14.1. Bankların və xarici bankların yerli filiallarının etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, bank lisenziyası bu Qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənildikdə verilir:
14.1.1. bankın ilkin nizamnamə kapitalı və ya xarici bankın yerli filialının ilkin nizamnamə kapitalına bərabər tutulmuş vəsaiti Mərkəzi Bank tərəfindən ilkin müraciətin təsdiq edildiyi zaman müəyyən edilmiş miqdardan az deyildir və həmin vəsaitlərin mənbəyi məlumdur;
14.1.2. mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin və ya benefisiar mülkiyyətçilərin banka təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum deyildir;
14.1.3. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında münasibətlər Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır, təsisçi bankın və ya bank holdinq şirkətinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara səmərəli nəzarət həyata keçirilir, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları Mərkəzi Bank ilə əməkdaşlıq edəcəkdir;
14.1.4. benefisiar mülkiyyətçilər, mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda;
14.1.5. bankın və ya xarici bankın yerli filialının inzibatçıları bu Qanunun 10-cu və müvafiq hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir;
14.1.6. bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;
14.1.7. bankın və ya xarici bankın yerli filialının biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;
14.1.8. yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna olmaqla) törəmə strukturu deyildir;
14.1.9. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;
14.1.10. xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında ödəniləcəyinə təminat verir;
14.1.11. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və Mərkəzi Bank ilə həmin orqan arasında məsləhətləşmələrdən sonra müəyyən olunmuşdur ki, xarici banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu orqan tərəfindən konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;
14.1.12. təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;
14.1.13. bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;
14.1.14. təsisçilərin və ya yerli filial açan xarici bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;
14.1.15. bankın və ya xarici bankın yerli filialının lisenziyalaşdırılması üçün təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.
14.2. Yerli bankların xarici filiallarının və nümayəndəliklərinin və xarici bankların yerli nümayəndəliklərinin etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, onların açılmasına Mərkəzi Bank tərəfindən icazə bu Qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilir:
14.2.1. bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;
14.2.2. filialın və ya nümayəndəliyin inzibatçıları bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verir;
14.2.3. filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;
14.2.4.filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;
14.2.5.yerli bankın xarici filialının, nümayəndəliyinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı Mərkəzi Bank ilə qarşılıqlı əməkdaşlıq əsasında həmin filiala, nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.6.təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli nümayəndəliyin açılmasına icazə vermişdir və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.8. filial tərəfindən bank hesabları üzrə aparılan əməlliyyatlar təsisçi bankın hesabatlarında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir;
14.2.9. filialın və ya nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.
14.3. Bank lisenziyası və ya icazə alınması üçün ərizə rədd edildikdə müraciət edənlər Mərkəzi Bankın qərarını aldıqdan sonra Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər.