Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Baytarlıq preparatlarının qeydiyyatına və dövriyyəsinə dövlət baytarlıq nəzarəti

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Baytarlıq preparatlarının istehsalı, idxalı, ixracı, daşınması, satışı və tətbiqi dövlət baytarlıq nəzarətindədir.

18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq preparatlarını idxal və ixrac edə bilərlər. Qeydiyyatdan keçməmiş baytarlıq preparatları Azərbaycan Respublikasına sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş etdirilmək, elmi və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər.

18.3. Baytarlıq preparatlarının idxalı və ixracı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.4. Təbii fəlakət, güclü epizootiya təhlükəsi hallarında Azərbaycan Respublikasında qeydiyyata alınmayan baytarlıq preparatlarının idxalına onların istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə icazə verilir.

18.5. Baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir.

18.6. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarının baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir və dövlət baytarlıq nəzarəti altında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver