182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.3. Bu Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə— on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.4. Bu Məcəllənin 182.1—182.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə — on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.