Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Vətəndaş qüsursuzluğu ilə bağlı tələblərə riayət edilməsinə nəzarət

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Nəzarət orqanları öhdəlik daşıyan şəxslərin bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə riayət etməsinə nəzarəti təmin etməlidirlər.

17.2. Vətəndaş qüsursuzluğu ilə bağlı tələblər dedikdə, aşağıdakı şəxslərin öhdəlik daşıyan şəxslərdə mühüm iştirak payına sahib olmasına və ya benefisiar mülkiyyətçi olmasına, habelə öhdəlik daşıyan şəxslərdə idarəetmə funksiyalarını yerinə yetirməsinə yol verilməməsi başa düşülür:

17.2.1. mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində qəsdən törədilmiş cinayətə, yaxud istənilən qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə məhkumluğu olan şəxs;

17.2.2. məhkəmə qərarı ilə iqtisadi sahədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs;

17.2.3. “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə və “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş fəaliyyətləri həyata keçirmək üçün zəruri olan digər tələblərə cavab verməyən şəxs.

17.3. Bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərlə yaxın münasibətdə olan şəxslər (araşdırma nəticəsində ortaq maraqlara malik olduqları müəyyən edilmiş şəxslər) onlar arasında hər hansı cinayətkar sövdələşmənin olmadığı yoxlamalar nəticəsində aşkar edildikdən sonra öhdəlik daşıyan şəxslərdə mühüm iştirak payına sahib ola və ya benefisiar mülkiyyətçi ola, habelə öhdəlik daşıyan şəxslərdə idarəetmə funksiyalarını yerinə yetirə bilərlər. Nəzarət orqanları həmin şəxslər arasında cinayətkar sövdələşmənin olub-olmamasını müəyyən etmək üçün mütəmadi olaraq araşdırma aparmalıdırlar.

17.4. Nəzarət orqanları öhdəlik daşıyan şəxslərin fəaliyyətinə lisenziya və ya icazə verilərkən və ya fəaliyyətə başlamaları üçün onları qeydiyyata alarkən öhdəlik daşıyan şəxsin benefisiar mülkiyyətçisini müəyyən etməli, qeydiyyat, icazə və lisenziyalaşdırma prosesində, habelə öhdəlik daşıyan şəxsin sahibliyində və idarəetmə strukturunda baş vermiş sonrakı dəyişikliklərdə bu Qanunun 17.2-ci maddəsinin tələblərinə əməl edilməsinə mütəmadi olaraq nəzarət etməlidirlər.

17.5. Bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə, habelə həmin şəxslərlə yaxın münasibətdə olan şəxslərə münasibətdə “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə əlavə məhdudiyyət və qadağalar müəyyən edilə bilər.

Qeyd: Bu maddədə mühüm iştirak payı dedikdə fəaliyyəti “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında”, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən maliyyə institutları üçün həmin qanunlarla müəyyən edilmiş mühüm iştirak payı nəzərdə tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver