103.1. Cəzaçəkmə müəssisələrində, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, digər məhkumların bu müəssisələrin müdiriyyətinin nəzarəti altında fəaliyyət göstərən özfəaliyyət təşkilatları yaradılır.
103.2. Özfəaliyyət təşkilatlarının fəaliyyətində məhkumların iştirakı həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.
103.3. Özfəaliyyət təşkilatlarının əsas məqsədi aşağıdakılardır:
103.3.1. məhkumların islah edilməsinə, tərbiyəsinə, onların mənəvi və fiziki inkişafına köməklik göstərmək;
103.3.2. məhkumlarda müsbət vərdişləri inkişaf etdirmək və onların faydalı təşəbbüskarlığını həvəsləndirmək;
103.3.3. cəzaçəkmə müəssisəsində əməyin, məişət şəraitinin və asudə vaxtın səmərəli keçməsinin təşkili məsələlərinin həllində iştirak etmək;
103.3.4. məhkumlar arasında intizamı möhkəmləndirmək və onların bir-birinə qarşılıqlı müsbət münasibətlərini formalaşdırmaq;
103.3.5. məhkumlara və onların ailələrinə yardım göstərmək.
103.4. Özfəaliyyət təşkilatlarının üzvlərinə əlavə güzəştlər verilmir və onlar istehsalatda əsas işdən azad edilmirlər.
103.5. Məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.