Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-766/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı İman oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İman oğlu İsmayılova Səkinə Fəyaz qızına qarşı uşağın atadan mənşəyinin müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılova Səkinə Fəyyaz qızının ##.##.2016-cı ildə anadan olmuş Ümid adlı uşağının atasının İddiaçı İman oğlu olmamasına, ##.##.2016-cı ildə anadan olmuş Ümid adlı uşağın saxlanması üçün İddiaçı İman oğlundan 120 manat alimentin alınıb uşağın anası İsmayılova Səkinə Fəyyaz qızına verilməsi ilə bağlı aliment öhdəliyinə ##.##.2021-ci il tarixdən xitam verilməsinə, İddiaçı İman oğlu tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun İsmayılova Səkinə Fəyyaz qızından alınıb iddiaçıya verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İman oğlu 2012-2018-ci illərdə Beyləqan rayonunda hərbçi işləmişdir. 2016-cı ildə İddiaçı Beyləqan rayonunda İsmayılova Səkinə Fəyyaz qızı ilə görüşmüşdür. Həmin görüşdən sonra Nicata məlum olmuşdur ki, Səkinə Ələmşah adında şəxslə evlidir. Ələmşahla Səkinənin rəsmi nikahının olmasını bilməsə də, onların el adət yolu ilə toylarının olması barədə Ələmşahın özü Nicata demişdir. Nicat Səkinə ilə görüşündən bir neçə il sonra ona məlum olmuşdur ki, Səkinə ona qarşı məhkəmədə atalığın müəyyən edilməsi və aliment tələbi barədə iddia qaldırmışdır. Səkinənin iddiası qiyabi qətnamə əsasında təmin edilmişdir. Nicat dəfələrlə Səkinəyə Ümid adlı uşağı öz hesabına məhkəmə-tibbi genetik ekspertizası keçirilməsi üçün razılıq verməsini təklif etmiş, lakin Səkinə razı olmamışdır. Səkinə atalığın müəyyən edilməsi və aliment tələbi barədə əvvəl İsmayılov Ələmşah Vəkil oğluna qarşı Beyləqan Rayon Məhkəməsində iddia qaldırmışdır. Daha sonra Nicatın gəlirinin daha yüksək olduğunu bilmiş, alimenti yüksək almaq üçün Nicata qarşı həmin iddianı qaldırmışdır. Nicat Ümid adlı uşağın ondan olmamasına əmindir, lakin bunun sübut edilməsi üçün məhkəmə qərardadı ilə məhkəmə-tibbi genetik ekspertizası keçirilməlidir. Həmin ekspertizanın ödənişini Nicat özü ödəyəcəkdir. Ona görə də, uşağın atadan mənşəyinin müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə ##.##.2026-cı il tarixdə anadan olmuş İsmayılova Səkinə Fəyaz qızının Ümid adlı uşağının atasının İddiaçı İman oğlu olması müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Samux rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Hal-hazırda İddiaçı İman oğlu ##.##.2026-cı il tarixdə anadan olmuş Ümid adlı uşağın atadan mənşəyinin müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini tələb edir ki, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıkı mülki işin icraatına xitam verilməsini zəruri edir. Həmçinin Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə İddiaçı İman oğlunun İsmayılova Səkinə Fəyaz qızına qarşı uşağın atadan mənşəyinin müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi - vəkil Nümayəndə məhkəmətibbi genetik ekspertizasının təyin edilməsinə dair vəsatəti təmin edilməmişdir. İddiaçı İman oğlu qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər iddiaçı və cavabdehdir. Digər qətnamədə şəxslərdən biri iddiaçı digəri cavabdeh hazırkı iddia da isə əksidir. Hansı ki, digər işdə İddiaçı cavabdeh hazırkı işdə iddiaçıdır. Digər qətnamədə tələb atalığın müəyyən edilməsi aliment tələbi, hazırkı iddiada uşağın atadan mənşəyinin müəyyən edilməsi aliment tələbinə xitam verilməsi qoyulmuşdur. Şəxsin uşağın ondan olmasına şübhəsi vardır. Məhkəmə iclasında da cavabdeh özü də etiraf etdi ki, o, Nicatdan əvvəl Ələmşah adında başqa kişiyə də qarşı atalığın müəyyən eidlməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin şəxslə də faktiki ər-arvad olmuşdur. Yəni cavabdeh Səkinənin özü dəqiq bilmir ki, uşağının atası kimdir. Məhkəmə tərəfindən isə bioloji ekspertiza keçirilməsi yazılsa da, Nicat həmin ekspertizada iştirak etməmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli qətnaməsində İddiaçı ifadəsi də təhrif olunmuş formada yazılmışdır. Nicat bəlkə də ondan olmayan bir uşağa görə ömür boyu aliment öhdəliyi və digər öhdəliklər daşımaq məcburiyyətindədir. Onun özünün ailəsi və iki uşağı vardır. Bütün bu olanlar onun öz şəxsi ailə münasibətinə Nicatın psixoloji vəziyyətiə də mənfi təsir etmişdir. Məhkəmədən istədiyi genetik ekspertizanın keçirilməsi və uşağın atası olub-olmamasını dəqiqləşdirməsidir. Beyləqan Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan: Beyləqan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, İsmayılova Səkinə Fəyyaz qızının ##.##.2016-cı il tarixdə anadan olmuş Ümid adlı uşağının atasının İddiaçı İman oğlu olmasının müəyyən edilməsi, Samux rayonunun Tatlı kəndində qeydiyyatda olan və yaşayan İddiaçı İman oğlundan hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq ##.##.2016-cı il tarixdə anadan olmuş Ümid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İsmayılova Səkinə Fəyyaz qızına verilməsi, alimentin tutulmasının başlanğıcının ## ### 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli məktubundan görünür ki, Beyləqan Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün Samux rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Samux rayon İcra və probasiya şöbəsinin ##.##.2021-ci il tarixli İcraata başlamaq haqqında qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə hüquqi mübahisəyə artıq məhkəmə qaydasında baxılmışdır. Belə ki, həmin mübahisə üzrə Beyləqan Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və bununla da, tərəflər arasındakı müvafiq hüquq münasibətlərinə hüquqi qiymət verilmişdir. İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə İsmayılova Səkinə Fəyyaz qızının ##.##.2016-cı il tarixdə anadan olmuş Ümid adlı övladının atasının İddiaçı İman oğlu olması müəyyən edilmişdir. Həmin qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilmədiyindən, o qanuni qüvvəyə minmişdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi şəxslərə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə yaranmış mübahisə ilə bağlı məhkəməyə təkrar müraciət etmək hüququ vermir. Prosessual qanunvericilik hüquqi müəyyənlik prinsipinin təmin edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin qorunması və ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması məqsədilə belə mübahisələrə yenidən baxılmasını yolverilməz hesab edir. Belə olan halda, hazırkı iş üzrə mübahisəyə mahiyyəti üzrə yenidən baxılması üçün prosessual əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni, əsaslı və ədalətlidir. Qeyd edilməlidir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləcə, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayətdə irəli sürülmüş dəlillər mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün hüquqi əsas təşkil etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-766/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-766/2026
03.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver