Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Maliyyə monitorinqi orqanı

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplayır və təhlil edir, təhlilin nəticələrini və digər zəruri məlumatları aidiyyəti dövlət orqanlarına (qurumlara) təqdim edir. Bu zaman maliyyə monitorinqi orqanı şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirir, şübhəli halların müəyyən edilməsi, o cümlədən risk qiymətləndirilməsinin aparılması məqsədilə taktiki və strateji təhlil metodlarından istifadə edir.

14.2. Maliyyə monitorinqi orqanı öz fəaliyyətində müstəqildir.

14.3. Maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyat barədə mənbəyi məlum olan məlumat və sənədlər aldıqda, həmçinin özünün apardığı strateji və taktiki təhlilin nəticəsi olaraq və ya üçüncü dövlətin sorğusu əsasında araşdırma məqsədilə müvafiq sorğu göndərməklə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərdən, nəzarət orqanlarından və dövlət orqanlarından (qurumlardan) məlumat və sənədlər almaq hüququna malikdir.

14.4. Maliyyə monitorinqi orqanı öhdəlik daşıyan şəxslərə sorğu göndərməklə bu sorğunun göndərildiyi gündən sonrakı 6 ayadək müddətə onlardan müəyyən meyarlar üzrə həyata keçirdikləri əməliyyatlar (əməliyyatın növü, xarakteri, şəxslər, ərazilər, məhsullar, çatdırılma kanalları və sair) barədə məlumatların təqdim edilməsini sorğu edə bilər. Bu müddət maliyyə monitorinqi orqanı tərəfindən 6 ayadək yenilənə bilər.

14.5. Maliyyə monitorinqi orqanı öz informasiya sistemini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) informasiya sistemlərinə (ehtiyatlarına) inteqrasiya edərək bu Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan məlumatları elektron qaydada sorğu əsasında almaq hüququna malikdir. Maliyyə monitorinqi orqanının qeyd olunan informasiya sistemlərindən (ehtiyatlardan) əldə etdiyi məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

14.6. Maliyyə monitorinqi orqanı təqdim olunmuş məlumatların məxfiliyini və yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadəsini təmin etməli, habelə bu məlumatların təhlükəsizliyinin təmin olunması sistemini təşkil etməlidir.

14.7. Maliyyə monitorinqi orqanı maliyyə institutları tərəfindən bu Qanunun tələblərinin sistemli pozulmasına dair məlumatlar əldə etdikdə, bu barədə məlumatı qanunvericiliklə müəyyən edilmiş məsuliyyət və digər tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti nəzarət orqanına təqdim edir. Nəzarət orqanı ona təqdim edilmiş məlumatlar üzrə həyata keçirilmiş tədbirlər barədə maliyyə monitorinqi orqanına məlumat verir.

14.8. Maliyyə monitorinqi orqanı qeyri-maliyyə institutları və peşə sahibləri, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə riayət edilməsi vəziyyətinə dair özündə olan, o cümlədən sorğu əsasında nəzarət orqanları və öhdəlik daşıyan şəxslərdən əldə etdiyi məlumatları təhlil edərək aşağıdakı tədbirləri görə bilər:

14.8.1. sahəvi risk qiymətləndirilməsi həyata keçirərək nəticələrini müvafiq nəzarət orqanına təqdim edə bilər;

14.8.2. qeyri-maliyyə institutları və peşə sahiblərinin müraciətləri əsasında onların leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət sisteminin kənar qiymətləndirilməsini apara bilər;

14.8.3. müvafiq nəzarət orqanlarının müraciəti əsasında qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən bu Qanunun tələblərinə riayət edilməsi vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan yoxlamalarda müşahidəçi və ya ekspert qismində iştirak edə bilər;

14.8.4. nəzarət orqanı tərəfindən müvafiq yoxlamanın aparılmasını, qanunvericilikdə müəyyən edilmiş (təsir, təshih və s.) tədbirlərin görülməsini, sanksiyaların tətbiq edilməsini təklif edə bilər.

14.9. Nəzarət orqanları bu Qanunun 14.8.4-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və ya bu tədbirlərin həyata keçirilməsindən imtina edilməsi barədə maliyyə monitorinqi orqanına məlumat verir. Maliyyə monitorinqi orqanının təklifi ilə nəzarət orqanı tərəfindən qeyri-maliyyə institutları və peşə sahiblərində müvafiq yoxlamalar həyata keçirildikdə yoxlamanın nəticələrinə dair məlumatı nəzarət orqanı maliyyə monitorinqi orqanına təqdim edir.

14.10. Maliyyə monitorinqi orqanı aparılmış təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətlərini müəyyən etdikdə bu barədə məlumat və sənədləri dərhal istintaq aidiyyəti üzrə cinayət təqibi orqanına təqdim etməlidir.

14.11. Maliyyə monitorinqi orqanı bu Qanuna uyğun olaraq məlumat və sənədlərin ona təqdim edilmə qaydasına, müştəri uyğunluğu tədbirlərinə, daxili nəzarət proqramına, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, öhdəlik daşıyan şəxslərin, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin geriyə məlumatlandırma proseduruna dair normativ xarakterli aktlar qəbul edir.

14.12. Maliyyə monitorinqi orqanının səlahiyyətləri bu Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Nizamnamə ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver