 manat təşkil edir. Bu səbəbdən bazar dəyəri qeyd olunan məbləğdə olan avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin müəyyən edilmiş qiymətləndirilməsi həqiqəti əks etdirmir. Bununla əlaqədar hesab edir ki, iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilməlidir. Cavabdeh Tərif oğlu məhkəmə iclasında izahat verərək vəkilin dedikləri ilə razı olduğunu və əlavələrinin olmadığını bildirdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, zərərin məbləğinin müəyyən edilməsinə hər hansı müdaxiləsi olmamışdır. Zərərin məbləği tərəfindən müəyyən edilməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə əsasında müəyyən edilmişdir. Avtomobil 1997-ci ildə istehsalı olmuşdur. Həmin model avtomobildən kənd yerində bir nəfər yaxın vaxtlarda 8500 manata satın almışdır. Avtomobil ilkin olaraq adi servis tərəfindən qiymətləndirilərkən dəymiş zərərin məbləği 6500 manat müəyyən edilmişdir. Daha sonra qarşı tərəfin şikayəti əsasında ekspertiza keçirilmiş və həmin rəyə görə zərərin məbləği 6200 manat müəyyən edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı şikayətin təmin edilməsi baxımından cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi iş üzrə mübahisəsiz müəyyən edilmiş hallar kimi qeyd edir ki, Cavabdeh ## ###### 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı idarə etdiyi minik avtomobilinə ziyan dəymişdir. Həmin hal iş materiallarında olan sübutlarla tam təsdiq edilmiş və tərəflər arasında mübahisə predmeti təşkil etmir. Odur ki, cavabdehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya məxsus “VAZ 21043” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üzrə cavabdehin mülki-hüquqi məsuliyyəti yaranmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli UNİ/D ***-****/**** nömrəli qiymətləndirici rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut və ya həmin rəydə göstərilən hesablamaların yanlışlığını təsdiq edən obyektiv məlumat mövcud deyildir. Sözügedən qiymətləndirici rəy avtomobilin zədələnmiş hissələrinin bərpası üçün tələb olunan ehtiyat hissələrinin və təmir xərclərinin müəyyən edilməsində müvafiq bazar araşdırmasına əsaslanmışdır. Rəydə istifadə olunan qiymətlər avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan subyektlər tərəfindən təqdim edilmiş məlumatlara, bu sahədə fəaliyyət göstərən internet informasiya resurslarında yerləşdirilmiş qiymətlərə istinad edilməklə formalaşdırılmışdır. Bu səbəbdən də, məhkəmə həmin rəyi iş üzrə maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətində İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi qismində 1805 manat məbləğdə kompensasiyanın tutulmasını mübahisələndirməmiş və onun əsassızlığını təsdiq edən dəlillərini irəli sürməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş, eləcə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırkı qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar