19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır:
19.0.1. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək;
19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem məhsullarını və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək;
19.0.3. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək;
19.0.4. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək;
19.0.5. istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək;
19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək;
19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək;
19.0.8. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq;
19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək;
19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək;
19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək;
19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək;
19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq;
19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək.