Məhkəmə qərarları › İş №e-2(5-102)-39/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-39/2026

13.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-39/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə, X6 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə cavabdeh X3 mülkiyyətində olan 99BF306 dövlət nömrə nişanlı “Mercedes Benz 814D” yük avtomobilini idarə edərkən Bakı şəhəri Nərimanov rayonu ərazisində saat 16.00 radələrində idarə edərkən yol hərəkətləri qaydalarını pozmuş və nəticədə iddiaçı X7 idarə etdiyi mülkiyyətçisi İddiaçı1 “Hyundai Sonata” markalı ** DC *** dövlət nömrə nişanlı minik avtomobil ilə toqquşmuş və bununla onlara 9.196 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edirlər ki, “Hyundai Sonata” markalı 77DC199 dövlət nömrə nişanlı minik avtomobili etibarnamə əsasında İddiaçı1 tərəfindən İddiaçı2 verilmiş olsa da, İddiaçı1 Marif oğlu tərəfindən İddiaçı2 satılmış, lakin texniki pasportu Piriyevin adında qalmışdır. İddiaçı2 həmin avtomobili şəxsi ailə maşını kimi istifadə olunurdu. İddiaçılara dəymiş 9.196 manat məbləğindəki zərərin bir qismi, yəni 5000 manatı mülki məsuliyyətini icbari sığorta etmiş Cavabdeh1 Sığorta Şirkəti ASC-i tərəfindən ödənilmiş, lakin qalan 4.196 manat maddi zərər dəfələrlə cavabdehlərdən tələb olunsa da, o hər dəfəsinə müxtəlif bəhanələr ilə həmin zərəri ödəməkdən onlar yayınmışdır. İddia tələbləri hələ də ödənməyən 4.196 manat maddi zərərin və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi ilə bağlıdır. Eyni zamanda həmin sığorta aktında göründüyü kimi, sığorta məbləği 55000 manat olduğu halda sığortaçı 5000 manatdan artıq olan zərəri ödəməmişdir. Hesab edirlər ki, bu durum Azərbaycan Respublikası Mülki Məcəlləsinin, o cümlədən İcbari sığortalar haqqında qanunun tələblərinə ziddir. Belə ki, həmin qanunvericiliyə görə sığortaçı, sığortalı qarşısında sığorta məbləği həddində məsuliyyət daşıyır. Məlum olduğu kimi, dəyən zərərin 9.196 manat, sığorta məbləğinin isə 55000 manat olduğu halda sığortaçı təkcə 5000 manat zərəri ödəyərək, qalan 4.196 manat zərərdən məsuliyyət daşımadığını bildirmişdir. Hesab edirlər ki, sığortaçı qalan 4.196 manatdan dolayı da məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, X2 və Cavabdeh2 müştərək qaydada 4.196 manat məbləğindəki maddi zərər, 70 manat məbləğindəki dövlət rüsumu, 300 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 4.566 manat pul tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə, X6 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçıların Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı tələblərindən imtinaları qəbul edilmiş və iddia tələbinin Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı hissəsi üzrə işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin iddiaya dair yazılı etirazını nəzərdən keçirdikdən sonra bu qənaətə gəlmişdir ki, həmin cavabdehə qarşı hissədə iddia tələbindən imtina olunsun və məhkəməyə bununla əlaqədar ərizə təqdim etmişdir. Tələbin digər iki cavabdehə qarşı hissədə əsaslı olduğu üçün pulun həmin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X9 və Cavabdeh2 faktiki yaşayış yerləri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“köçüb”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPMnin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçıların nümayəndəsi və vəkilin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2025-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş üzrə Nərimanov rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16.00 radələrində Nərimanov rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz 814D” yük markalı, 99BF306 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 (mülkiyyətçi X9) təqsirli olan şəxs qismində, “Hyundai Sonata” minik markalı, 77DC199 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs İddiaçı2 (mülkiyyətçi İddiaçı1) zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə avtoservis (fiziki şəxs X10) tərəfindən tərtib edilmiş 2 No-li qüsur aktından görünür ki, İddiaçı2 idarə etdiyi “Hyundai Sonata” minik markalı, 77DC199 dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 9.196,00 manat vəsait hesablanmışdır. İş üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC-nin CLM**********942 saylı sığorta aktının surətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində Cavabdeh1 Sığorta Şirkəti ASC sığortalı Əmir Mirzəyevə məxsus (faydalanan şəxs İddiaçı2) «Hyundai Sonata» markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, xx.xx.2025-ci il tarixdə “Mercedes Benz 140D” markalı, 99BF306 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuş, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərin ümumi məbləği 9.196 manat müəyyən edilmiş, sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi İddiaçı2 ödənilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı2 CLM**********942 saylı sığorta aktına əsasən 5000 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, «Mercedes Benz 814D» yük markalı 99BF306 dövlət qeydiyyat nişanlı avtomaşın X3 adına qeydiyyata alınmış,xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən maşın Cavabdeh2 etibar edilmiş, xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən maşın X4 etibar edilmiş, xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən maşın X5 etibar edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi və X6 məxsus olan “Mercedes Benz 814D” yük markalı, 99BF306 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman İddiaçı1 mülkiyyətində olan və digər İddiaçı2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, 77DC199 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində İddiaçı2 idarə etdiyi avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində Cavabdeh2 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 Sığorta Şirkəti ASC-də icbari sığorta növü üzrə sığortalanmış “Hyundai Sonata” minik markalı, 77DC199 dövlət qeydiyyat nişanlı avtomaşına 9.196 manat ziyan dəymişdir. Sığorta təşkilatı tərəfindən “Hyundai Sonata” minik markalı, 77DC199 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlara dəymiş 9.196 manat məbləğindəki zərərin bir qismi, yəni 5000 manatı mülki məsuliyyətini icbari sığorta etmiş Cavabdeh1 Sığorta Şirkəti ASC-i tərəfindən ödənilmiş, lakin qalan 4.196 manat maddi zərər ödənilməmişdir. Bu səbəbdən iddiaçılar cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 4.196 manat məbləğindəki maddi zərər, 70 manat məbləğindəki dövlət rüsumu, 300 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 4.566 manat pul tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi birgə iddiaçı kimi həm nəqliyyat vasitəsinin mülkiyyətçisi, həm də həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən şəxs tərəfindən irəli sürülsə də, hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxs kimi yalnız əmlakın mülkiyyətçisi, yəni İddiaçı1 qəbul edilməlidir. Başqa sözlə birgə iddiaçı kimi çıxış edən İddiaçı2 mülkiyyətində olmayan nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı, yəni hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Məhkəmə qaldırılan iddiaya dair aşağıdakıları qeyd etməyi də zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli sürücü tərəfindən idarə edilən nəqliyyat vasitəsi ilə İddiaçı1 mülkiyyətində olan nəqliyyat vasitəsinə ziyan yetirildiyindən, həmin ziyanla bağlı mülkiyyətçi tələb irəli sürməkdə haqlı hesab edilməlidir. Məhkəmə vurulmuş ziyanın cavabdehlər Cavabdeh2 və Səyyad Ağalarovdan tutulması ilə bağlı tələb üzrə qeyd edir ki, yol-nəqliyyat hadisəsində inzibati xəta haqqında qərara əsasən Cavabdeh2 təqsirli hesab olunduğundan və nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən qanuni əsaslarla (etibarnamə əsasında) idarə olunduğundan, zərərin əvəzini ödənilməsi öhdəliyi hər iki cavabdehin üzərinə qoyula bilməz. Yəni məhkəmə hesab edir ki, zərərin əvəzini ödənilməsi ilə bağlı irəli sürülmüş tələb hər iki cavabdehə (avtomaşının mülkiyyətçisi və qanuni əsaslarla idarə edən şəxs/etibanamə ilə) qarşı yönəldilsə də, ziyanın əvəzinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən yüksək tühlükə mənbəyini qanuni əsaslarla idarə etmək hüququna dair etibarnamə ilə idarə edən və yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli hesab olunan cavabdeh – Cavabdeh2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə qeyd edir ki, «Mercedes Benz 814D» yük markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşını hadisə vaxtı etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edildiyi üçün və bununla da avtomaşın onun qanuni sahibliyində olduğu üçün, hazırki tələb üzrə vurulmuş ziyanla bağlı cavabdehliyi yalnız avtomaşını idarə edən şəxs daşıyır. Beləliklə məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdehliyi yalnız hadisəni törətmiş şəxs, yəni Cavabdeh2 daşıdığı üçün, irəli sürülmüş tələb üzrə cavabdehliyi də məhz o daşımalıdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı1 xeyrinə 4.196 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan İddiaçı2 və İddiaçı1 ilə “Sirius” Vəkil Bürosu arasında bağlanılmış xx.xx.2026-cı il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin və xx.xx.2026-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hüquqi yardıma görə “Sirius” Vəkil Bürosuna 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat Cavabdeh2 İddiaçı1 xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 70 manat dövlət rüsumu da Cavabdeh2 İddiaçı1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı1 xeyrinə “Hyundai Sonata” minik markalı, 77DC199 dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanın əvəzi kimi 4.196 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat, cəmi 4.566 (dörd min beş yüz altmış altı) manat məbləğində pul tutulsun. İddia tələbi cavabdeh X6 münasibətdə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev İş № 2(5-102)-39/2026 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Bakı şəhər Səbail rayon Məhkəməsi Bakı şəhəri 13 mart 2026-cı il tarixdə Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə, X6 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə, X6 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, X2 və Cavabdeh2 müştərək qaydada 4.196 manat məbləğindəki maddi zərər, 70 manat məbləğindəki dövlət rüsumu, 300 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 4.566 manat pul tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçinin nümayaəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı hissəsindən imtina etdiyini və imtinanı nəzərə alaraq Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçıların Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı tələbi üzrə işin icraatına xitam veriməlidir. AR MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki işin başlanmasının əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. Yəni iddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etməklə cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən də bu tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhkəmə iddiaçılarının Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı tələbindən imtina etməsinin qanuna zidd olmamasını, hər hansı şəxsin hüquqlarını pozamasını nəzərə alaraq hesab edir ki, həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı başlanılmış işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.4, və 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə, X6 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçıların Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı tələblərindən imtinaları qəbul edilsin və iddia tələbinin Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı hissəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar