Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40.1. Aşağıdakı hallarda banklar aidiyyəti şəxslərə kreditlər verə bilməzlər:

40.1.1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda;

40.1.1-1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı və ya bu Qanunun 25.1.9-cu maddəsinin tələbi nəzərə alınmaqla Mərkəzi Bankın müəyyən etdiyi limitlər və şərtlər daxilində İdarə Heyətinin qərarı olmadıqda;

40.1.2. kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;

40.1.3. kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.

40.2. Aidiyyəti şəxslərə kredit bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir. Bankın Müşahidə Şurasının və İdarə Heyətinin müvafiq qərarın lehinə səs vermiş üzvləri bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün məsuliyyət daşıyırlar.

40.3. Bankların aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.

40.4. Banklara aidiyyəti olan şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver