26.1. Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın İdarə Heyətinin üzvü ola bilməz və səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.
26.4. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
26.5. İdarə Heyətinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.