Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-270/2026 23.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı (nümayəndəsi və vəkili Vəkil) cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı icra vərəqəsinin icra öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək icra vərəqəsinin icra öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır.
4. Belə ki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia tələbi “icra sənədinin icra edilməməsi ilə bağlı müvafiq icra şöbəsinin üzərinə öhdəliyin qoyulması” ilə bağlıdır.
5. Məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlər mülki hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi mübahisələrin həllinə yönəlmişdir və bu icraat növündə məhkəmə tərəflər arasında mövcud olan hüquq və öhdəlikləri müəyyən edir, habelə həmin hüquqların pozulub-pozulmadığını araşdırır. Hazırkı halda isə iddiaçının irəli sürdüyü tələb tərəflər arasında yeni maddi-hüquqi mübahisənin həllinə deyil, artıq mövcud olan və qüvvəyə minmiş məhkəmə qərarının icrası mərhələsində icra orqanının hərəkətsizliyinin aradan qaldırılmasına yönəlmişdir. Bu isə mahiyyət etibarilə mülki iddia deyil, icra icraatından irəli gələn prosessual xarakterli mübahisədir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sistemli təhlilindən göründüyü kimi icra sənədlərinin icrası zamanı icra məmurunun hərəkətləri (hərəkətsizliyi) və qəbul etdiyi qərarlar mülki mühakimə icraatı qaydasında deyil, “məhkəmə və digər orqanların qərarlarının icrası” çərçivəsində mübahisələndirilir və icra münasibətlərinin özünəməxsus hüquqi təbiəti nəzərə alınmaqla xüsusi prosessual mexanizm - 8 indeks çərçivəsində araşdırılır.
7. Müvafiq iddia ərizəsi yalnız icra prosesinin qanunauyğunluğunun yoxlanılmasına yönəlmişdir və bu baxımdan onların mülki mühakimə icraatı qaydasında araşdırılması qanunvericiliyin məqsədlərinə uyğun deyildir və icra icraatı qaydasında araşdırılmalıdır.
8. Odur ki məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb predmeti mülki mühakimə icraatı qaydasında baxılmalı tələb olmadığından, iddia ərizəsinin qəbul edilməsi üçün prosessual əsaslar mövcud deyildir və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı (nümayəndəsi və vəkili Vəkil) cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək icra vərəqəsinin icra öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. **********95 nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı aidiyyəti üzrə məhkəməyə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova