12.1. Mərkəzi Bankın icazəsi olmadan xarici bank Azərbaycan Respublikasında nümayəndəliyini aça bilməz.
12.2. Xarici bank yerli nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka ərizə ilə müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:
12.2.1. bankın nizamnaməsinin və nümayəndəlik açmaq barəsində səlahiyyətli orqanının qərarının surəti;
12.2.2. nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən səlahiyyətli idarəetmə orqanı göstərilməklə, bank, onun təşkilati strukturu və idarəetmə orqanları haqqında məlumat;
12.2.3. bankın mühüm iştirak paylarının sahiblərinin onlara məxsus səsli səhmlər payı göstərilməklə siyahısı;
12.2.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat;
12.2.4. bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
12.2.5. nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;
12.2.6. nümayəndəliyin inzibatçılarının peşəkar keyfiyyətləri və təcrübəsi, habelə məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;
12.2.7. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.
12.2-1. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
12.3. Mərkəzi Bank müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 12.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən etdikdə, onlar haqqında banka 10 təqvim günü müddətində yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
12.4. Xarici bankın nümayəndəliyin açılmasına icazə alınması üçün təqdim edilmiş müraciətin qəbul edilməsi barədə bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü müddətində Mərkəzi Bank bu Qanuna müvafiq olaraq müraciətə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank öz qərarının surətini müvafiq xarici banka göndərir.
12.5. Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra dövlət qeydiyyatı haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra Mərkəzi Bank ona icazə verir.
12.6. Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə biləcəyi işlərin xarakteri, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.