Məhkəmə qərarları › İş №e-2(5-163)-245/2026

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-163)-245/2026

23.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(5-163)-245/2026 23.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi İsaqlı Pərvanə Zakir qızı İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququna xitam verilməsi və dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqularının ləğv edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququna xitam verilməsi və dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqularının ləğv edilməsi” tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və X2 Tovuz şəhəri, Abulbəyli yaşayış sahəsində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarına xitam verilməsi və onların dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ( 149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İş materiallarından görünür ki, iddia tələbi aydın göstərilməmişdir. Belə ki, bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırda iddiaçı cavabdehlərin mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsini xahiş etsə də, qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməmiş, bununla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsi də mümkün olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X1 qarşı “mülkiyyət hüququna xitam verilməsi və dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqularının ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar