Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-659/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərracın nəticəsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərracın nəticəsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.
1. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərracın nəticəsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 46-47-48 nömrəli mənzildə (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 57, M2, mənzil 6) cavabdeh "xxxx" tərəfindən keçirilmiş *6.*9.2*25-ci il tarixli, 1545*73618125742*8 saylı hərracın nəticələrinə dair protokolun etibarsız sayılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi.
3. İddia tələbindən görünür ki, tələb Cavabdeh1 sifarişi əsasında digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın nəticəsinə dair protokolun etibarsız hesab edilməsinə yönəlmişdir.
4. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-nin (VÖEN: 13*1654721) hüquqi ünvanı Yasamal rayonu ərazisində yerləşir. Digər cavabdeh isə Cavabdeh1dir.
5. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin əlaqəli maddələrində də qeyd edildiyi kimi, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir...
6. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçının yaşayış yerinə görə aidiyyət, müstəsna aidiyyət, yaxud müqavilə aidiyyəti və s. istisna ərazi aidiyyəti qaydalarının tətbiqini zəruri edən hallar müəyyən edilməmişdir. Belə olan halda mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş ümumi ərazi aidiyyəti qaydasında cavabdehlərdən birinin hüquqi ünvanı üzrə yerləşən məhkəmədə baxılmalıdır ki, bu da hazırkı işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını istisna edir.
7. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarına riayət edilmədən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
8. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 1** manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərracın nəticəsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu (16.*2.2*26-cı il tarixli, ***********9 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə İsmayılova