Məhkəmə qərarları › İş №e-2(5-98)-28/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-28/2026

09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-28/2026 09.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Vəkillər X1nə, Vəkillər Kollegiyasına və X2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Vəkillər X1nə, Vəkillər Kollegiyasına və X2 qarşı “zərərin ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, vəkilin günahı üzündən iddiaçının kompensasiya almaq barədə hüquqlarının məhdudlaşdırılmasını əsas tutub Vəkillər Kollegiyası tərəfindən iddiaçıya ödəniləcək məbləğin ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2-1(102)-3662/2025 saylı mülki mübahisə ilə əlaqadar Bakı Apellyasiya Məhkəməsi iddiasını təmin etməyib həmin işdən kassasiya şikayəti etməkdən ötrü onun dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardar qəbul etmişdir. Vəkillər Kollegiyası tərəfindən iddiaçının məhkəmədə hüquqlarının qorunmasından ötrü 2 saylı vəkillər bürosundan vəkil Nəriman Əliyev cənabları təyin olunmuşdur. İddiaçı vəkilinə kassasiya şikayəti yazmaqdan ötrü etibarnamə vermişdir. Buna baxmayaraq, vəkil Nəriman Əliyev cənabları qanunla ona ayrılan müddəti ötürərək xx.xx.2025-ci il tarixi əvəzinə xx.xx.2025-ci il tarixində kassasiya şikayəti yazıb elektron poçtuna daxil etmişdir. İş üzrə kassasiya instansiyası 2-1(102)-3662/2025 tarixli qərarı ilə iddiaçı tərəfindən kassasiya şikayəti qeyd edilən xx.xx.2025-ci il tarixdən, şikayətin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətdə deyil, həmin müddət ötürüldükdən sonra, yəni 07.10. 2025-ci il tarixdə verildiyini əsas tutub şikayəti mümkünsüz hesab etmişdir. İşə əlavə olunmuş vəkilin haqqının dövlət tərəfindən ödənilməsinə dair hesabatdan görünür ki, o, xx.xx.2025ci ildə order almış, xx.xx.2025-ci il tarixdə işlə tanış olmuşdur. Kassasiya istansiyasında sözü gedən mülki mübahisə iddiaçının xidməti vəzifəsini yerinə yetirərkən sağlamlığına dəyən ziyana görə cavabdeh Daxili İşlər Nazirliyi qarşısında qaldırdığı axırıncı vəzifəsində aldığım məvacibin 50 misli (55.000 man) məbləğində kompensasiya idi. Beləliklə, vəkilin səhlənkarlığı nəticəsində Ali Məhkəmənin 2-1(102)-3662/2025 qərardarından şikayət etmə hüququ məhdudlaşdırılmışdır.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə:

4. Məhkəmə öncəliklə qeyd edir ki, elektron formada verilmiş iddia ərizəsinin “tərəflər: cavabdeh” qrafasında Azərbaycan Respublikası Vəkillər X1 göstərilsə də, ərizənin özünün başlıq hissəsində cavabdehlər qismində Vəkillər Kollegiyası və X4 qeyd olunmuşdur. Həmçinin ərizənin məzmununda və tələb hissəsində tələb Vəkillər Kollegiyasına yönəldilmişdir.

5. Bundan əlavə, iddia ərizəsi icraata götürülmədən iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə də həm Vəkillər Kollegiyası, həm də X4 cavabdeh qismində göstərilmiş, tələb hissəsində 35.000 manat məbləğində vəsaitin ödənilməsinin cavabdeh vəkil Nəriman Əliyevin üzərinə qoyulması xahiş edilmişdir. Məhkəmə həmin ərizəni də nəzərdən keçirib, prosessual qənaət prinsipindən çıxış edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

6. Məhkəmə izah edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən Vəkillər Kollegiyası qeyri-kommersiya hüquqi şəxsdir, Vəkillər X1 isə Kollegiyanın onu təmsil edən, onun adından çıxış edən və s. səlahiyyətlərə malik olan orqanıdır. Mülki prosessual qanunvericiliyə əsasən, fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Lakin, Rəyasət Heyəti Vəkillər Kollegiyasından ayrı, müstəqil şəkildə fəaliyyət göstərən bir qurum və ya orqan olmayıb, Vəkillər Kollegiyasının tərkib hissəsidir. Bu səbəblə, Vəkillər X1 müstəqil şəkildə cavabdeh qismində cəlb edilə bilməz.

7. İddia ərizəsinin nəticə hissəsinə münasibətdə isə bildirilir ki, iddiaçı ərizəsində həm Vəkillər Kollegiyasını, həm də vəkil X3 qeyd etsə də, vəkilin səhvi ucbatından dəymiş zərəri Vəkillər Kollegiyasından tələb etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, Vəkillər Kollegiyasına yönəlmiş tələbin əsasında bu qurum tərəfindən 2 saylı Vəkil Bürosundan vəkil Nəriman Əliyevin təyin olunması dayanır. Yəni, iddia ərizəsinin məzmununa əsasən Vəkillər Kollegiyasının cavabdehliyinin əsasında onun məhz dövlət hesabına təmin olunmuş vəkili təyin etməsi dayanmışdır ki, bu da iddiaçının qənaətinə görə onun şikayət hüququnun məhdudlaşmasına və ona zərər dəyməsinə səbəb olmuşdur. Hazırkı işdə bu təyinat məhkəmə qərarı əsasında qurumun üzərinə qoyulan vəzifə kimi çıxış etmişdir. Həmin qərardan irəli gələrək hansı vəkilin təyin olunması məsələsi isə Vəkillər Kollegiyasının səlahiyyətində olmuşdur. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçının kompensasiya tələbinin əsasında Vəkillər Kollegiyasının müstəsna şəkildə ona məxsus olan diskresion səlahiyyətlərindən irəli gələn hərəkətləri dayandığından, Vəkillər Kollegiyasına qarşı tələbə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır.

8. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın cavabdehlər Vəkillər X1nə və Vəkillər Kollegiyasına qarşı “zərərin ödənilməsi” tələbinə dair hissəsində yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

9. Cavabdeh X4 cavabdeh kimi qeyd olunsa da, iddia ərizəsinin nəticə hissəsində ona yönəldilmiş hər hansı bir tələb mövcud deyildir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə əsasən iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinin mülki-prosessual qanunvericiliyin tələbləri ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadığından iddianın cavabeh X2 qarşı “zərərin ödənilməsi” tələbinə dair hissəsində iddia ərizəsi geri qaytarılmalıdır.

10. Həmçinin, iddia ərizəsinə dəqiqləşmə ərizəsinə münasibətdə məhkəmə prosessual qənaət prinsipinə əsasən izah edir ki, bu ərizədə də iddiaçı hər iki tərəfi cavabdeh kimi göstərsə də, burada vəkilin səhvinə görə dəymiş zərəri məhz vəkilin özündən tələb etmişdir. Bu halda mülki iddia icraatı qaydasında müraciət yolverilən olsa da, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh X4 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə izah edir ki, iddiaçı cavabdeh qismində X3 göstərməklə, tələbi ona yönəltdiyi halda bunu nəzərə almalı və gələcəkdə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməlidir.

11. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: 9-cu maddə, İ və İV bəndlər. Vəkillər Kollegiyası qeyri-kommersiya hüquqi şəxsdir. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər X1, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanlarıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qaydada Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.

12. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi.

13. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2.3-cü maddə. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 153.2, 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir;

15. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin cavabdehlər Vəkillər X1nə və Vəkillər Kollegiyasına qarşı “zərərin ödənilməsi” tələbinə dair hissədə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, cavabdeh X2 qarşı olan hissədə isə geri qaytarılmalıdır. Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdehlər Vəkillər X1nə və Vəkillər Kollegiyasına qarşı “zərərin ödənilməsi” tələbinə dair hissədə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı cavabdeh X2 qarşı “zərərin ödənilməsi” tələbinə dair hissədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar