Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Nəzarət orqanları

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Nəzarət orqanları öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən aşağıdakı orqanlardan (qurumlardan) ibarətdir:

16.1.1. maliyyə institutlarına münasibətdə – Azərbaycan Respublikasının Mərkəzi Bankı;

16.1.2. rieltorlar, kazino oyunlarının təşkilatçıları və operatorları, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

16.1.3. notariuslara və qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

16.1.4. dini qurumlara münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

16.1.5. vəkillərə münasibətdə – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası;

16.1.6. auditor xidməti göstərən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Auditorlar Palatası.

16.2. Nəzarət orqanları öhdəlik daşıyan şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə münasibətdə apardıqları yoxlamalar zamanı bu Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun gələn əməliyyatları araşdırmalı və bu cür əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına göndərilmədiyini aşkar edərsə, dərhal həmin məlumat və sənədlərin maliyyə monitorinqi orqanına göndərilməsini təmin etməli və məlumat və sənədlərin təqdim edilməməsinin səbəblərini araşdırmalıdır. Eyni zamanda, nəzarət orqanları nəzarət etdikləri bütün subyektlərin əməliyyatlarında bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş halların əsaslarını araşdırmalı və bu cür əsaslara malik əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

16.3. Nəzarət orqanları öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməməsini aşkar edərsə, onlara qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri tətbiq etməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verməlidir. Bu Qanunun tələblərinin öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada həmin fəaliyyəti həyata keçirmək hüququ verən lisenziyanın, icazənin, qeydiyyatın, şəhadətnamənin və (və ya) üzvlüyün dayandırılması və ya ləğv edilməsinə səbəb olur.

16.4. Nəzarət orqanları nəzarət yoxlamalarını müəyyən edilmiş, habelə sahəvi və ölkə səviyyəsində mövcud olan risklərə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada həyata keçirməlidirlər. Maliyyə qruplarına (holdinqlərə) münasibətdə yoxlamaların həyata keçirilməsinin dövriliyi və intensivliyi həmin maliyyə qruplarının (holdinqlərin) səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilməlidir.

16.5. Ödəniş təşkilatlarına və elektron pul təşkilatlarına münasibətdə bu Qanunun tələbləri Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver