Məhkəmə qərarları › İş №e-2(3-9)-967/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-967/2026

08.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-967/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona 30000 manat məbləğdə olan borcun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2025-ci ilin iyun ayında ondan 30000 manat məbləğdə pul almış, lakin indiyədək heç bir əsaslı səbəb göstərmədən borcu qaytarmamışdır. Cavabdeh pulu ondan alarkən ona bildirmişdir ki, vəsait mənzil təmiri və evliliklə bağlı xərclər üçün lazımdır. Lakin sonradan əldə etdiyi məlumatlara əsasən cavabdehin qumar və digər şans oyunlarında iştirak etdiyi və aldığı vəsaiti bu məqsədlərlə xərclədiyi barədə əsaslı şübhələr yaranmışdır. Cavabdeh onun etimadından və insani həssaslığından istifadə edərək, reallığı gizlətmiş və onu aldadaraq borc götürmüşdür. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon ** saylı polis bölməsinə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh izahatında borcu etiraf etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Elvin Ələsgərov) iddia təmin edilərək, Cavabdeh 30000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş olan 180 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə 30000 manat borca pul verməsi və hazırda işə baxılan zaman həmin pul vəsaitinin geri qaytarılmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim edilməsi mümkün olan bütün sübutları təqdim etmiş və həmin sübutlar iclas zalında tədqiq edilmişdir. Lakin cavabdeh məhkəmə iclası barədə dəflərlə məlumatlandırılmasına baxmayaraq iclasa gəlməmiş, iddiaçının təqdim etdiyi sübutlara hər hansı münasibət bildirməmişdir. Məhkəmə gəlidiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 1091.1, 1091.2, 1092.1, 1092.1.1 və 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran şəhərində yaşamadığı üçün məhkəmə tərəfindən göndərilən bildirişlərdən məlumatsız olmuşdur. Həmçinin istifadəsində olan mobil nömrəyə SMS bildiriş göndərilmədiyindən iclaslarda iştirakının təmin edilməsi mümkünsüz olmuşdur. Onunla iddiaçı arasında qohumluq münasibəti olmuş, həmin münasibətlər zəmnində iddiaçı maddi dəstək olmaq məqsədilə ona qeyd olunan pul vəsaitini vermişdir. Həmin pul vəsaitinin qaytarılması ilə əlaqədar aralarında olan razılaşma belə olmuşdur ki, gələcəkdə imkanı olduqca həmin vəsaiti hissə-hissə olmaqla iddiaçıya qaytaracaqdır. Lakin iddia ərizəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, həmin vəsait ondan tam şəkildə tələb olunur. Həmin vəsaiti iddiaçı ona verəndə onu birdəfəlik qaytarmaq imkanı olmadığı ona məlum idi. Bu səbəbdən hesab edir ki, işin halları iştirakı təmin olmadığından tam və hərtərəfli araşdırılmamışdır. Qeyd edilən hallar polis orqanında izahat verilən zaman da bildirilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi Rayon polis idarəsinin 21-ci polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşın müraciəti üzrə aparılmış araşdırma zamanı yaranmış məsələnin mülki xarakterli olduğu və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı müəyyən edilərək, ona mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lənkəran Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixli sorğu əsasında Nəsimi rayon polis idarəsinin 21-ci polis şöbəsi tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, # ###### 2025-ci il tarixdə Cavabdeh İddiaçı olan 30000 manat borcunu qaytarmaması ilə bağlı İddiaçı etdiyi müraciət araşdırılmış, qarşı tərəf 30000 manat borcu aldığını etiraf etsə də, maddi sıxıntı səbəbindən ödəyə bilmədiyini qeyd etmiş və məsələ polis orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Poçt vasitəsilə məhkəməyə təqdim olunan 1 ədəd “flaş-kart” (“flash-card”) elektron daşıyıcıda olan səs yazıları məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunur ki, iddiaçının deməsinə görə cavabdehlə arasında olan səs yazısında kişi səsli şəxs iddiaçıya borcları olduğunu, ona borca pul verməsini xahiş edir. Digər səs yazılarında da borc istənilməsi və borcun etiraf edilməsi məzmununda danışıqlar vardır. Həmçinin qeyd edilən yaddaş qurğusu içərisində tərəflərin borcun etirafı ilə bağlı yazışmaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını doğru hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-324.3-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; borclunun icranı gecikdirməsi sayılır. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilməlidir ki, MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. İlk öncə, məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Bununla bərabər, məhkəmə tərkibi hüquqi müəyyənlik prinsipinə də toxunmağı zəruri hesab edir. Bu prinsip hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış olaraq əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarında göstərilmişdir ki, bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 30000 manat məbləğində pul vəsaitini İddiaçı Şahhüsen qızından aldığını etiraf etmişdir. Bununla da, tərəflər arasında borc hüquq münasibətlərinin yarandığı müəyyən olunur. Sözügedən fakt Cavabdeh polis şöbəsində verdiyi izahatla, apellyasiya şikayətində cavabdehin etirafı ilə və digər yazılı sübutlarla öz təsdiqini tapır. Beləliklə, tərəflər arasında yaranmış münasibətin əsassız varlanma kimi deyil, borc münasibəti kimi qiymətləndirilməsi zəruridir. Bu səbəbdən birinci instansiya məhkəməsinin mübahisəyə əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etməsi düzgün olmamışdır. Həmçinin məhkəmə tərkibi cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan poçt izləmə məlumatlarından (SS939331250AZ) müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli məhkəmə bildirişi # #### 2026-cı il tarixdə Cavabdeh çatdırılmışdır (səh. 36-39). Odur ki, cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı halda, ona verilmiş prosessual hüquqlardan, o cümlədən məhkəmə iclasında iştirak etmək, öz etiraz və mülahizələrini bildirmək, sübutlar təqdim etmək və digər prosessual hüquqlarından vaxtında və səmərəli şəkildə istifadə etməmişdir. Bu baxımdan, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Beləliklə, tərkib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud faktiki münasibətlərə düzgün hüquqi qiymət vermədiyi üçün qətnamə maddi hüquq normalarının tətbiqi hissəsində qanuni və əsaslı sayıla bilməz. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 402- ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı Şahhüseyn qızına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar