Məhkəmə qərarları › İş №e-2(5-98)-496/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-496/2026

06.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-496/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1rşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1rşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1rşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə iddiaçıların xüsusi mülkiyyətində olan mənzillərin yerləşdiyi ünvan 1 nömrəli binanın texniki zirzəmisinin satılmasına dair 11 saylı notariat ofisində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2, Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********-05301-083003 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli, **********1-05301-083004 reyestr nömrəli çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən binanın texniki zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi.

3. İddia ərizəsinin xahiş hissəsindən görünür ki, iddia tələbi cavabdehlər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışların ləğvi və müqavilənin predmeti olan daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılmasına yönəlmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddianın yönəldiyi cavabdehlərdən ikisi – Cavabdeh3 və Cavabdeh2 Yasamal rayonunda rəsmi qeydiyyatdadır. Hüquqi şəxs olan digər iki cavabdehdən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Suraxanı rayonunda, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 hüquqi ünvanı isə Yasamal rayonunda yerləşir.

4. Yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin əlaqəli maddələrində də qeyd edildiyi kimi, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir...

5. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçının seçməsinə görə aidiyyət, müstəsna aidiyyət, yaxud müqavilə aidiyyəti və s. istisna ərazi aidiyyəti qaydalarının tətbiqini zəruri edən hallar müəyyən edilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, mübahisəli əmlakın Nəsimi rayonu ərazisində yerləşməsi işə müstəsna aidiyyət qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğu mənasına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) ...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı).

6. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarına riayət edilmədən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

7. Son olaraq, məhkəmə onu da qeyd edir ki, İddiaçı3 tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

8. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

QƏRARA A L D İ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1rşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı3 qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar