Məhkəmə qərarları › İş №e-2(5-97)-1022/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-97)-1022/2026

19.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-97)-1022/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrarkredit” QSC-nin iddiası üzrəCavabdeh MMC-nin apardığı və xx.xx.2025-ci il tarixli 0337 nömrəli məktubu ilə məhkəməyə göndərdiyi qiymətləndirmənin nəticələri haqqında hesabatında qiymətləndirilən obyektlərin dəyərinin yekun göstəriciləri əsassız olduğundan ləğv edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən,sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir24.3cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir; 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın: - 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. - 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. - 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. - 20-ci bəndinə əsasən: Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Göründüyü kimi qanunverici tərəflər arasında yaranmış mübahisənin qanuni həlini təmin etmək məqsədi ilə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və növü üzrə hissələrinin meyarını müəyyən etmişdir. Qeyd olunan meyyarlara uyğun məhkəmə aidiyyatının müəyyən edilməsi və işə aidiyyatı məhkmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır. Hazırki iş materiallarından görünür ki, iş üzrə tələb hüquqi şəxslər arasında qiymətləndirilmə hesabatının qanuniliyi ilə bağlıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya bazasından edilmiş çıxarışdan görünür ki, İddiaçı QSC BOKT (VÖEN: **********), habelə Cavabdeh MMC (VÖEN: **********) hüquqi şəxslər kimi qeydiyyata alınmışdırlar. Hər iki tərəf kommersiya hüquqi şəxsi olduğundan və onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından onlar arasında yaranan bu mübahisə həmin hüquqi şəxslərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericliyin tətbiqi üzrə xx.xx.2021-ci il tarixli 02/2021 nömrəli Qərardadında qeyd olunmuşdur ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, hazırkı iddia tələbinin predmeti Bakı Kommersiya Məhkəməsinin aktının icrası mərhələsində verilmiş qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektlərin dəyərinin yekun göstəricilərinin ləğv edilməsi ibarətdir. İş materialları ilə hərracın keçirilməsi müəyyən olunmur. Belə olan halda hazırda iddiaçı mübahisə predmeti olan hesabatı icra icraatı qaydasında hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında (8 indeksi ilə) mübahisələndirməlidir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 114, 152, 157-159, 163, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar səlahiyyətli məhkəməyə, qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsi üçün xx.xx.2026-cı il tarixli **********97 saylı qəbz nömrəsi əsasında ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı QSC BOKT-a geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar