Məhkəmə qərarları › İş №e-2(5-100)-7/2026

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-100)-7/2026

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-100)-7/2026 11.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmlakına vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1046.04 manat məbləğin, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli 44 saylı əmrlə adminstrator vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli 43-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin “OBA Zirə 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdeh Əzizov Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2025-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2083,90 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1046,04 manat borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1046,04 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1046,04 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 339İ-Q saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2024-ci il tarixli 44 saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2024-ci il tarixindən “administrator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan X3 haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə qəbul edilərkən, tam maddi məsul vəzifəyə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, cəmiyyətin satış departamentinin satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2025-ci il tarixində 2083.90 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan “xx.xx.2022-ci il tarixli OBA Zirə 1 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair imtina aktı”dan görünür ki, 2083.90 manat manat əskikgəlmə məbləği müəyyən edilmiş, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan imtina etmişdir. İşin materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödəməsinə dair xx.xx.2025-ci il tarixli xəbərdarlıq göndərmişdir. İş materiallarından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2025-ci il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh MMC-də satıcı-kassir, sonradan isə administrator vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda tərəflər arasında X3 haqqında müqaviləyə əsasən cavabdeh iddiaçı MMC-də işlədiyi müddətdə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və s. öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, işəgötürən İddiaçı MMC tərəfindən OBA-Zirə 1 filialında xx.xx.2025-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində maddi sərvətlərin miqdarında əskikgəlmələr müəyyən edilmişdir. Həmin vaxt filialın müdiri və maddi-məsul şəxs Cavabdeh olmuşdur. Cavabdeh nəzarətində olan maddi sərvətlərin əskikgəlmələri nəticəsində tərəfindən 2083.90 manat iddiaçıya ziyan vurulması müəyyən edilmiş, iddiaçı tərəfindən güzəşt edilərək, qalıq 1046,04 manat cavabdehdən tələb edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya zərər vurulması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən ona vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1046,04 manat məbləğində vurulmuş ziyan alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı mediasiya şurasına müraciət etməsi üçün 60 manat ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının mediasiya xərcinin ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbayca Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1 maddəsinə əsasən Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərə görə 1046,04 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat pul vəsaiti tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar