57.1. Aşağıdakı əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi hallarda Mərkəzi Bank ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edir:
57.1.1. bankın məcmu kapitalının miqdarı Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda;
57.1.2. bu Qanunun 57-11-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda;
57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda.
57.2. Bank bu Qanunun 47.5-ci, 48.1-ci və 49.2-ci maddələrinin tələblərini yerinə yetirmədikdə Mərkəzi Bank həmin banka müvəqqəti inzibatçı təyin etmək hüququna malikdir.
57.3. Banka müvəqqəti inzibatçı təyin edilməsi haqqında Mərkəzi Bankın qərarı bankın prudensial hesabatlarına, bankda aparılmış yoxlamanın nəticələrinə dair hesabata və ya kənar audit hesabatlarına istinad edilməklə əsaslandırılır. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyin olunma müddətinin uzadılması barədə qərarda onun haqqında məlumatlar və səlahiyyət müddəti göstərilir. Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Mərkəzi Bank müvəqqəti inzibatçının təyin edilməsi barədə qərarı qəbul etdikdən sonra dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.
57.4. Banka müvəqqəti inzibatçı təyin edildiyi gündən:
57.4.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır;
57.4.2. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir.
57.5. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb Mərkəzi Banka təqdim edir.
57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət Mərkəzi Bank tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:
57.6.1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;
57.6.2. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;
57.6.3. körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;
57.6.4. ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;
57.6.5. ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.
57.7. Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir.
57.8. Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə Mərkəzi Bankın ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər.