Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-826/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, məhkəmə katibi Kamran Sabir oğlu Əliyevin, iddiaçının vəkili vəkil1, cavabdehin və onun nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh İsgəndərli Taleh Yasər oğluna qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə qiyabi məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İsgəndərli Taleh Yasər oğlundan podrat müqaviləsi üzrə qüsurlu icra nəticəsində vurulmuş maddi zərər kimi cəmi 10255 manatın, vəkilə ödənilmiş vəsaiti görə 500 manatın, ümumilikdə 10755 manatın və ödənilmiş dövlət rüsumunun əvəzində 122.30 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: cavabdeh İsgəndərli Taleh Yasər oğlunu tanıdığından 2023-cü ilin may ayında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində evin və hasarın divarlarına keramoqranitlər vurulması ilə bağlı ona müraciət etmişdir. O da işi görə biləcəyini və gördüyü işə zəmanət verdiyini və heç bir problem olmayacağını bildirmişdir. 373 kvadrat metr sahəni hər kv.m hissəsini 8 manatdan işçilik haqqını hesablamaqla təxminən 2900 manata razılaşmışlar. Cavabdeh işi gördükcə pulu hissə-hissə almışdır. Sonda məlum olmuşdur ki, cavabdeh 2900 manat yox 3600 manat pul almışdır. Razılığa əsasən artıq aldığı 700 manatı ayda 50 manat 100 manat olmaqla qaytarmış, amma sonda 300 manat borclu qalmışdır. Yəni cavabdeh ondan işçilik haqqı kimi cəmi 3200 manat pul almışdır. 373 kv.m sahə üçün 1 kv.metri 13.50 manatdan olmaqla cəmi 5035 manatlıq keramoqranitlər almışdır. Sonra isə keramoqranitlərin divara möhkəm yapışması və qopmaması üçün mətanətdən qabaq divara vurmaq üçün 700 manatlıq izolatex və 220 ədəd (1 ədədi 6 manat) 1320 manatlıq mətanət almışdır. Bütün bunları cavabdehin göstərişinə əsasən almışdır. Lakin hazırda vurulan bütün keramoqranitlər aralanıb və qopur və ya qopmağa az qalıb. Bununla bağlı müvafiq fotoşəkillər və videolar da vardır. Bütün kafellərin uçulduğunu görmüş və cavabdehə zəng edərək evin kafellərinin qopduğunu bildirmişdir. Cavabdeh isə lazımi tədbirlər görməmişdir. Hazırda görülmüş bütün iş heç olmuşdur və yenidən sökülərək işlənməlidir. Cavabdeh ziyanı ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cəmi ziyan 3200+5035+700+1320=10255 manat edir. Yuxarıda qeyd edilən zərər məbləği cavabdehdən alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsində cavabdeh İsgəndərli Taleh Yasər oğlu iddia tələbini qəbul etməmiş, izahatında göstərmişdir ki, o, işi tələb olunan səviyyədə görmüş, divarı çapmış, digər lazımi işləri görmüşdür. Kermoqranitlərin sökülməsi onun işi keyfiyyətsiz görməsi səbəbindən olmamışdır. İddiaçının artıq ödənilmiş 300 manat pul tələbi ilə bağlı qeyd etmişdir ki, o, iddiaçı üçün əlavə işlər də görmüş, həmin 300 manat əlavə işlərin görülməsi üçün sərf edilmişdir. Buna görə həmin hissədə də iddianı qəbul etmir. Cavabdeh iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, o, iddiaçıya divara vurulmuş kermoqranitlərin bir neçə aydan sonra qopa bilməsi ehtimalının olması barədə heç nə deməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil2 cavabdehin izahatına uyğun izahat verərək bildirmişdir ki, təqdim olunmuş şəkillərdən də göründüyü kimi cavabdeh tərəfindən divar çapılmış, lazım olan digər işlər görülmüşdür. Kermoqranitlərin qopmasının səbəbi divarın nəm çəkən divar olması və yaxud başqa səbəbdən də ola bilər. Cavabdeh bunu qabaqcadan bilə bilməzdi, həmçinin iddiaçı ilə cavabdeh arasında işə zəmanət verilməsi ilə əlaqədar yazılı razılıq da yoxdur. Digər tərəfdən divara yapışdırılmış kermoqranitlər bütün divar səthi boyu qopmasa da, iddiaçı əsassız olaraq bütün işin keyfiyyətsiz görüldüyün iddia edir və qopmamış plitələr üçün pul tələb edir. Ekspert rəyindən də görünür ki, 17 kvadrat metr sahədə plitələr qopub, iddiaçının həmin sahə müqabilində 10755 manat pul tələb etməsi də ədalətli deyil. Salyan Rayon Məhkəməsinin (hakim Ş.Kələntərov) ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İsgəndərli Taleh Yasər oğlundan vurulmuş maddi zərər kimi 10255 manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 10755 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122.30 manat pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İsgəndərli Taleh Yasər oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İsgəndərli Taleh Yasər oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə görə, maddi ziyanın hesablanmasında ekspert rəyində göstərilən rəqəmlərlə tələb olunan ziyan arasında kəskin fərq var: * Ümumi material dəyəri: 373 m² × 13.5 manat = 5035.5 manat (Bütün sahənin keramoqranit materialı). * Faktiki ziyan dəymiş sahə: 17 m². Bu sahənin material dəyəri cəmi 17 × 13.5 = 229.5 manat edir. * Gələcək risk: Qalan 356 m² sahədə qopma baş verməyib, sadəcə risk var. Hüquqda "gələcəkdə baş verə biləcək ehtimal olunan ziyan" real maddi ziyan kimi bəri başdan tam həcmdə tutula bilməz. * 10255 manat haradan yaranıb? Bu məbləğ bütün materialların dəyərindən (5035 manat) iki dəfə çoxdur. Böyük ehtimalla bura bütün divarın sökülməsi, yenidən çapılması, yeni materialların alınması və yenidən montaj edilməsi üçün tələb olunan işçilik və bərpa xərcləri (smeta) əlavə edilib. Lakin zədələnməyən sahənin tamamilə sökülüb yenidən yığılması xərcinin tam olaraq ustadakı qüsur sayılması üçün hər bir kvadratmetrin qüsurlu olması məhkəmə ekspertizası ilə sübut olunmalıdır. Şikayətə görə, ekspert rəyində texniki qüsur qeyd olunsa da, heç bir rəsmi müqavilə olmadan sırf bu rəyə əsasən sizdən 10255 manatın tam şəkildə tutulması düzgün və qanuni deyil. Bütün sahənin sökülüb yenidən yığılması xərcinin cavabdehin üzərinə qoyulması üçün hər bir kvadratmetrin tam qüsurlu olduğu məhkəmə tərəfindən təyin edilmiş rəsmi dövlət ekspertizası ilə təsdiqlənməlidir. Həmçinin ziyanın yaranmasında ev sahibinin də təqsiri yəni ehtiyatsızlığı olub. Belə ki həmin hissənin keromaqraniti saxlaya bilməməsi müəyyən edildikdən sonra ustanın işləməsinə icazə verilməlidir. Şikayətdə qeyd edilir ki, divarda köhnə emulsiya qatının olması barədə tərəflər arasında söhbət olub və ev sahibi bu riski bilə-bilə işin davam etdirilməsinə razılıq verib. Tikinti qaydalarına görə, usta işə başlamazdan əvvəl qüsuru dediyi halda sifarişçi israr edirsə, yaranan ziyana görə məsuliyyəti sifarişçi də daşıyır. Ekspert rəyində aydın şəkildə yazılıb ki, faktiki qoparaq tamamilə yararsız hala düşən sahə cəmi 17 m²-dir. Qalan 356 m² sahədə qopma baş verməyib, sadəcə risk var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vurulmuş real ziyan ödənilməlidir. Gələcəkdə ehtimal olunan risk bəri başdan ziyan kimi hesablanıb usta üzərinə qoyula bilməz. 10 255 manatlıq məbləğ real ziyanı yox, tamamilə bütün divarın sökülüb yenidən yığılmasını əhatə edir ki, bu da əsassız varlanmaya səbəb olur. Şikayətə görə, cavabdeh işi tələb olunan səviyyədə görmüş, divarı çapmış, digər lazımi işləri görmüş, kermoqranitlərin sökülməsi onun işi keyfiyyətsiz görməsi səbəbindən olmamışdır. Ekspert rəyində qeyd edilən divarın çıkankalanması ilə bağlı müvafiq fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Şahid qismində dindirilmiş X1 izahatı sübut kimi qiymətləndirilə bilməz. O bildirmişdir ki, İddiaçı məxsus müəssisədə mühasib kimi işləyir. Demək iddiaçıya tabe olan şəxsdir və əlbəttə ki iddiaçının xeyrinə danışaraq ifadə verəcəkdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında cavabdehin mümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının iddianı verməkdə subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Bundan başqa, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, mütəxəssis rəyindəki foto təsvirlərdən görünür ki, mütəxəssis tədqiqat obyektində olarkən keramoqranit yapışdırılan divarın aşağı hissəsində ağlay yapışdırılmışdır. Ağlayın da üstündə nəmişlik olduğu görünür. Eyni zamanda orada ağlayın özü də qopub. Divar başqa obyektin (klinikanın) divarıdır. Həmin klinikanında kondisionerlərinin suyu birbaşa ora axır. Ağ hissələrdən divarın nəmişlik olması görünür. İşə başlamazdan əvvəl Taleh İsgəndərli sifarişçini bu barədə məlumatlandırıb. Ekspert rəyinə görə, həmin hissədə Taleh İsgəndərli tərəfindən lazımi qaydada tikinti işləri aparılmayıb. Ümumiyyətlə o hissədə başqa usta da olsa kermomaqnitin yapışdırılması qeyri-mümkündür. Bunun səbəbi isə həmin divarda nəmişliyin olmasıdır. İlkin olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, nəmişlik olan hissədən başqa yerdə qopmalar müşahidə olunmur. Mütəxəssis rəyində klinikanın divarı tədqiq olunmayıb. Mütəxəssis rəyinə görə 17 m² sahədə keramoqranitlərin tamamilə qoparaq yararsız hala düşdüyü müəyyən etmişdir. Bu da həmin klinikanın divarı olan hissəsidir. Burada isə cavabdehin günahı yoxdur. Tikinti materiallarını iddiaçı özü alıb. Cavabdeh Taleh İsgəndərli isə yalnız işlərin görülməsi ilə məşğul olub. Divarın nəmişlik olması barədə cavabdeh tərəfindən sifarişçiyə məlumat verilmişdir. Cavabdeh İsgəndərli Taleh Yasər oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, nöqsanı aradan qaldırmaq üçün 1 ay vaxt istəmiş. Əlində başqa işi olduğu üçün çatdıra bilməmişdir. Dediyi vaxtdan 3 aydan çox vaxt keçmiş, vaxt edə bilməmişdir. İddiaçının vəkili vəkil1 çıxışında bildirmişdir ki, ev iddiaçının öz adınadır, mülkiyyətindədir və çıxarışı var. Pulu iddiaçı verib podratçıya və razılaşma da ikisinin arasında olub. Burada subyektiv hüquqdan söhbət gedə bilməz. Əgər cavabdeh bilirdisə nəmişlikdə iş görsə keyfiyyətsiz olacaq ondan imtina etməli və ya yazılı şəkildə qəbz almalı idi ki, sifarişçiyə məlumat verib. Cavabdeh isə sifarişçiyə heç bir məlumat verməyib. Divarlar hələ də tökülməkdə davam edir. Mütəxəssis rəyində keramoqranitlərin hansı qaydada yapışdırılmalı olduğu göstərilir və bildirilir ki, usta tərəfindən keramoqranitlər həmin qaydada yapışdırılmamışdır. Divar ümümilikdə sökülüb yenidən işlənilməlidir. Materiallar isə hamısı brend mallar olub və keyfiyyətli mallar olub. Cavabdeh sifarişçiyə nəmişliklə bağlı heç nə deməyib. İddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, əlində videoyazı var ki, həmin videoda keromaqranitlərin hazırda da qopduğu aşkar görünür. Bu videoyazı məhkəmədən sonra qeydə alınıb. Divarın nəm olmağı ilə bağlı qeyd edir ki, divar nəm olmur, amma olsa da heç bir ziyanı yoxdur. Divarı ölçən zaman keramoqranitlərin altının boş olduğunu görmüş və bu barədə cavabdehə məlumat vermişdir. O, öz mühasibi ilə divarı ölçən vaxtı keramoqranitlərin altının boş olduğunu görmüşdür. Həmin vaxt cavabdehi çağırtdırmış və bu barədə məlumat vermişdir. Təxminən 2 ay içində divar yenidən qopdu üçün cavabdehi yenidən çağırmış və demişdir ki, əlac etsin. Cavabdeh əlində işi olduğunu, onu bitirib gələcəyini bildirmiş, sonradan gəlməmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında iddiaçının həyətində keromaqranit işlərinin görülməsi ilə bağlı şifahi podrat müqaviləsinə dair razılıq olmuşdur. Şifahi razılığa əsasən işin görülməsi üçün tərəflər 373 kvadrat metr sahəni, hər kv.m hissəsini 8 manatdan işçilik haqqını hesablamaqla təxminən 2900 manata razılaşmışlar. İddiaçının bildirdiyinə görə cavabdeh işçiliyə görə də ondan artıq vəsait almışdır. Bundan başqa, 5035 manatlıq keramoqranitlər almış, sonra keramoqranitlərin divara möhkəm yapışdırılması üçün lazımi məhsullara xərci çıxmışdır. Lakin işlər keyfiyyətsiz görüldüyündən keromaqranitlər tökülmüşdür. İddiaçı cəmi 10255 manat ödədiyi pulun qaytarılmasını tələb etmişdir. İddia tələbinə görə, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, görülmüş iş keyfiyyətsiz olmuş, tələb edilməsinə baxmayaraq cavabdeh dəymiş ziyanı aradan qaldırmamışdır. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-cü maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: - sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; - sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; - podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında podrat münasibətlərinin olduğu mübahisəsizdir. İddiaçının çəkdiyi xərclərlə bağlı da mübahisə yoxdur. Cavabdeh tərəf keyfiyyətsiz iş görməsi ilə bağlı iddianı qəbul etmədiyini bildirmişdir. İzahatlardan, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən və videogörüntüdən müəyyən edilir ki, İddiaçı məxsus fərdi yaşayış evinin çöl divarlarına kermoqranitlər müəyyən hissələrdə divardan qopmuş və tökülmüşdür. Divardan kermoqranitlər hələ də tökülməkdə davam edir. “xxxx” qiymətləndirici şirkəti tərəfindən verilmiş yazılı mütəxəssis rəyinə görə aparılan təhlil və araşdırmalar zamanı aşağıdakılar müəyyən edilmişdir: Fərdi yaşayış evinin həyətyanı sahəsində divar üzlüyünə vurulmuş keramoqranit plitələrin qopması müşahidə edilmişdir. Tökülmənin başlıca səbəbi montaj işlərinin texniki tələblərə uyğun aparılmamasıdır. Divar səthi lazımi qaydada hazırlanmamış, alt təbəqədə emulsiya qatı saxlanılmışdır. Həmin təbəqə çapılmalı (çikankalanmalı) və üzərindəki toz təbəqəsi binderlə qarışdırılmış parakontakt məhlulu ilə təmizlənərək işə yararlı hala gətirilməli idi. Keramoqranitlərin vurulmasında istifadə olunan materialların (yapışdırıcı, izolatex və s.) hansı firma və markaya məxsus olması araşdırılmışdır. Həmin istehsalçıların yerli bazarda tanınmış brendlər olduğu müəyyən edilmişdir. Araşdırmalar nəticəsində istifadə olunan materialların keyfiyyətcə yararlı olduğu və uzunmüddətli istifadə üçün tələblərə cavab verdiyi qənaətinə gəlinmişdir. Keramoqranit plitələrin tətbiq olunduğu ümumi sahə 373 m² təşkil edir. Qiyməti 13,5 manat/m² olmaqla ümumi dəyər 5035,0 (beş min otuz beş) manatdır. Aparılan müayinə zamanı 17 m² sahədə keramoqranitlərin tamamilə qoparaq yararsız hala düşdüyü müəyyən etmişdir. Qalan hissələrdə plitələr hal-hazırda divardan ayrılmamış olsa da, eyni tətbiq üsulu tətbiq edildiyindən onların gələcəkdə qopma riski mövcuddur. Əl ilə yoxlama zamanı alt səthlərdən boşluq səslərinin gəlməsi işlərin keyfiyyətsiz yerinə yetirildiyini göstərir. Divardan qopmuş 17 m² sahədəki keramoqranit plitələr tamamilə sıradan çıxmış və təkrar istifadəyə yararsız hala düşmüşdür. Ümumiyyətlə təcrübədə qopmuş plitələrin yenidən tətbiqi peşəkar iş hesab edilmir. Keramoqranitlərin tökülməsində əsas səbəb montaj işlərinin texniki tələblərə uyğun aparılmamasıdır. Divar səthi lazımi qaydada hazırlanmamış, emulsiya səthinin çapılma (çikanka) işləri icra edilməmişdir. Eyni zamanda, divar səthindəki toz təbəqəsi binderlə qarışdırılmış parakontakt məhlulu ilə təmizlənərək işə hazır vəziyyətə gətirilməli idi. Divar səthinin hazırlanması işləri texniki təlimata uyğun aparılsaydı, emulsiya vurulan səth çikankalanaraq təmizlənsəydi və divar səthi binder-parakontakt qarışığı ilə işlənsəydi, keramoqranit plitələrin qopması baş verməzdi. Hazırda qopma müşahidə olunmayan sahələrdə də eyni tətbiq üsulu seçildiyindən gələcəkdə oxşar problemin yaranma riski yüksəkdir. Tökülmüş keramoqranit plitələr yararsız olduğundan onların təkrar istifadəsi mümkün deyildir. Eyni teksturalı yeni keramoqranitlərin tətbiqi yalnız divar səthi tam təmizləndikdən, çapıldıqdan və texniki hazırlıq işləri aparıldıqdan sonra mümkün ola bilər. Kollegiya mütəxəssis rəyini yazılı sübut olaraq qəbul edir. İzahatlardan və təqdim edilmiş videogörüntüdən müəyyən olunur ki, sözügedən divarlarda keramoqranitlərin hazırda da qopub tökülməsi davam edir. Qanunun tələbinə görə, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (Mülki Məcəllə, maddələr 763.1 və 765). İzahatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə gördüyü işin qüsuru barəsində məlumat verilmiş və həmin qüsurun aradan qaldırılması üçün müəyyən vaxt verilmişdir. Verilən vaxt müddətində cavabdeh (podratçı) tərəfindən qüsurların aradan qaldırılması üçün tədbir görülməmişdir. Bu faktı cavabdeh təsdiq etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, nöqsanı aradan qaldırmaq üçün iddiaçıdan vaxt istəmişdir. Belə ki, əlində başqa işi olmuşdur. 3 ay ərzində işlərinin çoxluğun səbəbindən qüsuru aradan qaldıra bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh apellyasiya şikayətində müqavilə şərtlərinə əməl etdiyini, heç bir pozuntuya yol vermədiyini bildirsə də işlərin qüsurlu görüldüyü müəyyən edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslıdır və təmin edilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh İsgəndərli Taleh Yasər oğlunun apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-9)-826/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-826/2026
15.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver