Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-927/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Cavabdeh 9400 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, daha sonra ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Cavabdeh tərəfindən mülki işə məhkəmə baxışı icraatı mərhələsində ona olan borcundan 450 manat ödənildiyi üçün cavabdeh Cavabdeh 8950 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh müxtəlif vaxtlarda ondan çətin şəxsi vəziyyətinə istinad edərək 4400 manat, həmçinin iş qurmaq üçün 5000 manat məbləğdə pul almış və qaytaracağını dəfələrlə bildirməsinə baxmayaraq indiyə kimi həmin pulu tam olaraq ona geri qaytarmamışdır. Həmin qeyd edilən məbləğləri kredit kartından əldə etdiyi üçün və cavabdeh pulu qaytarmadığı üçün o, banka əlavə pul ödəməyə məcbur qalmış, vəsaitin kredit olmasını əvvəlcədən cavabdehə bildirmiş və o da narahat olmamağını və pulu vaxtında qaytaracağına söz vermişdir. O, cavabdehlə bir şirkətdə müxtəlif vəzifələrdə işləmiş və bu barədə o, şirkət rəhbərliyinə şikayət etdikdə cavabdeh yazılı öhdəlik məktubu hazırlayıb imzasıyla təsdiq etmişdir ki, ## ###### 2025-ci ilədək pulu geri qaytaracaq, lakin sonradan heç bir pul məbləğini qaytarmamış və həmin tarixdən də işə gəlməmişdir. Uzun müddət üzrsüz səbəbdən işi buraxmasına görə şirkət cavabdehi işdən azad etmişdir. Lakin cavabdeh həmin puldan məhkəmə gedişatı dövründə 450 manat qaytarmış, bundan sonra həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh qalan 8950 manat pulu indiyənə kimi ona qaytarmamışdır. Cavabdeh həmin pulu ona qaytarmasına söz versə də, lakin aradan bir neçə vaxt keçməsinə baxmayaraq cavabdeh həmin pulu tam qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən də cavabdeh Cavabdeh 8950 manat məbləğində pulun və 114 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi (hakim: Cavad İbrahimov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 8950 (səkkiz min doqquz yüz əlli) manat pul və 114 (bir yüz on dörd) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Cavabdeh Cavabdeh “xxxx” MMC-nin direktoru Alius Antulisə ünvanladığı ##.##.2025ci il tarixli öhdəlik məktubunun məzmunundan görünür ki, Cavabdeh İddiaçı 9400 manat pul vəsaiti almış, həmin pul vəsaitini ##.##.2025-ci il tarixə kimi qaytaracağına söz vermiş və bu barədə öhdəlik məktubu yazaraq imza etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramın məzmunundan görünür ki, “xxxx” MMC tərəfindən onun əmək haqqından ümumilikdə 27500 manat pulun tutulmasına baxmayaraq qeyd edilən məbləğlər müvafiq olaraq borclu olduğu şəxslərə ödənilməmişdir. “xxxx” MMC tərəfindən verilmiş məktubdan görünür ki, “xxxx” MMC-nin keçmiş əməkdaşı olan Cavabdeh şirkətdə işlədiyi müddətdə və işdən çıxdıqdan sonra öhdəlik məktubunda adları qeyd edilən əməkdaşlara, yəni İsgəndərov Xəyal Famil oğluna, Şükürov İntiqam Zakir oğluna, Əhmədov Vüqar İlkin oğluna, X7, X2, X6, X3 və İddiaçı qaytarılması üçün Cavabdeh heç bir vəsait tutulmamışdır. ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı iddia ərizəsinin verilməsinə görə 114 manat dövlət rusumu ödənişi etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 9400 manat pul vəsaiti almış və cavabdeh Cavabdeh işlədiyi MMC-nin, yəni “xxxx” MMC-nin direktoru Alius Antulisə ünvanladığı ##.##.2025-ci il tarixli öhdəlik məktubuna əsasən həmin pul vəsaitini ##.##.2025-ci il tarixdə iddiaçıya qaytaracağına söz vermişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən pul məbləği cavabdehdən dəfələrlə tələb edilsə də cavabdeh müxtəlif bəhanələrlə həmin pul vəsaitini ödəməkdən yayınmışdır. Bundan başqa, iddiaçının məhkəməyə verdiyi izahata əsasən cavabdeh tərəfindən qeyd edilən pul məbləğindən mülki işə məhkəmə baxışı icraatı mərhələsində iddiaçıya 450 manat pul ödənilmiş və hal-hazırda cavabdehin iddiaçıya 8950 manat borcu qalmışdır. Bundan əlavə, cavabdeh Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq “xxxx” MMC tərəfindən onun əmək haqqından ümumilikdə 27500 manat pulun tutularaq qeyd edilən məbləğlərin müvafiq olaraq borclu olduğu şəxslərə, eyni zamanda iddiaçı İddiaçı ödənildiyini bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən “xxxx” MMC-nin keçmiş əməkdaşı olan Cavabdeh şirkətdə işlədiyi müddətdə və işdən çıxdıqdan sonra öhdəlik məktubunda adları qeyd edilən əməkdaşlara, yəni İsgəndərov Xəyal Famil oğluna, Şükürov İntiqam Zakir oğluna, Əhmədov Vüqar İlkin oğluna, X7, X2, X6, X3 və İddiaçı qaytarılması üçün “xxxx” MMC tərəfindən Cavabdeh əmək haqqından heç bir vəsaitin tutulmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən də cavabdeh Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni iddiaçı İddiaçı hesabına 8950 manat pul əldə edərək əsassız varlanmışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən də məhkəmə cavabdeh Cavabdeh 8950 manat pulun alınıb iddiaçı İddiaçı verilməsini qanuni və əsaslı saymışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 157.4, 385.1, 386.1, 439.4, 739.2, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Laçın Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ondan pul tutulmamalıdır. İddiaçı məhkəmə icraatı dövründə ona yalnız 450 manat ödənildiyini bildirmiş, halbuki, iddiaçıya olan borcu tam ödənilmişdir. Belə ki, iş materiallarında olan iddiaçı ilə və digər iş yoldaşıları ilə onun arasında mövcud olan ## #### 2025-ci il tarixli öhdəlik məktubundan görünür ki, həmin məktub işlədiyi şirkətdə və rəhbər heyətinin iştirakı ilə tərtib olunmuşdur. Sözügedən məsələ ilə bağlı öhdəlik götürdüyündən və rəhbərlik onun üzərinə həmin işçilərə olan borcunu ödəməyi barədə vəzifə qoyduğundan bilavasitə bu məsələ ilə əlaqədar rəhbərlik yaxından maraqlanırdı. Daha sonra onun əmək haqqından və bonus ödənişlərindən tam tutulmalar olunmağa başladı və beləliklə o, 3 ay əmək haqqı və bonus ödənişi ala bilməmişdir. Bu barədə maraqlandıqda şirkət rəhbərliyi ona əmək haqqı və bonus ödənişlərin hesabına işçilərə olan borcunun ödənildiyini bildirmişdir. Onun aylıq əmək haqqı 4000 manat, bonus ödənişi isə aldığı əmək haqqına bərabər olmuşdur. Bu baxımdan da hesab edir ki, onun iddiaçıya borcu qalmamışdır. Bundan başqa məhkəməyə ərizə verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Çünki məhkəmə iclasında müvafiq sübutları məhkəməyə təqdim etmək, həmçinin digər prosessual hüquqlarından istifadə edərək iddia tələbinə qarşı etirazının əsasını istinad edən halları məhkəmənin diqqətinə çatdırmaq istəmişdir. Lakin o bu hüququndan faydalana bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi təmin edilmiş, cavabdeh qətnamənin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh 8950 (səkkiz min doqquz yüz əlli) manat pul və 114 (bir yüz on dörd) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdehdən 9400 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etmiş, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən həmin məbləğin 450 manatının ödənildiyini nəzərə alaraq, qalan 8950 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İş materiallarında cavabdehin iddiaçıdan 9400 manat pul vəsaiti aldığını və həmin məbləği müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürdüyünü təsdiq edən ##.##.2025-ci il tarixli öhdəlik məktubu mövcuddur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıdan 9400 manat pul vəsaiti alması və həmin vəsaiti ##.##.2025-ci il tarixədək qaytarmaq öhdəliyini götürməsi iş materiallarında olan öhdəlik məktubu ilə təsdiq olunur. Məhkəmə həmçinin cavabdehin borcun əmək haqqından tutulmaqla ödənildiyi barədə dəlilinə qiymət verərək müəyyən etmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş məlumatda cavabdehin əmək haqqından iddiaçı İddiaçı qaytarılması üçün hər hansı məbləğin tutulmadığı bildirilmişdir. Beləliklə, cavabdehin borcun ödənilməsi barədə bildirdiyi hallar mötəbər və kifayət edən sübutlarla təsdiq olunmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, onun iddiaçıya olan borcu əmək haqqı və bonus ödənişlərindən tutulmalar aparılmaqla tam ödənilmiş, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, habelə məhkəmə iclasının təxirə salınmasına dair ərizəsini təmin etməməklə əlavə sübutlar təqdim etmək və iddia tələbinə qarşı etirazlarını əsaslandırmaq imkanını məhdudlaşdırmışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, cavabdeh aldığı pulu qaytarmadından, iddiaçı ona qarşı borcun qaytarılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740-cı maddələri təşkil edir. 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarında olan cavabdeh Cavabdeh “xxxx” MMC-nin direktoru Alius Antulisə ünvanladığı ##.##.2025-ci il tarixli öhdəlik məktubunun məzmunundan görünür ki, Cavabdeh İddiaçı 9400 manat pul vəsaiti almış, həmin pul vəsaitini ##.##.2025-ci il tarixə kimi qaytaracağına söz vermiş və bu barədə öhdəlik məktubu yazaraq imza etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı-borcverən müəyyənləşdirilmiş borc pulu cavabdehə-borcalana vermiş, cavabdeh isə aldığı borc pulu müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüş olsa da, buna lazımınca əməl etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirərək şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlir. Məhkəmə tərkibi qeyd etməyi lazım hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı qəbul edilmiş, Həmin Qərarda göstərilmişdir ki: Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Hazırda da yuxarıda qeyd edilən məktubda tərəflərin borc münasibəti sübut olunur. Cavabdeh isə bildirir ki, işlədiyi şirkət maaş və bonuslarından çıxaraq borcları ödəmişdir. Beləliklə, hazırkı iş üzrə əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisədə borc münasibətinin yaranması iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutla təsdiq olunduğu halda, borc öhdəliyinin sonradan icra edildiyini, yəni iddiaçıya olan 9400 manat məbləğində borcun, yaxud məhkəmə baxışı zamanı qalan 8950 manat borcun ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində borcun əmək haqqından və bonus ödənişlərindən tutulmaqla tam ödənildiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı ödəniş sənədi, bank çıxarışı, əmək haqqı hesablanmasına dair sənəd, işəgötürən tərəfindən tutulmuş vəsaitin konkret olaraq iddiaçıya ödənilməsini təsdiq edən sənəd və ya digər mötəbər sübut təqdim etməmişdir. Cavabdehin bu barədə yalnız məlumat verməsi isə borcun icra edildiyini təsdiq edən kifayət qədər sübut kimi qəbul edilə bilməz. Əksinə, iş materiallarında olan “xxxx” MMC-nin məktubundan müəyyən olunur ki, cavabdehin əmək haqqından və digər ödənişlərindən iddiaçı İddiaçı qaytarılması üçün hər hansı vəsait tutulmamışdır. Həmin məktubda həmçinin cavabdehin öhdəlik məktubunda adları göstərilən digər şəxslərə, o cümlədən iddiaçıya borcun qaytarılması məqsədilə şirkət tərəfindən cavabdehin əmək haqqından hər hansı məbləğin tutulmadığı bildirilmişdir. Daha mühüm olaraq, hətta cavabdehin əmək haqqından müəyyən tutulmaların aparıldığı qəbul edilsə belə, həmin tutulmaların məhz iddiaçı İddiaçı olan borcun ödənilməsinə yönəldilməsi və nəticə etibarilə borc öhdəliyinin icra edilməsi ayrıca sübut edilməli olan haldır. Cavabdeh isə bu halı təsdiq edən sübut təqdim etməmişdir. Cavabdehin məhkəmə iclasının təxirə salınması barədə ərizəsinin təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, tərəfin sübut təqdim etmək hüququ mütləq və məhdudiyyətsiz xarakter daşımamaqdadır. Tərəf istinad etdiyi halları vaxtında bildirməli və həmin halları təsdiq edən sübutları qanunvericiliklə müəyyən edilmiş prosessual qaydada məhkəməyə təqdim etməlidir. Hazırkı iş üzrə cavabdeh borcun əmək haqqından tutulmaqla ödənildiyini bildirsə də, həmin halı təsdiq edən sübutların mövcudluğunu və onları məhkəməyə təqdim etməsinə real maneə olduğunu əsaslandıran kifayət qədər məlumat təqdim etməmişdir. Üstəlik, apellyasiya instansiyasında da cavabdeh borcun ödənildiyini təsdiq edən mötəbər sənədləri təqdim etməmişdir. Belə olan halda, yalnız gələcəkdə təqdim edilə biləcəyi bildirilən sübutların mövcudluğuna istinad edilməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsassız hesab edilməsi üçün kifayət edə bilməz. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətini düzgün olaraq borc münasibəti kimi qiymətləndirmiş və qətnamənin əsaslandırılmasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, məhkəmənin qətnamədə mübahisəli hüquq münasibətinə əlavə olaraq Mülki Məcəllənin əsassız varlanmanı tənzimləyən müddəalarına istinad etməsi, borc münasibətini tənzimləyən və işin faktiki hallarına uyğun olan hüquq normasının da tətbiq edildiyi nəzərə alındıqda, qətnamənin nəticəsinin düzgünlüyünə təsir edən və onun ləğvini zəruri edən hal kimi dəyərləndirilə bilməz. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-927/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-927/2026
24.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver