Məhkəmə qərarları › İş №e-2(3-9)-976/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-976/2026

10.08.2026 · Əmək haqqı tələbi - Əmək mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-976/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində 2021-ci ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək əmək haqqının ödənilməyən 8160.12 manat hissəsinin və digər sosial müavinətlərin ödənilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin qərarında konkret qeyd edilmiş nöqsanları bütünlüklə aradan qaldırmadan, yenidən eyni və oxşar məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsində tələb olunan 8160,12 manat məbləğin hesablanma qaydası, həmin məbləğin hansı dövrlər və göstəricilər əsasında formalaşması aydın göstərilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının istinad etdiyi Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli məktubda ## ######## 2024-cü il tarixədək hesablanmış və ödənilmiş əmək haqqı məbləğləri əks etdirilmiş, halbuki iddia tələbi 2024cü ilin oktyabr ayınadək olan dövrü əhatə etmişdir. Həmin məktubdan da iddia ərizəsində göstərilən 8160,12 manat məbləğin necə hesablandığı, formalaşdığı müəyyən edilmir. Təqdim olunmuş arayışlarda yalnız ayrı-ayrı aylar üzrə hesablanmış və ödənilmiş əmək haqqı məbləğləri göstərilmiş, lakin tələb edilən yekun məbləğin formalaşma qaydası açıqlanmamışdır. Arayışda göstərilən hesablanmış və ödənilmiş əmək haqqı məbləğləri arasındakı fərqlərin cəmi ilə iddia tələbində göstərilən məbləğ bir-birinə uyğun gəlmir. Bundan başqa, iddia ərizəsində tələb edilən “digər sosial müavinətlər”in konkret hansı ödənişlərdən ibarət olduğu, onların hüquqi əsası, hesablanma qaydası və məbləği də dəqiqləşdirilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin “digər sosial müavinətlər” hissəsinə münasibətdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ekspertiza xüsusi bilik tələb edən halların aydınlaşdırılması məqsədilə təyin edilir. Lakin ekspertiza qeyri-müəyyən və dəqiqləşdirilməmiş iddia tələbinin formalaşdırılması və ya iddia predmetinin müəyyən edilməsi vasitəsi kimi çıxış edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilk növbədə “digər sosial müavinətlər”in konkret hansı ödənişlərdən ibarət olduğu, onların hüquqi əsası, hesablanma qaydası və məbləği, digər hüquqi əsaslar dəqiq müəyyən edilməli, yalnız bundan sonra həmin hesablamalarla bağlı ziddiyyət və ya xüsusi bilik tələb edən hallar yarandıqda ekspertiza təyin olunması məsələsi müzakirə edilə bilər. Buna görə də, hazırkı mərhələdə qeyri-müəyyən və dəqiqləşdirilməmiş iddia tələbi üzrə ekspertiza keçirilməsi üçün əsaslar mövcud deyildir. Digər sosial ödəniş və müavinətlərin konkret növü, hüquqi əsası, hesablanma qaydası və məbləği ilə bağlı müvafiq məlumatların əldə edilməsi, bununla da iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti dövlət orqanlarına müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, məhkəmənin ##.##.2026-cı il tarixdə keçirilən iclasında iddiaçıya iddia ərizəsində qeyd olunan nöqsanların aradan qaldırılması üçün vaxt verilmiş, bu məqsədlə iclas ##.##.2026-cı il tarixə təxirə salınmış, lakin iddiaçı həmin nöqsanları aradan qaldırmaq əvəzinə vəsatətlə ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin ## ##### 2026cı il tarixli *-**-*/*-Ə-*****/**** saylı məktubu ilə məktəbdən araşdırmaya daxil olan sənədlər tədqiq edilməklə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilməklə İddiaçı ilə məktəbin işəgötürəni arasında “əmək müəllimi” vəzifəsi üzrə ##.##.2000-ci il tarixli əmək müqaviləsinin bağlandığı (hal-hazırda texnologiya müəllimi) müəyyən edilmişdir. Məktəbdən təqdim edilmiş əmək müqaviləsinə əsasən İddiaçı aylıq əmək haqqı məbləğinin dəyişdirilməsi ilə bağlı ##.##.2021-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli dəyişikliklərin İddiaçı tərəfindən deyil, yalnız işəgötürən tərəfindən imzalanmaqla “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” bölməsinə daxil edildiyi məlum olmuşdur. Qeyd olunan dəyişikliklərlə bağlı müvafiq olaraq “xxxx”a ##.##.2021-ci il tarixli *******000106 nömrəli, ##.##.2022-ci il tarixli *******000109 nömrəli, ##.##.2022-ci il tarixli *******000110 nömrəli, ##.##.2023-cü il tarixli *******000111 nömrəli əmək müqaviləsi bildirişləri daxil edilmişdir. Elektron sənəd qismində tərtib edilməklə İddiaçı tərəfindən ##.##.2024-cü il tarixində imzalanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən aylıq əmək haqqı məbləği 388 manat 89 qəpik, İddiaçı tərəfindən ##.##.2024-cü il tarixində imzalanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən əmək haqqı məbləği 661 manat 11 qəpik müəyyən edilmişdir İddiaçı əmək müqaviləsinə edilmiş ##.##.2021-ci il tarixli dəyişikliyə əsasən onun aylıq əmək haqqı məbləğinin 255 manata qədər azaldıldığı aşkara çıxarılmışdır. İddiaçı əmək haqqısının azalmış olduğu dövrlər üçün ona verilməmiş əmək haqqı məbləğlərinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 2-cı hissəsinə (Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir) əsasən İddiaçı ödənilməsinin təmin edilməsi barədə Məktəb rəhbərliyinə ##.##.2026-cı il tarixli *- ***/*-*****/**** nömrəli icrası məcburi olan göstəriş verilmiş, həmin göstərişin yerinə yetirilməməsinə görə İXM-in 539.1-1-ci maddəsinə uyğun inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. İş üzrə işəgötürənlə İddiaçı aralarında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində yəni 2021-ci ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək ödənilməyən sosial müavinətlərin hesablanması məqsədi ilə xüsusi bilik tələb olunan suaları izah etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğundan mülki iş üzrə ekspertizanın keçirilməsi barədə vəsatət verilmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 153.3-cü maddəsinə əsasən 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263-264, 397, 398. və 400-402ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Salyan Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar