Məhkəmə qərarları › İş №e-2(5-104)-30/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-30/2026

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-30/2026 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 2255,41 (iki min iki yüz əlli beş manat, qırx bir qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 42,56 (qırx iki manat, əlli altı qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Kia Carnival” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Yasamal rayonu, MİDA Y/K ərazisində idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5785 (beş min yeddi yüz səksən beş) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Yasamal Rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Əkbərli X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 3529,59 (üç min beş yüz iyirmi doqquz manat, əlli doqquz qəpik) manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 2255,41 (iki min iki yüz əlli beş manat, qırx bir qəpik) manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-01-D-6784-2025 nömrəli məktubla cavabdeh X4 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 3 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan BB № 611890 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirilmə aktının surətindən görünür ki, “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 6785 (altı min yeddi yüz səksən beş) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun və onun əsasında qəbul olunmuş qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu MİDA y/k ərazisində “Kia Carnival” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 5785 (beş min yeddi yüz səksən beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan sığorta ödənişi aktının surətindən görünür ki, X1 “Kia” markalı, **-LK-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək 55000 manata sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu MİDA y/k baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Kia” markalı, **-LK-*** dövlət nömrə nişanlı avtomaşın “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. “Kia” markalı, **-LK-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Sığorta ödənişinin məbləği 3529,59 manat qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin bank hesabına 3529,59 (üç min beş yüz iyirmi doqquz manat əlli doqquz qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 15 dekabr 2025-ci il tarixli pretenziya məktubuna əsasən subroqasiya hüququna əsasən 2255,41 (iki min iki yüz əlli beş manat, qırx bir qəpik) manat məbləğin 3 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********53 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 42,56 (qırx iki manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" ASC sığortalı avtomobilə dəymiş zərərə görə 2255,41 (iki min iki yüz əlli beş manat qırx bir qəpik) manat sığorta ödənişini ödədiyinə görə, həmin məbləği subroqasiya qaydasında zərərvuran Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 2255,41 (iki min iki yüz əlli beş manat qırx bir qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 42,56 (qırx iki manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Lixiang L9 Ultra Plug-İn” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi ödənilmiş 2255,41 (iki min iki yüz əlli beş manat qırx bir qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 42,56 (qırx iki manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar