Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-32/2026 07.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 135,00 (bir yüz otuz beş) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddiaçının .... tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-in 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə borca pul verdiyini, lakin həmin məbləğin qaytarılmadığını qeyd edərək, həmin pul vəsaitinin qaytarılmasını tələb edir. Ancaq iddia ərizəsinə əlavə edilmiş “əlyazma”nın fotosurətindən görünür ki, qeyd edilən məbləğin nə vaxt qaytarılmalı olmaslı (öhdəliyinin icrası müddəti ilə) bağlı heç bir qeyd yoxdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə bu zaman kreditor öhdəliyin icrasını dərhal tələb edə bilər və öhdəlik borclu tərəfindən tələbetmə anından yeddi gün müddətində icra olunmalıdır. Yəni qüvvədə olan qanunvericiliyə görə, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmədən əvvəl qeyd olunan şərtə əməl etməli və bundan sonra mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədi də iddia ərizəsinə əlavə etməklə aidiyyəti məhkəməyə müraciət etməlidir. Ancaq hazırkı iddia ərizəsinə qeyd olunan qaydaya əməl edilməsini təsdiq edən sübut əlavə edilməmişdir. Bu da iddiaçı tərəfindən qanunvericiliyin tələbinə əməl edilmədən məhkəməyə müraciət edildiyini təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər nizama salınmasına əməl edilmədiyindən və müvafiq sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş xx.xx.2025-ci il tarixli, **********97 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 135 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1., 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********97 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 135 (bir yüz otuz beş manat) manat dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(5-95)-32/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-32/2026
07.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver