Məhkəmə qərarları › İş №e-2(5-101)-440/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-101)-440/2026

26.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-101)-440/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin hakimi Süleymanov Cavid Loğman oğlu, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş və onun ½ pay hüququ olan VAZ 21074 markalı **-KX-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin yarısı olan 3500 manatın cavabdehdən alınaraq ona verilməsi, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş və onun ½ pay hüququ olan Abşeron rayon, Ramana südçülük Sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsinin naturada bölünərək ona aid olan hissənin müəyyən edilməsi, dövlət rüsumu kimi ödənilmiş məbləğin, vəkilə və mediasiyaya ödənilmiş məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat rüsum ödənilir. Lakin, hazırkı iddia tələbi üzrə iddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qətnamələrdən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikahın pozulması qət edilmiş, həmçinin hazırki iddia tələbi üzrə mübahisənin predmeti olan VAZ 21074 markalı **-KX-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Abşeron rayon, Ramana südçülük Sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsinin üzərində tərəflərin payları müəyyən edilmişdir. Hazırki mübahisə isə, üzərində payları məhkəmə qaydasında müəyyən edilmiş əmlakın naturada bölgüsü ilə bağlıdır ki, qeyd edilən tələb üzrə isə müvafiq qaydada dövlət rüsumu ödənilməmişdir. Belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar