Məhkəmə qərarları › İş №e-2(5-93)-373/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-373/2026

30.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-373/2026 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xalid Məmmədova qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xalid Məmmədova qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani, Ə.Nəvai, C.Xəndan və A.Gəraybəyli küçələrinin kəşisməsində yerləşən 36334 kv.m olan torpaq sahəsi üzərində yerləşən evlərin boşaldılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məmmədov Xalid və eləcə də onların hər birinin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılaraq həmin sahənin İddiaçı MTK-ya təhvil verilməsi və iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK-nın Bakı Şəhəri İcra Hakimiyyəti ilə bağladığı 28 avqust 2023-cü il tarixli, 1754 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” torpaq icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 56 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarxli yerqurulu planına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani, Ə.Nəvai, C.Xəndan və A.Gəraybəyli küçələrinin kəşisməsində yerləşən 36334 kv.m olan torpaq sahəsi 49 il müdddətinə İddiaçı MTK-ya icarəyə verilir. Müqavilənin 3-cü bəndinə əsasən icarəçinin torpaq sahəsindən təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq kimi hüquq və vəzifəsi vardır. Həmin müqavilənin 7-ci bəndinə əsasən 01 avqust 2023-cü il tarixindən etibarən həmin torpaq sahəsinin icarə haqqı 112228 (yüz on iki min iki yüz iyirmi səkkiz) manat 46 qəpik müəyyən edilmişdir. Lakin cavabdehlər Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailə üzvləri, Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 və onun ailə üzvləri, Xocavənd rayonundan məcburi köçkün Cavabdeh3 və onun ailə üzvləri, Ağdam rayonundan məcburi köçkün Məmmədov Xalid və onun ailə üzvləri müqavilə üzrə İddiaçı MTK-ya icarəyə verilmiş sahəni zəbt edərək orada məskunlaşmışdırlar. Cavabdeh1 363 m tikintialtı sahə və 637 m həyətyanı sahəni, Cavabdeh2 56.6 m tikintialtı sahə və 108.7 m həyətyanı sahəni, Cavabdeh3 196.31 m tikintialtı sahəni, Məmmədov Xalid isə 66 m tikintialtı sahəni zəbt etmişdir. Onlar orada məskunlaşdığı üçün İddiaçı MTK müqavilə əsasında ona icarəyə verilən torpaq sahəsində faktiki olaraq istifadə və sahiblik edə bilmir. Beləliklə, cavabdehlərin hərəkətləri nəticəsində İddiaçı MTK-nın qanuni hüquq və mənafeləri kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyə və qüvvədə olan torpaq icarə müqaviləsinə əsasən iddiaçıya 49 il müddətinə icarəyə verilmiş torpaq sahəsi üzərində sahiblik, istifadə və təsərrüfat aparmaq hüquqları cavabdehlər tərəfindən faktiki olaraq məhdudlaşdırılmışdır. Cavabdehlərin mübahisəli torpaq sahəsini özbaşına zəbt edərək orada məskunlaşmaları, iddiaçının torpaq sahəsindən təyinatı üzrə səmərəli istifadə etmək, tikinti və digər təsərrüfat fəaliyyəti aparmaq imkanını tam şəkildə istisna edir. Nəticə etibarilə İddiaçı MTK həm müqavilədən irəli gələn hüquqlarını, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə qorunan icarəçi kimi qanuni maraqlarını reallaşdıra bilmir, buna baxmayaraq müqaviləyə uyğun olaraq yüksək məbləğdə icarə haqqı ödəmək öhdəliyi onun üzərində qalır. Bu hal hüquqi baxımdan iddiaçının əmlak hüquqlarına müdaxilə olmaqla yanaşı, ədalətlilik, mülki dövriyyənin sabitliyi və müqavilə azadlığı prinsiplərinə də ziddir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması əsas vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani, Ə.Nəvai, C.Xəndan və A.Gəraybəyli küçələrinin kəşisməsində yerləşən 36334 kv.m olan torpaq sahəsinin icarəçisidir. Hazırda isə həmin torpaq sahəsində yerləşən ayrı-ayrı sahələrin zəbt olunduğunu iddia etdiyi bir neçə cavabdehin torpaq sahəsindən çıxarılmasını istəyir. Göründüyü kimi cavabdehlər birlikdə bir sahəni yox, hər biri ayrılıqda müxtəlif sahələri zəbt etmişlər. Odur ki, iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya nöqsanları aradan qaldırmaqla məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xalid Məmmədova qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz №**********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar