22.1. Beynəlxalq əməkdaşlıq dedikdə sorğu əsasında və ya öz təşəbbüsü ilə səlahiyyətli orqanla məlumat və sənədlərin monitorinq, nəzarət, araşdırma, əməliyyat, istintaq və digər məqsədlər üçün mübadiləsi nəzərdə tutulur. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya predikativ cinayətlərin təhlili, araşdırılması və istintaqı məqsədilə maliyyə monitorinqi orqanı, nəzarət orqanları, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə istintaq aidiyyəti üzrə cinayət təqibi orqanları qanunla qorunan sirlər də daxil olmaqla (dövlət və bu Qanunun 13.2-ci maddəsində müəyyən edilmiş peşə sirri istisna olmaqla) bütün növ məlumat və sənədlərin sorğu əsasında və ya öz təşəbbüsü ilə Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici tərəfdaşları ilə mübadiləsini həyata keçirirlər.
22.2. Monitorinq orqanları arasında məlumat mübadiləsi Maliyyə monitorinqi orqanlarının Eqmont Qrupunun “Məlumat mübadiləsi prinsipləri”nə əsaslanmaqla maliyyə monitorinqi orqanına təqdim edilən, maliyyə monitorinqi orqanının daxili məlumat bazalarında saxlanılan, maliyyə monitorinqi orqanının çıxışı olduğu informasiya resursları üzrə, habelə maliyyə monitorinqi orqanının sorğu əsasında əldə etdiyi bütün məlumat və sənədlərin mübadiləsini əhatə edir.
22.3. Nəzarət orqanları arasında məlumat mübadiləsi müvafiq sahəni tənzim edən məlumat və sənədlərin (ölkə üzrə normativ tənzimetmə sistemi, maliyyə sektoru üzrə ümumi informasiya və s.), prudensial tələblərin (maliyyə institutlarının işgüzar fəaliyyətləri, benefisiar mülkiyyətçi, idarəetmə, vətəndaş qüsursuzluğu və s.), eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məlumat və sənədlərin (daxili nəzarət proqramı, müştəri uyğunluğu tədbirləri, müştəri məlumat və sənədləri, hesab nümunələri və əməliyyatlar barədə məlumat və sənədlər və s.) mübadiləsini əhatə edir.
22.4. Cinayət təqibi orqanları arasında beynəlxalq əməkdaşlıq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya predikativ cinayətlərə dair araşdırma, əməliyyat və istintaq məlumat və sənədlərinin mübadiləsini, cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsini əhatə edir.
22.5. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması sahəsində məlumat mübadiləsi bəyan edilmiş, düzgün bəyan edilməmiş və ya bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və predikativ cinayətlərin əlamətlərinin aşkar edilməsinə dair əməkdaşlıq tədbirlərini əhatə edir.
22.6. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş orqanlar (qurumlar) xarici tərəfdaşların sorğularının icrası zamanı məlumat və sənədlərin toplanmasını və sorğuların verilməsini özlərinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini icra edərkən apardıqları təhlillər, araşdırmalar və istintaq zamanı məlumat və sənədlərin toplanması və sorğuların verilməsi ilə eyni səlahiyyətlər çərçivəsində icra edirlər.
22.7. Məlumat xarici dövlətin müvafiq səlahiyyətli orqanına o şərtlə verilir ki, həmin məlumatdan sorğuda göstərilməyən məqsədlər üçün istifadə olunmayacaqdır. Həmin məlumat və sənədlərdən digər məqsədlər üçün istifadə yalnız məlumat və sənədləri təqdim edən tərəfin yazılı icazəsi ilə mümkündür.
22.8. Beynəlxalq əməkdaşlıq çərçivəsində cinayət təqibi orqanları xarici tərəfdaşları ilə birgə araşdırmaların (xüsusi istintaq texnologiyalarından istifadə edilməsi də daxil olmaqla) aparılması, habelə müvafiq əməkdaşlıq çərçivələrinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görə bilərlər.
22.9. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş orqanlar (qurumlar) bu Qanunun 22-ci maddəsinin tələbləri çərçivəsində həmin orqanlara (qurumlara) münasibətdə xarici dövlətin birbaşa tərəfdaş olmayan orqanları (qurumları) ilə məlumat mübadiləsi həyata keçirə bilərlər.
22.10. Məlumat mübadiləsi mübadilənin təhlükəsizliyi təmin edilən kanal vasitəsilə, sorğuların prioritetləşdirilməsi qaydasında və ağlabatan müddətdə həyata keçirilməlidir. Məlumat mübadiləsi həyata keçirilən zaman xarici tərəfdaşlardan əldə edilən məlumat və sənədlər məxfi və ya konfidensial saxlanılır, qanunla qorunan sirlərə bərabər tutulur. Məxfiliyin və ya konfidensiallığın pozulmasına dair əsaslar sorğunun icrasından imtinaya səbəb olur.
22.11. Bu Qanunun 22.1-ci maddəsində qeyd edilən orqanlar (qurumlar) aşağıda qeyd edilən halları əsas gətirərək sorğunun cavablandırılmasından imtina edə bilməzlər:
22.11.1. sorğunun maliyyə xarakterli məsələləri ehtiva etməsi;
22.11.2. qanunvericiliyin öhdəlik daşıyan şəxslərə münasibətdə sirr rejimini tətbiq etməsi (sorğu edilən məlumat və sənədlərin dövlət sirri və ya bu Qanunun 13.2-ci maddəsində müəyyən edilmiş peşə sirri olması halları istisna olmaqla);
22.11.3. sorğu edilən məsələ ilə bağlı ölkədə cinayət təqibinin həyata keçirilməsi (sorğunun cavablandırılmasının cinayət təqibinin həyata keçirilməsinə maneə yaratması halları istisna olmaqla);
22.11.4. sorğu edən orqanın (qurumun) səlahiyyətləri və statusunun (mülki, inzibati, cinayət təqibi və s.) sorğu edilən orqanın (qurumun) səlahiyyətləri və statusundan fərqlənməsi.