Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Bank lisenziyasının və ya icazənin ləğvi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Bankın və ya xarici bankın yerli filialının bank lisenziyasının ləğv edilməsi məsələsinə yalnız Mərkəzi Bank tərəfindən aşağıdakı əsaslardan biri olduqda baxılır:

16.1.1.bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;

16.1.2.xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;

16.1.3.bank müflis elan edildikdə;

16.1.4.lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;

16.1.5. bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank tərəfindən bankın və ya xarici bankın yerli filialının altı ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;

16.1.6.bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının (xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş vəsaitinin) miqdarı müvafiq olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda;

16.1.7.bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;

16.1.8.bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə, o cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;

16.1.9. bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;

16.1.10.bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

16.1.11.bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə və 14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;

16.1.12.Mərkəzi Bankın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;

16.1.13.yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin lisenziyası ləğv edildikdə;

16.1.14.bankın yenidən təşkili Mərkəzi Bankın icazəsi olmadan həyata keçirildikdə;

16.1.15.xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank onların törəmə banklarına və ya xarici bankın yerli filiallarına nəzarəti həyata keçirə bilmədikdə;

16.1.16. bilərəkdən Mərkəzi Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə;

16.1.17. sonuncu üç hesabat tarixinə Mərkəzi Banka aylıq hesabat təqdim edilmədikdə;

16.1.18. bank və ya xarici bankın yerli filialı bu Qanuna uyğun olaraq Mərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;

16.1.19. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planında nəzərdə tutulduqda;

16.1.20. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə.

16.2. Yerli bankın xarici filial və nümayəndəliklərinə, habelə xarici bankın yerli nümayəndəliklərinə verilmiş icazə yalnız Mərkəzi Bank tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:

16.2.1.icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;

16.2.2.bankın lisenziyası ləğv edildikdə;

16.2.3.bank müflis elan olunduqda;

16.2.4.bank ləğv edildikdə;

16.2.5.icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud Mərkəzi Bank yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;

16.2.6.bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində göstərilmiş hər hansı şərt yerinə yetirilmədikdə;

16.2.7. icazəni almış bank, filial və ya nümayəndəlik idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;

16.2.8. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

16.2.9. nümayəndəliyin və ya yerli bankın xarici filialının bağlanması haqqında qərar qəbul edildikdə;

16.2.9-1. nümayəndəliyə və ya yerli bankın xarici filialına xaricdə verilmiş icazə ləğv edildikdə;

16.2.10. yerli bankın xarici filialının və ya nümayəndəliyinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə.

16.3. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi qərarı haqqında banka Mərkəzi Bank tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver