Məhkəmə qərarları › İş №e-2(5-155)-720/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-155)-720/2026

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-155)-720/2026 09.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı X2 cavabdehlər X7 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, imza səlahiyyəti, forma məzmun, rüsum, aidiyyət) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı X2 cavabdehlər X7 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və ailə üzvləri Cavabdeh2, X5 və X6 mülkiyyətində olan Xırdalan şəhər, M.Ə.Rəsulzadə küçəsi, ev c, mənzil 156 ünvanından çıxarılması, kirayə haqqı və kommunala görə 3000 manat pul borcunun, eləcə də mənzilə dəymiş ziyana görə 3000 manat pulunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir.

4. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.

5 . Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: “1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.”

Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

7. MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsinin məzmunundan və tələb hissəsindən görünür ki, iddia tələbi cavabdehlər X7, Cavabdeh2, X5 və X8 yönəlmişdir. Lakin iddiaçı iddia ərizəsinin “tərəflər” bölməsində iş üzrə tərəf olmayan şəxsləri (İddiaçı və Cavabdeh1) qeyd etmiş, ərizənin mətnində X5 və X9 cavabdeh kimi ümumiyyətlə qeyd etməmişdir.

9. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə hazırkı iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üzrə xüsusi tapşırıq almasını özündə əks etdirən vəkil orderi əlavə edilməmişdir.

10. Halbuki, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinin tələbi formal xarakter daşımır. Onun məqsədi vəkilin konkret bir iş üzrə, konkret bir məhkəmə instansiyasında fəaliyyət göstərmək üçün müvəkkilindən dəqiq tapşırıq aldığını təsdiq edir.Bu, həm müvəkkilin hüquqlarını qoruyur (vəkilin səlahiyyət həddinin aşmasının qarşısını alır), həm də məhkəməni əmin edir ki, təqdim edilən sənədlər həqiqətən səlahiyyətli şəxs tərəfindən imzalanmışdır.

11. Göründüyü kimi hazırkı iddia ərizəsi müvafiq tapşırıq almadan buna onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır.

12. Məhkəmə həmçinin qeyd ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz və ya dövlət rüsumu ödənilməsindən azad edilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd iddia ərizəsinə əlavə edilməmişdir.

13. Halbuki, qanunun qeyd olunan maddəsinin tələbindən göründüyü kimi hazırkı ərizənin verilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilməli idi.

14. İddiaçı istehlakçılarının hüquqlarının pozulmasına görə dövlət rüsumundan azad edilməsi barədə qanunvericiliyin tələblərinə istinad etsə də, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə müqavilə öhdəliklərindən yaranmış mənzilin boşaldılması və pul tələbi ilə bağlıdır.

15. İddiaçı mənzildən çıxarılma və pul tələbi ilə çıxış etdiyindən istehlakçılarının hüquqlarının pozulmasına görə dövlət rüsumundan azad edilməsi istisna olunur.

16. Məhkəmə onu da qeyd edir ki, daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyət qaydaları MPM-nin 39-cu maddəsində təsbit olunmuşdur. Həmin maddənin məzmununa görə isə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

17. İddiaçı cavabdehlərdən ona məxsus mənzildən çıxarılmalarını və kirayə haqqını tələb edir ki, hazırkı tələb adıçəkilən maddənin dizpozitiv şərtinə uyğun gəlir.

18. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra hazırkı iddia ərizəsi ilə müstəsna aidiyyət qaydalarına uyğun olaraq mübahisəli mənzilin yerləşdiyi yerə görə Abşeron Rayon Məhkəməsinə müraciət etməlidir.

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmalıdır.

20. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı X2 cavabdehlər X4 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı X3 izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur.

Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar